Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 77-ci günü: yenilənən xəbərlər
12-05-2022, 10:06
Müdafiə nazirinin müavini: “Mariupolun hərbi yolla blokadadan çıxarılması mümkün deyil” “İndi Ukrayna xarici tərəfdaşlardan, xüsusən də Lend-Liz çərçivəsində böyük kömək gözləyir. Lakin bu yardım gələnə qədər Rusiya ilə toqquşmaların dövrü asan olmayacaq”. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar mayın 11-də keçirdiyi mətbuat konfransında deyib. Nazir müavini ölkəsini qarşıdakı günlərdə daha çətin və uzun mübarizə mərhələsinin gözlədiyini deyib: “Ukraynanın işğalçılardan tam təmizlənməsinə və dövlət sərhədləri daxilində suverenliyin bərqərar olmasına qədər qarşıda bizi çətin və uzun mübarizə mərhələsi gözləyir. Çünki Rusiyanın hələ də yaxın gələcəkdə istifadə edə biləcəyi çoxlu resursları var”. Anna Malyar hazırda Mariupolun hərbi yolla blokadadan çıxarılmasının mümkün olmadığını bildirib: “Şəhərin blokunu hərbi yolla açmaq üçün heç olmasa bir fürsət olsaydı, o zaman ölkə rəhbərliyi bundan istifadə edərdi. Ukrayna ordusu vəziyyəti düzəltmək üçün əlindən gələni edir. Biz başa düşməliyik ki, bu məsələ həssasdır və hər bir söz düşmən tərəfindən istifadə oluna, müdafiəçilərimizə də zərər verə bilər”. ““Azov” alayı təslim olmayacaq” ““Azov” alayı ruslara təslim ola bilməz, çünki onun Mariupolda “Azovstal”ın müdafiəsini saxlamaq əmri var və onu poza bilməz”. Bunu alayın kəşfiyyatçısı İlya Samoilenko “Sky News”a müsahibəsində səsləndirib. “Biz təslim ola bilmərik, çünki təslim olmaq əmrimiz yoxdur. Biz qabaqcadan verilən əmri pozmayacağıq. Bu, çox vacibdir. Biz əmrləri pozmuruq və əmrlərə ciddi əməl edirik”, – deyə Samoilenko bildirib. O deyib ki, Rusiya onun olduğu bölməni terror təşkilatı kimi tanıyıb: “Əgər təslim olsaq, mən və qardaşlarım həbs olunacağıq”. Onun sözlərinə görə, zavodun müdafiəçiləri Rusiyanın Mariupoldakı cinayətlərinin şahididirlər: “Burada işğalçılar 25 mindən çox insanı qətlə yetiriblər. Ona görə də ruslar onları sağ saxlamaqda maraqlı deyillər”. “Bizim üçün hər gün “sonuncu ola bilər” düşüncəsi yaşanır, amma yenə də bu barədə fikirləşmirik. Çünki bizim həyatımız önəmli deyil, amma müharibə uduzulsa, Ukrayna üçün fəlakətli olacaq”, – kəşdiyyatçı belə deyib. Rusiya aviasiyası Ukraynanın 93 obyektini vurub Mayın 10-da Rusiya aviasiyası Ukraynanın 93 obyektini, o cümlədən, üç sursat anbarını məhv edib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib. “Əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində 93 hədəfi, iki komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 69 ərazini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç silah-sursat anbarını vurub”, – deyə Konaşenkov bildirib. Onun sözlərinə görə, gecə saatlarında Ukraynaya məxsus 9 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitələri ilə məhv edilib. Ukrayna Rusiyanın 17 tank və 2 helikopterini vurduğunu deyir Ukrayna hərbçilərinin isə son sutkada 17 tank və 2 helikopteri məhv etdiyi bildirilir. Bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb. “Düşmən sutka ərzində 17 tank (cəmi – 1187), 48 zirehli döyüş maşını (cəmi – 2856), 9 artilleriya sistemi (cəmi – 528), 17 texnika və tanker (cəmi – 1997), 2 helikopter (cəmi – 160) itirib”. Macarıstan Rusiya neftinə embarqo ilə bağlı şərtini açıqladı Macarıstan Rusiyadan neft idxalına qadağa qoyulmasını yalnız Avropa Komissiyasının (AK) yaranan problemlərin həllini təklif edəcəyi təqdirdə dəstəkləyəcək. Bunu Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto deyib. Onun sözlərinə görə, embarqo kəmərlə ölkəyə daxil olan neftə şamil edilməməlidir. “Macarıstan gələcək danışıqlar prosesində bu mövqedən çıxış edəcək”, – nazir belə deyib. Xatırlatma Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib. Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb. Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var. Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.