BBC Rusiya ordusunun Ukraynada döyüşməyi davam etdirməkdən imtina etmiş müqaviləli hərbçilərdən biriylə danışa bilib. Redaksiya təhlükəsizlik məqsədilə adı dəyişdirilmiş bu hərbçi haqqında real məlumatlara və onun tərcümeyi-halını təsdiq edən sənədlərə malikdir.
2020-ci ildə - 21 yaşı olanda Sergey Bokov Rusiyanın bir neçə milyon əhalisi olan şəhərlərindən birində kolleci bitirərək elektrik diplomu alıb, ardınca orduya - hərbi xidmətə çağırılıb.
Onda artıq bir neçə il idi ki, Rusiyada ali təhsilli gənclərə Müdafiə Nazirliyilə müqavilə bağlamaq və maaş almaq, istirahət günləri götürmək və hətta kazarmadan kənarda yaşamaq hüququyla bir il əvəzinə iki il xidmət etmək təklif olunurdu.
"Mən müqavilə imzaladım, çünki hərbi xidmətin bu növü daha rahatdır. Həm də hərb sənətini başa düşmək üçün orduyla çağırışçı kimi yox, daha peşəkar səviyyədə tanış olmaq maraqlıydı" - Bokov BBC-yə belə deyib.
2020-ci ilin sonunda o, yaşadığı yerə ən yaxın hissələrdən birində sürücü-elektrik kimi xidmətə başlayıb. Hazırda 23 yaşı olan Bokov xidmət dövrünü həsrətlə xatırlayır: "Düzünü desəm, başıma gələnlərdən sonra ordakı həyatımın çox gözəl olduğunu düşünürəm".
Sülh dövründə hərbi xidmət adi işlərdən biridir: texnikaya nəzarət və qulluq edilir, ərazi təmizlənir, silahlar lazımi vəziyyətdə saxlanır.
- Orda hərbiyə aid nəsə öyrədirdilərmi?
- Hə, amma şəxsən mənə azlıq edirdi. Məktəbdə və ya kollecdə bir il ərzində çox şey öyrənmək olur, ordudakı bir ilsə, demək olar ki, heç bir iz qoymur. Yaxşı məşğələlər və bacarıqlı zabitlər azdır. Mənim bölüyümdə faydalı məşğuliyyətlər azıydı.
- Müharibə dövründə lazım ola biləcək nələrsə öyrədilirdi?
- Silahdan, bir də hərbi texnikadan atışlar olurdu.
2021-ci ilin noyabrında - Bokovun müqavilə üzrə xidmətinin bir ili tamam olanda hərbi hissədə söz yayılıb ki, yanvar ayında hamını Voronej və Belqoroda ezamiyyətə göndərəcəklər. Bokov deyir ki, sonradan bunun hərbi təlim olacağı bildirilib.
Texnikumdan yenicə məzun olmuş gənclərin qohumları Yeni il öncəsi efirdə siyasətçilərin müharibə ehtimalını qətiyyətlə inkar etdiklərini görüblər və ərlərindən, qardaşlarından və oğullarından hara və nə üçün getdiklərini soruşublar.
"Onda bizə dedilər ki, ailələrinizə "İttifaq qərarlılığı-2022" təlimində olduğumuzu söyləyək. Başa düşürsüzmü, onlar təlimə hətta ad da uydurmuşdular… Halbuki heç bir kütləvi təlim yoxuydu. Qəşəng aldatdılar".
Bokov 2022-ci ili evdə qarşılayıb, yanvarın 23-də isə onları hərbi eşelonla Çernozem bölgəsinin cənub şəhərlərinə tərəf göndəriblər. Fevralın 1-də qatardan düşən hərbçilər təxminən 20 kilometr aralıda səhra düşərgəsi quraraq gözləməyə başlayıblar.
M-30 modelli, 40 kvadratmetrdən çox sahəsi olan böyük hərbi çadırların hər birinə 20 hərbçi yerləşdirilib.
