Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinin qara gələn 9 Mayı: iflasın təntənəsi ilə məğlubiyyət paradı - Zelenski davam deyir...

12-05-2022, 09:11   



Rusiyada 9 May paradını "Taun vaxtı qonaqlıq" da adlandırmaq olardı. "Z" ordusu Ukraynada darmadağın edilir, hər keçən gün ruslar canlı və texnika sarıdan itki verir, ali baş komandan Putin isə heç nə olmamış kimi parad keçirir, bayram edir, hikkəsini gizlədə bilmir. Rusiyanın ilk belə qara gələn bayram paradı idi ki, tribunada Putin dilxor, qayğılı görünürdü. Rusiya lideri Ukrayna müharibəsi haqda da lakonik danışdı və hiss olunurdu ki, deməyə sözü yoxdur. Amma demədikləri daha çox idi və üzündən yağırdı. Hərgah fevralda qondarma Donetsk və Luqansk respublikalarını tanıdığını efirdən bəyan edərkən çox arxayın görünürdü, Ukraynada dövlətçilik ənənələrinin olmadığı əminliklə söyləyir və bu ölkəni aşağılayırdı. Lakin paradda bir kəlmə kəsdi - milli təhlükəsizliyimizə təhdid var idi və hərbi əməliyyatlara başlamağa məcbur idik. Anaxeber.info yazır ki, Putinin paradda qanıqara göründüyü aşkar sezilirdi və ordunun uğursuzluğa düçar olduğunu özü də hiss etdirirdi. Hanı qüdrətli rus ordusu? Nə oldu, Kiyevi 72 saata alırdın, Putin? Hansı hərbi zəfər əldə edilib? Xerson və Mariupolun nəzarətə götürülməsi nəticə sayılırsa, 77 gün ərzində buna nail olmaq fiaskodur. Yəqin ki, Qərbdən gələn yardımların miqyasını Rusiya lideri tam hesablamamışdı və ukraynalıların da bu dərəcədə qəhrəmanlıqla döyüşəcəyi gözlənilmirdi. Ona görə Putinin 9 May paradı iflasın təntənəsi idi və dünyaya heç bir mesaj verə bilmədi, xalqa hesabat olmadı. Hərçənd böyük şövqlə arzulayırdı ki, bu tarixə qədər bir nəticə hasil olsun və paradda elan etsin. Bu, Putinin məğlubiyyət paradı idi. Bundan əlavə, ilk günlərdə masaya oturmaq üçün təşəbbüs göstərən Ukrayna idisə, indi tam tərsinə dövr edir: Rusiya dəridən - qabıqdan çıxır ki, danışıqlar başlasın, Zelenski birmənalı şəkildə imtina edir. Ukrayna lideri son bəyanatında da deyib ki, rus ordusu ərazilərdən çıxmalı, sonra danışmalıyıq. Yəni ritorika dəyişib, şərtləri irəli sürən artıq Zelenskidir. Çünki əvvəla rus ordusunun resursu, gücü və nəyə nail olduqları öyrənildi. Məlum oldu ki, onlarla döyüşmək olarmış. Bu mərhələni keçdi Ukrayna və psixoloji rahatladı. İkincisi, xarici yardımlar səngimir. Sonuncu belə böyük hadisə Konqresin 40 milyard dollarlıq dəstək paketini təsdiq etməsi oldu. Ukraynaya ciddi bir ümid, stimul və nəfəs gətirdi Amerikanın bu qərarı. Ardınca Konqres Rusiyaya sanksiyaları elan etdi. Bayden də "Lend-Liz" qanunu imzaladı və beləliklə Zelenski ilə ordusu hiss etdi ki, arxa-dayaq var. Bu dayaq isə dünyanın supergücü Amerika və Britaniyadır. Bir sözlə, həm ayrılan yardımlar müharibənin ömrünü uzadır, həm də Ukraynaya böyük dəstək olur. O nöqteyi-nəzərdən Zelenski savaşa davam deyir, danışıqlardan imtina edir, Putin isə fikirli və bataqlığa düşmüş vəziyyətdə görünür. Bununla da dünya ilə döyüşən Rusiya hansı bir bəlaya düşdüklərini dərk etməkdədir. Hazırda yeni dünya nizamı yaradılır və orada Rusiyaya yer olmayacaq, ya da olacaqsa zəifləmiş, taqətdən düşmüş, əlləri qırışmış, beli bükülmüş bir Rusiya olacaq. Amerikadan 40 milyardlıq yardım zərfi də məhz ona hesablanıb ki, Rusiya Ukrayna meydanında qalib gələ bilməsin, yorulsun, sanksiyaların və hərbi dəstəyin ardı-arası kəsilmədiyini görüb geri çəkilməyə qərar versin. Artıq Rusiya ordusunda generallar arasında da ixtilaflar baş qaldırıb. Hərbi uğursuzluq daxildə çaxnaşma yaradıb. Beş qubernatorun istefası da hakimiyyət içində böhranın başlanmasının ilk əlamətləri kimi görünür və corab sapı kimi sökülməyə başlayır Rusiya... Əlqərəz, biz bir tərəfdə silah və yardımı azalmayan, döyüşləri dayandırıb masaya oturmaq istəməyən bir Zelenski görürük, bir yanda isə dilxor, bədbin və çıxış yolları axtaran Putin...
 Anaxeber.info

Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar