Azərbaycanda niyə dövlət büdcəsi hesabına rus dili təhsili var?

18-05-2022, 08:15   



məktəb, təhsil, rus dili, Bakı, Azərbaycan, ibtidai təhsil, orta məktəb, rus bölməsi, rus məktəbi, Təhsil Nazirliyi, şagird

ŞƏKLİN MƏNBƏYİ,INGA MILESHKINA

Azərbaycanda orta məktəblərdə rus dilində təhsil alanların sayı artıb. Əgər 5 il əvvəl 90 min şagird rus dilində təhsil alırdısa, bu tədris ilində onların sayı 150 mini keçib.

Bu, Azərbaycanda təxminən hər 10 şagirddən 1-nin dövlət büdcəsi hesabına rus dilində təhsil alması deməkdir.

Qonşu Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda dövlət büdcəsi hesabına rus dilində tədrisin daha kütəvi olması icmaiyyətdə vaxtaşırı narazılıqlar yaradır.

Bəzi təhlilçilər hesab edirlər ki, hansısa mağazada və ya digər xidmət sektorunda işləmək üçün "11 il rus dilində oxumağa" ehtiyac yoxdur və buna görə dövlətin "büdcədən vəsait xərcləməsi mənasızdır". Azərbaycanda rus dilində tədrisin digər xarici dillərlə müqayisədə daha çox yayılmasını "dövlətçilik üçün təhlükə" görənlər də var.

Rus dilində ödənişsiz tədrisi dəstəkləyənlərin fikrincə, bu, hansısa bir dövlətin dilinin "təbliği deyil", əksinə, azərbaycanlıların uşaq yaşlarından daha çox xarici dil öyrənməsinə imkan yaradılmasıdır və belə bir imkan digər xarici dillər üçün də yaradılmalıdır.

Bəzi valideynlər hesab edirlər ki, rus dilində təhsil onların uşaqlarına gələcəkdə karyera qurmaqda, "yaxşı iş tapmaqda" kömək edəcək.

Ancaq övladı məhz rus dilində təhsil aldığı üçün arzuladığı peşənin arxasınca gedə bilmədiyini söyləyənlər də var.

"Rus dilinə tələbat böyükdür"

Goranboy rayon sakini Gülər Şərifova Azərbaycan dilində təhsil alsa da, rus dilini bilmədiyi üçün iş tapmaqda çətinlik çəkib. O, BBC News Azərbaycancaya deyib ki, həyat yoldaşı Birinci Qarabağ müharibəsində həlak olduqdan sonra iş axtarmalı olub və bu zaman rus dili tələbi ilə qarşılaşıb.

"Naftalanda belə özüm üçün iş axtaranda məndən rus dilini soruşdular. Sanatoriyalarda işə düzəlmək üçün müraciət etmişdim, bundan əlavə Naftalanda dövlət sahəsində də iş axtardım, yenə məndən rus dilini tələb etdilər", - Gülər Şərifova bildirib.

Övladlarının da eyni çətinliklə üzləşdiyini əsas gətirən 49 yaşlı müsahibimiz indi nəvələrindən birini rayonda tədrisi rus dilində olan məktəbə qoyub.

Onun sözlərinə görə, hər il birinci siniflərə qəbul başlayanda nəvəsinin təhsil aldığı məktəbdə yerlər Azərbaycan dilli məktəblərlə müqayisədə daha tez dolur.

Bunu əsas gətirən Gülər Şərifova rus dilinə tələbat olduğu qənaətindədir:

"Nəvəm Sabutay hazırda 2-ci sinifdə oxuyur. Qız nəvəm - Nurun 5 yaşı var. O, gələn ildən məktəbə gedəcək, onu da "rus məktəbi"nə qoyacam. Çünki hara iş üçün müraciət edirsinizsə, soruşurlar ki, rus dilini bilirsiniz? Birinci sualları bu olur".

Gülər Şərifova deyir ki, hətta rayonda ingilis dilində tədris verən məktəb açılsaydı belə, o yenə də nəvələrini "rus məktəbi"nə qoyardı, çünki o, rus dilinin "daha tez qavranıldığını" düşünür.

Azərbaycanda fəaliyyət göstərən 4 mindən çox ümumtəhsil məktəbinin 300-dən çoxunda rus bölməsi var, Təhsil Nazirliyindən BBC News Azərbaycancaya bildirilib.