"Şəraitimiz yaxşıydı. Müharibəyə qədər təminatımız da əlaydı. Bunun təlim olmadığına heç bir şübhəmiz yoxuydu. Böyük səhra düşərgəsi. Möhürlənmiş qutularda gətirilən silahlar. Onları xüsusi otaqda saxlayırdılar, bizə vermirdilər" - Bokov belə deyir.
Düşərgəni qorumaq üçün növbə çəkən hərbçilər başqa heç bir işlə məşğul olmayıblar - "nəyinsə başlayacağını" gözləyiblər. Yaxınlıqdakı kiçik şəhərin sakinlərini bezdiriblər.
"Yəqin ki, orda hamının zəhləsini tökmüşdük. Mağazalara gedirdik, əyləncə mərkəzlərində gəzirdik" - Bokov gülərək belə deyir.
"Yerlilər hamımızı görürdülər, amma onlar da təlimə gəldiyimizi düşünürdülər. Çünki oralarda belə şeylər olur".
Bokovun sözlərinə görə, üç həftə gözləyəndən sonra - fevralın 23-də komandirlər sərhədə doğru, başqa düşərgəyə gedəcəklərini deyiblər:
"Əlbəttə, biz xəbərləri eşidirdik, amma belə bir şeyin baş verə biləcəyinə heç kim inanmırdı. Komandirlər dedilər ki, ailələrinzə yeni düşərgəyə getdiyinizi, orda əlaqə olmayacağını bildirin. Bütün əsgərlərin telefonlarını götürdülər".
Fevralın 24-nə keçən gecə Bokov yuxudan oyanıb, xidmət yoldaşlarıyla birlikdə BMP-yə minərək yola düşüb.
O, Ukrayna ərazisinə daxil olduqlarını bir neçə saat sonra - yol boyu ukraynaca yazılar görməyə başlayanda anlayıb:
"Belə başa düşürəm ki, biz sərhədi onda keçid məntəqəsindən yox, meşələrdən keçmişik. Ona görə də harda olduğumuzu dərhal anlamadıq. Maşının içindəydik, hava qaranlıq, görüntü zəifiydi".
Bokov təsdiq edir ki, rusiyalı hərbi əsirlərin dediyi məşhur "Biz təlimə gedirdik, amma müharibəyə düşdük" ifadəsi özünə bəraət qazandırmaq və ya yalan danışmaq cəhdi deyil, vəziyyət həqiqətən belə olub.
"Bizim reaksiyamız beləydi ki… Doğrudanmı, ora girmişik? Heç kim bunun müharibə olduğuna inanmaq istəmirdi. Bu, necə oldu axı - elə bil öz evimizə gəlmişdik. Bircə güllə də atılmadı onda. Yadımıza düşdü ki, təlimin adında "ittifaq" sözü vardı, fikirləşdik, yəqin onda təkcə Belarus yox, Ukrayna da iştirak edir".
Bokov deyir ki, müqaviləli hərbçilər Ukrayna qoşunlarının sərhədi "dərhal və sakitcə" təhvil verib şəhərlərə toplandığını və müharibəyə oralarda başladıqlarını sonradan başa düşüblər.
"Yaranan təəssürat beləydi ki, müharibənin əvvəlində onlar özləri də qorxurdular, öz güclərini düzgün qiymətləndirmirdilər".
Meşələrin birində Bokovun kolonu PDM-lərə (PDM - piyadaların döyüş maşını) benzin tökmək üçün dayanıb. Amma bu işi başa çatdırmaq mümkün olmayıb - Bokovdan 30 metr aralıda artilleriya mərmisi partlayıb.
"Yoxsa mərmi deyildi? Tam anlaya bilmədim. Elə böyük partlayışıydı ki… Güclü ürək çırpıntısı, adrenalin, aaaaa.. Elə bu xaxt "Maşınlara!" əmri verildi və biz atəş zonasından çıxıb irəli getdik".
Axşam onlar tərk edilmiş bir fermaya çatıblar, orda köhnə anbarlara yerləşiblər. "Yalnız bundan sonra komandir bizə belə dedi: "Artıq başa düşdüyünüz kimi, bunlar zarafat deyil, hər şey ciddidir. Müdafiə xətti qurun, patrul qoyun ..."
