TÜRKİYƏ ORTA ASİYADA TƏŞƏBBÜSÜ ƏLƏ ALIR – Ərdoğan-Tokayev razılaşmaları regiona nə vəd edir?

12-05-2022, 13:04   



t


Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev 2019-cu ildə Prezident postuna əyləşdikdən sonra mayın 11-də ilk dəfə Türkiyəyə dövlət səfərinə gəlib. Onun səfərinin Rusiyanın Ukraynaya hərbi təcavüzünün davam etdiyi vaxta təsadüf etməsi diqqətçəkəndir.
Xatırladaq ki, rəsmi Astana Moskvanın nüfuz dairəsində olan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Rusiyanın hərbi müdaxiləsini dəstəkləməyib və Ukraynanın süverenliyini və ərazi bütövlüyünü müdafiə edib.
Təhlilçilərin qənaətinə görə, hazırkı şəraitdə Ankaranın tarixən Moskvanın nüfuz dairəsinə daxil olan Mərkəzi Asiya dövlətləri ilə bağları möhkəmləndirməsi üçün əlverişli şərait yaranıb.
Tokayevin Ankaraya səfərinə gəlincə, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında ümumilikdə 14 sənəd imzalanıb. Bu sənədlərin arasında kütləvi informasiya vasitələri sahəsində əməkdaşlıq haqqında memorandum, beynəlxalq yüklərin qarşılıqlı-müştərək daşınması haqqında saziş, gömrük prosedurunun sadələşdirilməsinə dair razılaşma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum və hərbi sferada əməkdaşlıq məsələləri də var.
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və qazaxıstanlı həmkarı nümayəndə heyətlərinin görüşündə Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Ərdoğan bu barədə deyib: "Bizim bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün saxlanması çərçivəsində dinc yollarla həll olunmasına dair maraqlarımız üst-üstə düşür. Siz də bilirsiniz ki, biz Ukraynada müharibənin qurtarması üçün münaqişənin ilk günlərindən səy göstəririk. Əlbəttə, bu müharibə türk dövlətləri arasında həm ikitərəfli, həm də türk dövlətlərinin çadırı altında əməkdaşlıq və sıx birliyin mühümlüyünü təsdiqləyir”.

Tokayev isə Ərdoğanla görüşündən sonra deyib ki, danışıqlarda habelə Çindən Avropa bazarlarına Rusiyadan yan keçən yeni nəqliyyat xətti müzakirə olunub. Onun sözlərinə görə, iki ölkə üçün mühüm olan məsələlərdən biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TITR) istifadənin potensial əhəmiyyətidir.
Qeyd edək ki, həm də Orta Dəhliz adı ilə tanınan TITR xətti Çinin dəmir yolu şəbəkələrini Rusiyadan yan keçərək Avropaya bağlayan xətdir. 2017-ci ildə istismara verilmiş bu layihə Xəzər və Qara dənizlərdəki bərə sistemləri vasitəsilə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşa ərazilərindən keçir.
Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı informasiyada isə deyilir ki, Tokayevin Türkiyəyə dövlət səfərinin gedişində “Qazaxıstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlığı tənzimləyən” bir sıra sənədlər imzalanıb. Məlumatda bu sənədlər barədə təfərrüatlar verilməyib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Qazaxıstan müdafiə bağlarının əhəmiyyətini vurğulayıb. Nazirin sözlərinə görə, bu sazişdə iki ölkə arasında habelə birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq” nəzərdə tutulur: "İmzalanmış birgə bəyannamə ilə biz əməkdaşlığımızı strateji partnyorluğun yeni səviyyəsinə qaldırmışıq. Türkiyə və Qazaxıstan iki qardaş ölkədir. Biz, Türkiyə olaraq Qazaxıstandakı sabitliyə və əmin-amanlığa ciddi önəm veririk”.
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.