Ölkə üzrə ümumtəhsil müəssisələrinin rus bölməsində təhsil alan şagirdlərin sayı 156 mindən çoxdur. Bu isə 2021-2022-ci tədris ili üzrə qeydə alınan 1 milyon 590 minə yaxın şagirdin təxminən 10 faizini təşkil edir.

Müşahidələrə görə, övladının rus dilində təhsil almasını istəyən valideynlərin sayı ildən-ilə artır.

BBC News Azərbaycanca müxbiri bir Whatsapp qrupundakı yazışmada Bakıda yaşayan sakinlər onların evlərinə yaxın tikilmiş yeni məktəbdə rus dili bölməsinin açılması üçün Təhsil Nazirliyinə birgə ərizə yazılmasını müzakirə etdiyini görüb.

məktəb, təhsil, rus dili, Bakı, Azərbaycan, ibtidai təhsil, orta məktəb, rus bölməsi, rus məktəbi, Təhsil Nazirliyi, şagird

ŞƏKLİN MƏNBƏYİ,BAKUOXFORDSCHOOL

"...təbii proses"

Milli Elmlər Akademiyasının Fizika institutunun professoru Qüdrət İsaqov hesab edir ki, təkcə rus dilli yox, ingilis, fransız və alman dilli məktəblər də dövlət büdcəsi hesabına təsis edilməli və pulsuz tədris olunmalıdır. Çünki onun fikrincə, insanlar xarici dili uşaq yaşlarında daha tez qavradıqları üçün erkən yaşlardan dil öyrənməyə öyrədilməlidir.

Qüdrət İsaqov ölkədə rus dilinin tədrisinin "kütləvi yayılmasının siyasi deyil, təbii proses" olduğunu düşünür.

"Vaxtilə rus dilində təhsil alan valideynlər övladlarının təhsilində kömək etmələri üçün onların da rus bölmələrində oxumaqlarını istəyirlər. Bu gün rus dili bölmələrinin sayının çox olması və hökumətin dövlət büdcəsi hesabına rus bölmələrini saxlaması əsasən bununla bağlıdı", - professor əlavə edib.

AMEA-nın professoru Qüdrət İsaqov hesab edir ki, rus dilində oxumaq heç də "rus olmaq demək deyil".

"Sadəcə hökumət ona imkan verməməlidir ki, rus dilində təhsil alanlar özlərini rus hesab etsinlər və ya həmin məktəblər Rusiya üçün kadr hazırlasın", - Qüdrət İsaqov qeyd edib.

"...xəyal qurmağı öyrənmək"

Azərbaycanın Türkiyədəki keçmiş konsulu İbrahim Nəbioğlu rus dili bölmələrinin çoxluğunun əmək bazarı ilə əlaqələndirilməsini doğru hesab etmir.

Onun fikrincə, hansısa mağazada və ya digər xidmət sektorunda işləmək üçün 11 il rus dilində oxumağa ehtiyac yoxdur və buna görə dövlətin büdcədən vəsait xərcləməsi mənasızdır.

"Rus dilini ancaq şəhərin mərkəzində restoran və ya mağaza işlədən şəxslər tələb kimi qoyurlar və bu, əsassızdır. Niyə axı mən su satmaq üçün rus dilini bilməliyəm? Yəni bir rus turist gəlib su istədiyini satıcıya başa sala bilməyəcək? Bir pərdə mağazasında pərdə satan adam niyə rus dilini bilməlidir axı?"- İbrahim Nəbioğlu BBC News Azərbaycancaya bildirib.

O əlavə edib ki, gələcəkdə vətəndaşlarına "xəyal qurmağı öyrədən" ölkələr uğur qazanacaqlar.

Keçmiş diplomatın fikrincə, müasir ali təhsil ocaqları insanlara düşünməyi, yeni ideya yaratmağı, xəyal qurmağı öyrədir.