"Müharibədə olduğumuzu biz belə öyrəndik" deyən Bokov onda nə düşündüyünü xatırlamır.
"Bütün bunlar həqiqətənmi baş verir? Başıma gələnlər reallıqdırmi?! İlk düşündüklərim bunlarıydı. Mən hətta bu gün də, səninlə danışanda belə baş verənlərə inana bilmirəm. "Sağ qalmalıyam" - bu isə sonrakı düşüncəmiydi".
Hərbçilər quru spirt həbində qızdırılmış qarabaşaq yarması və küftə yeyiblər. Onda Bokovun yataq çantası varmış, amma az sonra onu itirib. O və daha üç hərbçi döyüş maşınında yuxuya gediblər.
"PDM qəlpələrdən qoruya bilər, amma ona mərmi dəysə, ekipaj diri-diri yanar".
O gündən etibarən Bokov, demək olar ki, hər gün atəş altında olub. Onun bölməsi Ukrayna ərazisində 30 kilometrə qədər irəliləyib.
"Bizim soruşmaq, onların cavab verməmək hüququ vardı. "Hara gedirik" sualına "yeni dislokasiya yerinə" deyə cavab verirdilər".
Sonra Bokov Çerniqov-Kiyev istiqamətində irəlilədiklərini öyrənib.
Dörd gün yol gedəndən sonra kolon parçalanıb. Çünki üstündən keçdikləri körpü minalanmış olub və partlayıb. BBC bu partlayışın baş verdiyini təsdiqləyən faktları - koordinatları və şəkilləri əldə edə bilib.
Bokovun yoldaşlarının bir hissəsi Kiyevə getməli olub, o isə hələ körpüdən keçmədiyi üçün başqa bir hərbi hissəyə qoşularaq Çerniqovu mühasirəyə almağa gedib.
Martın 4-də həyat yoldaşına və anasına zəng etmək fürsəti yaranıb. "Seryoj, sən sərhəddəsən?" - onların ilk sualı bu olub. Bokov cavab verib ki,"Yox. Müharibəyə gəlib çıxmışam". Amma onların reaksiyasını eşidə bilməyib - əlaqə kəsilib.
Bokov hərbçi yoldaşlarınının ölümünü ilk dəfə körpü partlayanda görüb. O bu haqda könülsüz danışır.
"Minaatanlar və artilleriyadan başqa, avtomatlardan da atırdılar. Bir kəndin yanından keçəndə avtomatlardan atəş açdılar. Bizdən qabaqda gedən maşını ya qumbaraatanla, ya da başqa bir şeylə partlatdılar... Nə olduğunu başa düşmədim. Maşın yanmağa başladı, əsgərlər içində qaldı. Biz PDM-lə onun yanından keçib atəş aça-aça irəli getdik. Mən arxaya baxmadım".
Bokov həyatında ilk dəfəydi ki, həqiqətən güllə atırdı. O, ukraynalı hərbçiləri görmədiyini deyir: "Kolonla hərəkət edəndə çox yaxınlaşmırlar. Hardan atəş açırdılar, oranı vururduq. Sadəcə sağ qalmaq istəyirdik. Onların atəş nöqtələrini vurmaq lazımıydı ki, geri çəkilsinlər".
- Kolonun dağılması şəxsən sizin xeyrinizə oldumu? Yəni Kiyev ətrafında daha çox itki verildimi?
- Düzü, bilmirəm. Amma əvvəl olduğum hissədə ölənlərin sayı daha azıydı.
Bokov qeyd edir ki, onları fasiləsiz şəkildə - həm hərəkət zamanı, həm də dayananda atəşə tutublar, ona görə gecələmə müddəti çox qısa olub.
"Minaatanlar və artilleriya dəhşətdir. Mərmi üstünə tökülür, yerə yatıb çuxur kimi bir şey tapmalısan, ya da ümid etməlisən ki, bəxtin gətirəcək, düz sənin üstünə düşməyəcək".
- Bəs döyüş ruhu necəydi?
