İqtidarla müxalifəti danışıqlara səsləyən Levon Ter-Petrosyan: "Təslim olan Paşinyan deyil, Ermənistandır"

6-05-2022, 11:02   


Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı və keçmiş prezidentlər Robert Koçaryanla Serj Sarkisyanı mövcud daxili siyasi böhrandan çıxış yolu tapmaq üçün bir araya gəlməyə çağırıb.
Şəklin alt yazısı,Levon Ter-Petrosyan: "Təslim olan Paşinyan deyil, Ermənistandır"

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanı və keçmiş Prezidentlər Robert Koçaryanla Serj Sarkisyanı mövcud daxili siyasi böhrandan çıxış yolu tapmaq üçün bir araya gəlməyə çağırıb.

"Paşinyanın yerinə kim olur olsun - Robert Koçaryan, Serj Sarkisyan ya da lap İşxan Sağatelyan, - Ermənistanın boynuna qoyulan istənilən qərarı itaətlə qəbul edərdi", - Ermənistanın birinci Prezidenti rəhbərlik etdiyi Erməni Milli Konqresinin internet nəşrində dərc olunmuş məqaləsində yazıb.

Ter-Petrosyan hesab edir ki, "mövcud daxili siyasi qarşıdurma" Ermənistanın gələcək ağır danışıqlarda mövqeyini daha da zəiflədir.

"Kompromislərdən imtina və status-kvo vəziyyətinin qorunub saxlanması siyasətinin milli fəlakətə gətirdiyini sübut etməyə ehtiyac yoxdur və fəlakətdən sonra bunu hətta bu siyasətin keçmiş tərəfdarları da etiraf edir. Lakin eyni zamanda özlərinə haqq qazandırmaq üçün çoxları sübut etməyə çalışırlar ki, bu, kompromis yolu seçildiyi təqdirdə də baş verərdi. Bu, özünü təmizə çıxarmaq, çarəsiz cəhddən başqa bir şey deyil və qətiyyən sübut edilən deyil, çünki tarix felin şərt şəklini sevmir", - Levon Ter-Petrosyan deyib.


Onun sözlərinə görə tarix artıq baş vermiş olanı həkk edir. Odur ki, Qarabağ probleminin güzəştli həllinin əleyhdarları olan dövlət xadimləri, partiya rəhbərləri, ziyalılar öz milli fəlakət kəsb edən əməllərini hansısa manipulyasiya ilə təmizə çıxarmağa çalışsalar da, gec-tez tarixin məhkəməsi ilə üzləşəcəklər, bundan hələ heç kəs qaça bilməyib.

Ermənistanın birinci Prezidenti bildirib ki, problemin güzəştli həllinin əleyhdarları öz əməllərini dərk etmədikcə Ermənistanda və Qarabağda mövcud böhranı daha da dərinləşə bilər.

Levon Ter-Petrosyan hazırkı daxili siyasi qarşıdurmanın gözlənilən çətin danışıqlarda Ermənistanın mövqeyinin zəiflətdiyini bildirir. Belə olan halda bugünkü müxalifətin əsas məqsədinin aydın olmadığını vurğulayır.

O, Serj Sarkisyanın Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı "kapitulyant" (təslimçi) adlandırdığını xatırladır və bu "damğanın ola bilsin dəqiq, lakin natamam" olduğunu qeyd edir.

"Əslində təslim olan Paşinyan deyil, Ermənistandır. Nikol Paşinyan sadəcə Ermənistanın kapitulyasiyası haqqında bəyanatı imzalayıb. Odur ki, Paşinyanın yerində kim olursa olsun - istər Robert Koçaryan ya Serj Sarkisyan, ya da bu günlərdə Paşinaynın istefası tələbi ilə keçirilən etiraz aksiyalarının təşkilatçılarından biri İşxan Sağatelyan, - Ermənistanın boynuna qoyulan istənilən qərarı itaətlə qəbul edərdi", - Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, problem Ermənistan rəhbərinin şəxsiyyətində deyil.


"Bu adi həqiqət dərk edilməsə, ölkəmizin daxili siyasi sarsıntıları davam edərsə, yekun sənədin Paşinyan və ya başqa kiminsə tərəfindən imzalanmasından asılı olmayaraq, bizə məcbur edilən qərarlar daha da ağrılı olacaq", - Ter-Petrosyan bildirib.

"Sual olunur: mövcud müxalifət liderləri bunu dərk edirlərmi? Onlar bunu dərk etmirlərsə, deməli, onlar siyasətdən heç bir şey anlamırlar. Əgər dərk edir, lakin daxili siyasi sarsıntıları davam etdirirlərsə, onda onların məqsədi, milli maraqlara aidiyyatı olmayan, tamamilə başqa şeydir. Mövcud hakimiyyət tərəfindən müxalifətin nümayiş, yürüş və mitinqlərinə qarşı sərt hərəkətlərinin də milli maraqlara heç bir aidiyyatı yoxdur. Ümidsiz nikbin olaraq, necə olsa da, gözləyirəm ki, qarşıduran tərəflər nəhayət mövqelərinin yalnışlığını dərk edər və vəziyyəti daha da mürəkkəbləşdirməmək və yeni təhlükələrdən yayınmaq üçün hər hansı bir razılığa gəlməyə çalışarlar", - Levon Ter-Petrosyan yazıb.

O yazıb ki, əgər ziyalıların təmsilçiləri həqiqətən vətənpərvərlik fəaliyyəti göstərmək istəyirlərsə, "qoy, Nikol Paşinyanı, Robert Koçaryanı, Serj Sarkisyanı bir masa arxasında toplaşıb, daxili siyasi böhrandan çıxış tapmağa məcbur etsinlər".


Ermənistan müxalifəti Nikol Paşinyanı Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini tanıyaraq, güzəştə getməyə hazır olmaqda ittiham edir və aprelin sonundan onun istefası tələbi ilə fasiləsiz etiraz aksiyaları keçirir.

Hakimiyyət müxalifətin tələbini rədd edir və Baş nazirin istefası tələbinin geniş ictimaiyyət tərəfindən dəstəklənmədiyini bildirir.

Son zamanlar Azərbaycan və Ermənistan liderləri arasında Rusiya və Aİ-nin vasitəçiliyi ilə bir sıra görüşlər təşkil olunub. Aprelin 6-da Brüsseldə keçirilən görüşdə tərəflər sülh sazişi üzərində işləməyə razılaşıblar.

BBC.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.