"Xəyal isə ana dilində qurulur. İnsan əgər ana dilində düşünmürsə, o hər şeydən yarımçıq qalacaq", - İbrahim Nəbioğlu bu fikirdədir.

məktəb, təhsil, rus dili, Bakı, Azərbaycan, ibtidai təhsil, orta məktəb, rus bölməsi, rus məktəbi, Təhsil Nazirliyi, şagird

"... mühüm amil"

Bu ilin fevralında Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda rus dilində tədrisin Azərbayca-Rusiya münasibətlərinin və gələcək əlaqələrin "çox mühüm əsası" kimi qiymətləndirib:

"Ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir".

"Dövlətçilik üçün təhlükəlidir"

1992-1993-cü illərdə təhsil naziri olmuş Firudin Cəlilov rus məktəblərində və rus bölmələrində təhsil alanların Azərbaycan dilini bilməməsini "dövlətçilik üçün təhlükə" hesab edir.

"Çünki hər bir xalqın tarixi, mədəniyyəti onun dilində əks olunur. Əgər bir uşaq rus məktəbinə gedirsə, onun düşüncəsində rus mədəniyyəti, Puşkin, Lermontov canlanır və onun idealına çevrilir, çünki onu öyrənib", - Firudin Cəlilov deyib.

Rus dilinin ölkədə geniş yayılmasından narahat olduğunu deyən keçmiş nazir, başqa dövlətin dilinin Azərbaycanda təbliği məqsədi ilə dövlət büdcəsindən vəsait ayrılmasını da doğru hesab etmir.

"Rus dilində tədris kütləvi deyil"

Millət vəkili Aydın Mirzəzadə ölkədə rus dilinin kütləvi tədris edilməsi fikri ilə razılaşmır. Deyir ki, əgər hətta regionlarda da rus dilində məktəblər varsa, deməli buna ehtiyac var:

"Amma bu o demək deyil ki, rus dilinin tədrisi kütləvi xarakter daşıyır. Ölkədə 5 minə yaxın orta məktəb var və onların yalnız 300-350-də rus bölməsi varsa, bu, heç 1 faiz etmir. Ona görə də rus dilini kütləvi tədris kimi qiymətləndirmək yanlışdır".

Hökumətin hansısa xarici dilin təbliği ilə məşğul olmadığını diqqətə çatdıran parlament üzvü Azərbaycanda fransız və digər dillərdə olan məktəblərin də fəaliyyət göstərdiyini və dövlət büdcəsində maliyyələşdiyini qeyd edib.

"Azərbaycanda xüsusi olaraq hansısa bölmə maliyyələşmir, büdcədən ayrılan vəsait dövlət məktəblərini maliyyələşdirmək üçündür. Burada hansısa rus məktəbləri, Azərbaycan və ya digər dillərdə fəliyyət göstərən məktəblərə fərq qoyulmur, bir qayda olaraq, bütün orta məktəblər dövlət büdcəsindən maliyyələşir",- Aydın Mirzəzadə deyib.

Millət vəkili əlavə edib ki, gələcəkdə əgər regionlarda ingilis və ya fransız dilli məktəblərə ehtiyac yaranarsa, onları da "dövlət maliyyələşdirəcək".

"Azərbaycan dilini bilmədiyi üçün ixtisasını dəyişdi"

Bakı sakini Kristina Əli-iskəndərova da rus dilində təhsil aldığı üçün övladlarını rus bölməsinə qoyan valideynlərdən biridir. Bununla belə o, yalnız rus dilində təhsil almağın da müəyyən çətinliklər yaratdığını bildirir.

BBC News Azərbaycancaya danışan 41 yaşlı müsahibimiz övladlarının ikisini də rus bölməsinə qoyduğu üçün təəssüfləndiyini gizlətmir. Deyir, gərək heç olmazsa "qızını rus bölməsinə qoymayaydı".

Kristinanın sözlərinə görə, hazırda 11-ci sinifdə oxuyan oğlu Ayxan dil baryerinə görə ürəyi istədiyi ixtisası seçə bilmir.

"İndi oğlum özü də deyir, gərək elə bir ixtisas seçim ki, Azərbaycan dilini bilməməyim mənə çətinlik yaratmasın. Əslində psixoloq olmaq istəyirdi. Bu ixtisasa böyük həvəsi var. Lakin dil məhdudiyyətinə görə indi ikinci qrupa, mühəndisliyə hazırlaşır", - Kristina məyus-məyus deyir.

məktəb, təhsil, rus dili, Bakı, Azərbaycan, Gürcüstan, Ermənistan, ibtidai təhsil, orta məktəb, rus bölməsi, rus məktəbi, Təhsil Nazirliyi, şagird

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Ermənistan və Gürcüstanda vəzyyət necədir?