- Qoy yadıma salım… Elələri vardı ki, baş verənlərə sevinirdi, döyüşə can atırdı. Əsasən Donbas müharibəsində iştirak edənlər - veteranlar belə davranırdılar, DXR (DXR- tanınmamış Dontsk Xalq Respublikası) və LXR-in ( LXR-tanınmamış Luqansk Xalq Respublikası) təəssübünü çəkirdilər, onlara kömək etmək, xilas etmək istəyirdilər.
- Müqaviləlilər arasında sizin neçə həmyaşıdınız vardı?
- Çoxuydular. Bölük gənclərdən ibarətiydi, 50 nəfərdən 70%-nin yaşı 25-dən azıydı.
- Bəs sağ qalanlar?
- Maşını fuqasın üstünə çıxanlardan başqa, Kiyevə gedən bölükdəkilərin hamısı sağdır. Sonradan qoşulduğum bölükdə də əksəriyyətinin 25 yaşı tamam olmamışdı - 10-u öldü, 10-u yaralandı. Yəni bölüyün yarısı həlak oldu.
Bokovun başqa bir bölükdəki həmkarı deyir ki, onunla birlikdə "atəş açmağı və silaha hansı tərəfdən yaxınlaşmağı bilməyən" gənc minomyotçular xidmət ediblər.
"Elə bilirdim ki, biz Rusiya ordusuyuq, dünyada ən super-muper bizik, amma bizi gecə vururlar, gecəgörmə cihazımızsa yoxdur, kor pişik balaları kimiyik. Ukraynalıların tanklarında Amerika istehsalı olan gecə lampası var. Bizim tankların vəziyyəti isə məni şoka salır, halbuki onları da belə işıqlarla təhciz etmək qəpik-quruşa başa gələrdi. Niyə bunu etməyiblər ki?"
Gecəgörmə cihazlarının olmamasıyla bağlı şikayətlərə Ukrayna Təhlükəsizlik Xidmətinin qeydə alıb "YouTube"-da paylaşdığı səs yazılarında - rusiyalı hərbçilərin ailələriylə söhbətlərində də rast gəlinir.
Bokovun sözlərinə görə, yaralılar və ölənlər Rusiyadakı xəstəxanalara və meyitxanalara eyni maşınlarda aparılıb. Bu haqda danışarkən o, yaralı əsgərlərin daşınmasına aid olan, Əfqanıstan müharibəsindən sonra hərbi leksikona daxil olmuş "yük 300" terminindən istifadə edir (Daşınma zamanı hər bir yaralı üçün 300 nömrəli forma - standart blank doldurulur).
Bəxti gətirməyə davam edən Bokov kolonla birlikdə Çerniqova qədər gedib - o və xidmət yoldaşları artilleriyanı müşayət ediblər.
"Bütün yol boyu vəziyyət dəyişmədi, atəş altında irəlilədik. Çerniqova hamı sağ çata bilmədi. Baxmayaraq ki, ciddi bir döyüşümüz olmadı. Minalar, hava zərbələri, pusqular - rəqiblə bir dəfə də olsun üz-üzə gəlmədik" - Bokov belə deyir.
Sərhədi keçəndən iki həftə sonra Bokovun bölüyü Çerniqov yaxınlığında mövqe tutub. "Bizim artilleriyamız hər gecə Çerniqovu atəşə tuturdu, biz isə onu qoruyurduq. Ardınca da Ukrayna artilleriyası cavab verirdi".
Çerniqovdan 10 kilometr aralıda olan hücumçular gecə orda nəyinsə yandığını görüblər: "Çerniqov səmasında işıq vardı - elə bil günəş çıxırdı".
Bokov və yoldaşları şəhərə girməyiblər. Onun sözlərinə görə, komandirlər qeyri-rəsmi söhbətlərdə bildiriblər ki, ora Rusiyanın çox az sayda hərbçisi gedib çata bilib - planlaşdırılan sayın yarısından da az.
