İRƏVAN QARIŞIR, BAKI NƏ ETMƏLİDİR? - "Xankəndinə nəzarətin bərpası məqsədilə hərəkətə keçməliyik”

5-05-2022, 14:26   






Aprelin 4-dən başlayaraq Ermənistanda keçmiş siyasi elitanın (eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan) rəhbərlik etdiyi müxalif qüvvələr Ermənistanın paytaxıtnda və bölgələrində fasiləsiz aksiyalara başlayıb. Son günlər etirazlar zorakılıq müstəvisinə keçib, xüsusən İrəvanda polislə toqquşmalar nəticəsində yüzlərlə aksiya iştirakçısı saxlanıb.
Bu aksiyalar 2018-ci ildə Ermənistanda baş vermiş "məxməri inqilab"ın təkrarlanmasına gətirib çıxara bilərmi?
Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, vaxtı ilə N.Paşinyanın “əyalətdən paytaxta yürüş” metodundan istifadə edən müxaliflər “məxməri inqilaba” hələlik nail ola bilməsələr də, etirazlar davam edir: "Bu aksiyaların tezliklə dayanması gözlənilmir. Bu mitinqlər Qarabağ şüarları ilə keçirilsə də, əsas hədəf hakimiyyət uğrunda mübarizədir. Etirazlar müharibədən sonra da olmuşdu və həmin vaxt növbədənkənar seçkilər keçirildi, amma Nikolu yıxa bilmədilər".
Maraqlıdır, seçkinin ili tamam olmamış müxalifət nədən tənqid ritorikasını dayandırıb, “istefa sevdasına” düşdü?
Ekspert qeyd edir ki, hər şey Brüssel görüşündən başladı. Onun sözlərinə görə, Avropa İttifaqının iki ölkə arasında sülh müqaviləsinin bağlanması təşəbbüsü, moderatorluğu ələ alması Kremldə sadəcə qısqanclıqla deyil, qəzəblə qarşılandı.
"Bu qəzəbin küləyi bu günlər İrəvanın “Fransa” meydanında əsdirilir, - İ.İsmayıl vurğulayır.
Rusiyanın tam miqyasla dəstəklədiyi bu etirazlar Paşinyan hakimiyyətinin devrilməsi ilə nəticələnə bilərmi?
Bu suala cavabında ekspert deyir ki, hələlik, etiraz edənlərin ən azı kütləvilik baxımından böyük miqyasda olmaması və hakimiyyətin mitinqçilərə sərt reaksiyasından, bu, real görünmür: "Üstəlik, Moskvanın təzyiqləri fonunda Paşinyan hakimiyyəti Qərblə əlaqələrini bu günlərdə daha da genişləndirib. Xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqton səfəri, dövlət katibi Entoni Blinkenlə səmimi görüşləri, Vyanada Türkiyə-Ermənistan danışıqlarının növbəti raundunun başlaması göstərir ki, rəsmi İrəvan Moskvanın təzyiqlərinə rəğmən Qərblə əlaqələrini arxa plana atmaq fikrində deyil. Xüsusilə, Vaşinqton görüşünü yüksək qiymətləndirən A.Mirzoyanın sosial şəbəkədə “ABŞ Dövlət katibi Entoni Blinkenlə çox məhsuldar görüş keçirdiyini” və “ABŞ ilə güclü tərəfdaşlığımızı bir daha təsdiqləyirəm” yazması göstərir ki, Rusiyanın təzyiqlərinə baxmayaraq Qərblə tərəfdaşlıq etməkdən çəkinmirlər və bununla, hakimiyyətlərini də qorumaq iqtidarında olduqları mesajını vermiş olurlar".

İ.İsmayılın sözlərinə görə, mövcud situasiya dəyişməyəcəyi halda, sərhədlərin müəyyənləşməsi və iki ölkə arasında sülh müqaviləsi bağlanmasının yol xəritəsi, detallarına qədər bilinməsə də, hər iki tərəfə məlumdur.
"Burada sadəcə zamanın süni şəkildə uzadılmasına imkan vermək olmaz",- o qeyd edir.
Bəs, Paşinyanın istefası reallaşarsa, hadisələrin inkişafı necə ola bilər? Azərbaycan yeni legitim hakimiyyətin formalaşmasını gözləməlidirmi?
Ekspert bildirir ki, dünənki mitinqdə hakimiyyət dəyişikliyi olarsa, “etimad höküməti” yaranacağı və uzun müddət fəaliyyət göstərəcəyi elan edilib. "Bu, aylarla davam edə bilən siyasi prosesdir və yeni hakimiyyətin siyasi kursu təbii ki, Paşinyanın mövqeyindən tamamilə fərqlənəcək. Amma, bizim üçün fərqi olmamalıdır. Azərbaycan ən qısa zamanda Xankəndi və ətrafında dövlət nəzarətini bərpa etmək məqsədilə hərəkətə keçməlidir. Bu gün Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərimizdə Azərbaycan üçün təhlükə yarandığını və tezliklə erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılıb, paralel olaraq Daxili Qoşunların Xankəndi və ətrafında yerləşdirməsinin zəruriliyi Rusiya dövlətinin diqqətinə çatdırılmalıdır. Rusiya Azərbaycanın bu tələbini əslində normal qarşılamalıdır, çünki özü də Ukraynanın ərazisinə təhlükənin qarşısını almaq məntiqilə hücum edib. Amma, bizim fərqimiz ondadır ki, Rusiya kimi özgə ərazisinə deyil, beynəlxalq hüqula tanınmış ərazilərimizi işğaldan azad etmək üçün qabaqlayıcı tədbir görürük".
İlham İsmayıl hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi oldu, ya olmadı, Azərbaycanın tezliklə Xankəndi və ətrafına dövlət nəzarətini bərpa etmək hədəfini ləngidə bilməz. Onun sözlərinə görə, bu gün Ermənistanda hakimiyyət uğrunda mübarizə edən Koçaryan və tərəfdarları açıq şəkildə revanşizmi məqsəd elan edirlər: "Sülhün silahla diqtə olunacağını, ordunu müasir silahlarla qurub, güc nümayiş etdirməklə “artsaxı xilas” edəcəklərini və guya bununla da “ləyaqətli sülhə” nail olcaqlarını səsləndirirlər. Separatçı rejim liderlərinin “artsax heç vaxt Azərbaycanın tərkibində omayacaq” şüarlarını son vaxtlar daha ardıcıl şəkildə vurğulamaqları yalnız Moskvadan aldıqları tapşırıqların nəticəsidir. Azərbaycan diplomatiyası həm Ermənistanda baş verənləri, həm də separatçı rejim liderlərinin Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş çağırışlarını təhlükə mənbəyi elan edib, sülh müqaviləsini sürətləndirmək üçün bütün diplomatik vasitələrdən istifadə etməlidir. Nəzərə alaq ki, bu istiqamətdə beynəlxalq dəstəyə malikik, sülh müqaviləsinin tezliklə bağlanması Qərbin də marağındadır".
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.