BBC News Azərbaycancanın müxbiri Aleksey Manvelyanın sözlərinə görə, Ermənistanda dövlət orta təhsil müəssisələri arasında rus dilində tədris verən məktəb, demək olar ki, yoxdur. Sovet İttifaqı dağıldıqdan sonra, müstəqil Ermənistan parlamentinin 1993-cü ildə qəbul etdiyi "Dil haqqında" qanuna əsasən, ümumtəhsil və digər tədris təsisatlarında tərbiyə və tədris dili kimi erməni dili tanınıb. Rus dili ingilis, alman, fransız və digər qeyri-erməni dilləri kimi xarici dil proqramı üzrə tədris olunur.

Bütün rusdilli təhsil ocaqları bağlanıb. Etnik rus uşaqları üçün ölkənin 50 məktəbində (21-i paytaxt Yerevanda) erməni tarixi, erməni ədəbiyyatı və bu kimi fənlərdən başqa, digər fənlərin rus dilində keçirildiyi siniflər fəaliyyət göstərir. Bu siniflərə valideynlərindən birinin Rusiya vətəndaşı olan və 6 ildən çox Rusiya və ya başqa ölkədə rus dilində təhsil almış uşaqlar da qəbul oluna bilər.

Ölkədə yaşayan digər etnik azlıqlar - kürd, yunan, asuri uşaqları - həm rus, həm öz ana dillərində təhsil ala bilərlər.

Qanuna görə, milli azlıqların kompakt yaşama yerlərində milli məktəblər fəaliyyət göstərir. Yeganə rusdilli dövlət orta təhsil məktəbi molokanların yığcam yaşadıqları Fioletovo kəndində fəaliyyət göstərir. Bundan başqa, Rusiya səfirliyi və hərbi baza qulluqçularının uşaqları üçün Yerevanda və Gümridə Rusiya Təhsil Nazirliyinin tabeliyində olan rus məktəbləri var.

Orta məktəbi bitirdikdən sonra rus dilində ali təhsil almaq istəyənlər 1997-ci ildən fəaliyyət göstərən Rusiya-Ermənistan (Slavyan) Universitetinə və 2015-ci ildən açılmış Lomonosov adına Moskva Dövlət Universitetinin Yerevan filialına qəbul oluna bilərlər.

Gürcüstanda fəaliyyət göstərən Sivil İnteqrasiya və Etnik Münasibətlər üzrə Mərkəzin ötən il apardığı araşdırmasına əsasən, son 10 il ərzində bu ölkədə rus məktəblərinin sayında cüzi azalma müşahidə edilsə də, rus bölmələrinin ümumi göstəricisi kəskin aşağı düşüb.

Əgər 2010-cu ildə Gürcüstanda 135 rus dili bölməsi var idisə, hazırda onların sayı 47-ə enib. Bu illər ərzində rus məktəblərinin sayı isə 14-dən 11-ə düşüb.

"Gürcüstanın orta məktəblərində hazırda ümumilikdə 621 min şagird təhsil alır ki, onlardan yalnız 14 mini rus məktəbi və rus dili bölmələrində oxuyur, bu isə ümumi şagirdlərin təxminən 2 faizinə bərabərdir", - mərkəzin sədri Şalva Tabatadze deyib.

Buna əsas səbəb kimi, hökumətin prioritet dil olaraq, ingilis dilinə üstünlük verməsi göstərilir.

"Rus məktəblərinin və rus bölmələrinin çoxu gürcü dilli məktəb və bölmələrlə əvəzlənib. Xarici dil olaraq isə ingilis dili 1-ci sinif də daxil olmaqla, bütün siniflər üzrə məcburi formaya keçirilib. Bu sistem "Milli Kurrikulum"da da öz əksini tapıb. Lakin məktəblər tədris məsələsində ikinci və hətta üçüncü xarici dilin əlavə fənn olaraq seçimində sərbəstdirlər", - Şalva Tabatadze BBC-yə bildirib.


  • Fərid Həsənov
  • BBC News Azərbaycanca
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.