- Şəhəri ələ keçirmək üçün kifayət qədər qüvvə yoxuydu. Əlavə qüvvələrsə gəlib çıxmadılar. Siz planın nə olduğunu soruşdunuz. Deməli, müəyyən edilmiş strategiyaya, daha doğrusu, strategiyanın olmamasına görə... Biz vertolyotlarsız, sadəcə kolonla, parada gedirmiş kimi irəliləyirdik. Görünür, komandanlığın planı Ukraynanı - ordakı şəhərləri və müdafiə məntəqələrini tez bir zamanda tutmaq idi. Ola bilsin, ukraynalıların təslim olacağını düşünərək plan qurublar. Biz elə irəliləyirdik ki, sanki üç günə Kiyevə çatmaq və yolüstü rastımıza çıxan bütün şəhərləri də ələ keçirmək istəyirik. Qısamüddətli gecələmələrlə, səngərsiz, kəşfiyyatsız irəliləyirdik, arxamızda qüvvə qoymadan. Məsələn, bir kəndi keçirik - vəssalam. Kimsə keçib bizi arxadan vurmağa başlasaydı, buna qarşı heç bir müdafiəmiz yoxuydu. Blitskriqdə belə edirlər, bilirsizmi?
- Bunun nəticələri oldumu?
- Hesab edirəm ki, uşaqlar ən çox buna görə həlak oldular. Biz yavaş-yavaş irəliləsəydik, yollarda minalar olub-olmadığını yoxlasaydıq, bu qədər tələsməsəydik, qurban verməyə bilərdik.
Martın əvvəlində Çerniqova üç istiqamətdən hücum edilib. Merin sözlərinə görə, şəhərə bütün girişlər minalanmış olub. Yollarda və şəhər kənarındakı körpülərdə döyüşlər olsa da, rusiyalı hərbçilər şəhərin özünü ələ keçirməyiblər.
Bokov iki həftə Çerniqov yaxınlığındakı meşədə qalıb. Əsgərlər O deyir ki, yerli sakinlər su üçün kəndlərə gedən hərbçilərə pis heç nə deməyiblər: "Birinin əlində avtomat varsa, ona nə deyə bilərsən? Yəni bizə işğalçı, raşist, orklar-filan deməyiblər. Sadəcə vəziyyətin çox pis olmasından şikayətlənirdilər, bunun tezliklə bitməsini istəyirdilər. Bizə də yazıqları gəlirdi, "Heyf ki, sən də bu işdə iştirak edirsən, kaş tez bitəydi, siz də evinizə daha tez qayıdaydınız" deyirdilər".
Sonra qonşu bölükdəki müqaviləlilər gəlib Bokova və yoldaşlarına deyiblər ki, yerlilərdən heç nə götürməsinlər. Guya nənələr yaxınlıqdakı alayın hərbçilərinə kökə veriblər və "uşaqlar yeyib ölüblər".
Rusiyadan göndərilən yeməklər Bokovun Çerniqov yaxınlığındakı bölüyünə də verilib: kisələrə doldurulmuş yarmalar, ət konservləri. Yemək bişiriblər. Qonşu kənddəki quyudan su götürüblər - yerlilər özləri də istifadə etdikləri üçün o suyu zəhərləməyəcəklərini düşünüblər.
Gecələr qarlı-şaxtalı olub, amma artıq onlar çadırlarda qalmayıblar, çünki təlimdə deyildilər. Yağışdan qorunmaq üçün müvəqqəti çardağın torpaq döşəməsinə əsgərlər zirehli geyimlərini, onların da üstünə qonşu evlərdən götürülmüş ədyalları səriblər. Bokov deyir ki, onun bölüyündə əsgərlərin talançılığı bu ədyalları və mağazalardakı ərzaq məhsullarını götürməklə məhdudlaşıb.
"Ancaq sağ qalmaq üçün vacib olan şeyləri götürüblər. Kiminsə əlindən nəyisə dartıb almaq və ya evlərə girmək - belə şeylər olmayıb. Mənim dəstəm heç bir qiymətli əşya götürməyib. Amma başqa bölüklərdə olub, bilirəm".
Ukrayna hərbçiləri Çerniqov vilayətində rusiyalı əsgərlərin vurulmuş maşınlarından qab-qacaq, uşaq velosipedləri, oyuncaqlar və hətta kuponlar (90-cı illərin əvvəllərindəki yerli pullar) çıxardıqlarını əks etdirən videolar paylaşıblar.
Videolardan birində bir kənd sakini danışır ki, rus hərbçiləri onun evinə soxulublar, həyətə yük maşını gətirərək qarajdakı bütün qiymətli əşyaları yığıblar. Təqaüdçünün dediyinə görə, onlar televizoru, alətləri, iki kondisioneri və hətta soyuducudakı donmuş balqabağı da oğurlayıblar.
Çerniqov vilayətinin başçısı Ukrayna telekanallarına müsahibəsində bildirib ki, Rusiya hərbçiləri "şəxsi evlərdən xalçalar, çayniklər və yemək aparırlar".
Bokov kəndlərdə dinc əhalinin güllələnməsi və ya edam edilməsi barədə heç nə eşitmədiyini deyir. O, "istisna etmir" ki, yerli sakinlər "atəş zamanı təsadüfən qəlpələrdən zədələnə və ya kolon gecə vaxtı hərəkət edəndə maşınların altında qalaraq" əzilə bilərdilər. Bokov öz bölüyündə qəsdən zorakılıq hallarının olmadığını bildirir.
Ukrayna hakimiyyətinin məlumatına görə, Çerniqovda bir ayda 700-ə yaxın insan həlak olub. Jurnalistlərsə mühasirəyə alınmış şəhəri "ölüm tələsi" adlandırıblar: şəhərin çıxışları və körpülər minalanıb; işıq, istilik və su olmayıb, çörək delikatesə çevrilib.
Yerli sakinlərin danışdıqlarına və KİV-in məlumatına görə, Çerniqova o qədər sürəkli atəşə tutulub ki, qəlpə yaralarından ölənləri zirzəmilərdən çıxara bilməyiblər - uşaqlar meyitlərin yanında yatıb.
Bokov Ukrayna ərazisində 37 gün olub. Martın 29-da həyat yoldaşı SMS vasitəsilə ona bir xəbərin surətini göndərib: Ukraynayla danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Medinski Kiyev və Çerniqov istiqamətində gərginliyin azaldılmasından danışıb.
Bir gün sonra bölüyə əmr gəlib: yığışırıq və gedirik. "Hara" sualına bu dəfə də cavab verilməyib. 24 saatdan və bir gecələmədən sonra Bokov artıq Rusiya ərazisində olub.
Aprelin əvvəlində geri qayıdan Bokov çox da sevinməyib. "Nə qədər qalacağımızı, evə gedib-getməyəcəyimizi rəsmi olaraq heç kim demirdi. Biz xəbərlərdən oxuyurduq ki, müharibə davam edir, deeskalasiya yalnız bir istiqamətdədir. Hərbçilər arasında şayiələr gəzirdi ki, bizi yenidən qruplaşdıracaqlar və sonra hər şey davam edəcək".
Tezliklə müqaviləlilərə bunu rəsmən elan ediblər.
Həmin vaxt Bokovun Kiyev yaxınlığından Rusiyaya qayıdan ilk bölüyünün, demək olar ki, yarısı yenidən qruplaşmanı gözləməkdən imtina edib. Onun sözlərinə görə, müqaviləlilər sərhədi tərk edib öz hərbi hissələrinə qayıdacaqlarını, raport yazıb təxris olunacaqlarını deyiblər.
"Dedilər ki, istəyirsiz, məhkəməyə verin, ya da nə istəyirsiz, onu edin, amma biz müharibəyə qayıtmayacağıq. Sonra da yol maşınlarına minib getdilər".
Bokovun söylədikləri "Conflict Intelligence Team" tədqiqat layihəsinin məlumatlarıyla üst-üstə düşür. Həmin məlumatlara əsasən, aprelin birinci yarısında cəbhənin Kiyev, Çerniqov və Sumı istiqamətlərindən çıxarılan rusiyalı hərbçilərinin 20-40%-i müharibəyə qayıtmaqdan imtina ediblər və bu proses davam edir.
Körpü partlayanda ilk bölüyündən ayrı düşən Bokov getməyə cəsarət etməyərək sərhəddə qalıb.
"Mən ona dedim ki, raportu tez yaz, amma o, heç cür qərar verə bilmirdi. Komandirlər onlara ehtiyatda olacaqlarını deyirdilər. Mən xatırlatdım ki, təlim söhbətində də belə olmuşdu, sonra Luqanskı müdafiə etməyə getdiyinizi dedilər. Sizi artıq iki dəfə aldadıblar, bu o deməkdir ki, üçüncü dəfə də aldadacaqlar! Qaç oradan!" - Bokovun vəkil dostu belə deyir.
Bokov qeyd edir ki, sərhədi tərk edən 20 müqaviləli haqqında xəbərdən sonra hakimiyyət onları həmin hərbçilərdən nümunə götürməməyə çağırıb. Yüksək rütbəlilər onlara həbs olunacaqlarını, barələrində 100% cinayət işi açılacağını və ordan getməyə görə on il həbs cəzası alacaqlarını bildiriblər.
"Bunun yalan olduğu ortaya çıxdı. Amma onda bunu bilmirdim. Mən getmək, ölmək və öldürmək istəmirdim. Həbsə də düşmək istəmirdim".
Döyüşməkdən imtina edən müqaviləli hərbçilər haqqında BBC-yə danışan hüquq müdafiəçisi, "Çağırışçı məktəbi" təşkilatının direktoru, hüquqşünas Aleksey Tabalov deyir ki, "Bəli, onların hamısını qorxudurlar, bu doğrudur. Tribunal! 25 illik həbs cəzası! Bu rəqəm hardan çıxıb, anlamıram! Çağırışdan yayınmağa görə - 2 il həbs, xidmət yerini tərk etməyə görə - 2 il intizam batalyonunda xidmət, əmri icra etməməyə görə - 2 il həbs, qrupun əvvəlcədən razılaşdırmaqla əmri yerinə yetirməməməsinə görəsə 5 ilə qədər həbs nəzərdə tutulub. Nə 10-25 il?
Komandirləri başa düşmək olar - onlara deyiblər ki, bütün vasitələrlə hərbçiləri getməyə qoymamalıdırlar, ona görə də bacardıqları qədər qorxudurlar".
Tabalovun təcrübəsi göstərir ki, müharibəyə göndərilmiş müqaviləlilər hərbi xidməti davam etdirməkdən imtina edə bilərlər, həm də heç bir cinayət təqibi olmadan.
Döyüşənlərin məsləhət üçün müraciət etdiyi hüquq müdafiəçisi Sergey Krivenko da Tabalovla həmfikirdir; deyir ki, müharibə başlayandan bəri müqaviləlilərin cəbhəyə qayıtmaqdan imtina etməsiylə bağlı heç bir cinayət işi açılmayıb. Ukraynayla müharibə formal olaraq elan olunmayıb, Rusiyada hərbi vəziyyət tətbiq edilməyib, heç kimə bu tədbirdə iştirak əmri verilməyib və heç kimin hərbi biletində bununla bağlı qeyd yoxdur.
Tabalov əlavə edir ki, hər bir hərbçinin Ukrayna ərazisində öldürülməmək və insanları öldürməmək üçün real şansı var: "Amma ilk növbədə özü aktiv olmalıdır. Oturub anasının və ya nənəsinin onu oradan çıxaracağına ümid etmək perspektivsiz variantdır".
Əvvəlcə xüsusi əməliyyatda iştirakdan imtina barədə raport yazmaq lazımdır. Hüquqşünaslar bu raportda konstitusiyanın 59-cu maddəsinə istinad etməyi tövsiyə edirlər. Krivenko deyir ki, "Ukrayna ərazisində artilleriya atəşi altında keçən bir aydan sonra antimüharibə mülahizələrinin ortaya çıxması üzrlü səbəb şərtinə kifayət qədər uyğundur".
Çox vaxt komandirlər yazılı raportu qəbul etmirlər - sadəcə cırıb atırlar. Hüquq müdafiəçiləri belə hallarda yenisini yazmağı tövsiyə edirlər. Krivenko deyir ki, əsas məsələ öz fikrindən dönməmək, raportu geri götürməmək və düşərgədən "boşluğa" qaçmamaqdır. Ən çətini psixoloji təzyiqə tab gətirməkdir.
Adətən, müharibəni birdən çox adam tərk etmək istəyir, amma bunu arzu edənlərdən ibarət qrupu dağıdırlar - hər biriylə ayrı-ayrılıqda danışır, həbs cəzasıyla qorxudur, utandırır, hədələyirlər. Nəticədə hərbçilərin çoxu müharibəyə qayıtmağa razılaşır.
"Bu yaxınlarda bizdə belələrindən birini sındırdılar. Bir yerdə saxlayıb dedilər ki, iki yolun var: ya müharibəyə qayıtmaq, ya da göyərənə qədər burda oturmaq. İşdən çıxarmaqla hədələdilər, o buna hazır olduğunu bildirdi, amma niyəsə geri qayıtdı. O, qəribə adamdır, həqiqətən də iliyinə qədər hərbçidir. Həqiqi entuziazmla Ukrayna Silahlı Qüvvələrini necə öldürməsindən danışırdı. Hətta bir az da romantikayla. Amma nədənsə geri qayıtmaq istəmirdi. Sonda yenə getdi" - hələ də Rusiya-Ukrayna sərhədində olan müqaviləlirdən biri BBC-yə belə deyib.
Bokov 23 gün sərhəddə gözləyib. Özlüyündə bu qərara gəlib ki, "Hələ hərbçiyəm. Ona görə nə qədər ki, sərhəddə dayanmışıq, mən də dayanacam. Amma qayıtmaq əmri verilsə, nəsə edəcəm. Ora girməyəcəm. Qərarımdan komandiri də xəbərdar etdim - qeyri-rəsmi şəkildə".
Aprelin 24-də o, həmin əmr eşidib - Ukrayna ərazisinə, Xarkov yaxınlığına qayıtmaq.
Bokov qərarını komandirə xatırladıb. O, "insan adam"olub, deyib ki, bu, hər kəsin şəxsi seçimidir. Elektrik silahını təhvil verib, taksiyə minərək ən yaxın şəhərə yollanıb. Onunla birlikdə başqa bir hərbçi də gedib. Onlar həmin şəhərdən də çıxıb evlərinə qayıdıblar.
Ola bilsin ki, Bokovun qətiyyətli olmasına Aleksey Navalnının seçki qərargahlarından birindəki iş təcrübəsi də kömək edib. O, hələ tələbəykən hazırda "küncə qoyulmuş" bir siyasətçinin prezidentlik kampaniyasında çalışıb, öz bölgəsindəki küçə kampaniyasına, könüllülərə, vərəqələrə və imza toplanmasına cavabdeh olub. İndi Rusiyada qadağan olunmuş Korrupsiyaya Qarşı Mübarizə Fondunda onu enerjili və bacarıqlı işçi kimi xatırlayırlar.
Hərbi hissəyə çatdıqdan sonra (Hüquq müdafiəçiləri hərbçilərə israrla tövsiyə edirlər ki, özlərinin və ya valideynlərinin evinə yox, hərbi hissəyə qayıtsınlar) Bokov və həmkarı "mənəvi-psixoloji cəhətdən tükəndiklərinə və davam edə bilmədiklərinə görə xüsusi əməliyyatda iştirakdan imtina edərək Ukraynayla sərhəddəki səhra düşərgəsini özbaşına tərk etdikləri barədə" raport yazıblar.
İştirakdan imtina, təxris edilmək üçün ərizə - Bokov bütün sənədlərin qalmaqalsız qəbul edildiyini deyir.
"Fikrimizi dəyişməyə heç çalışmadılar da, çünki biz birinci deyildik. Həm də bu ərizələri qəbul edən komandir hərbi zabitdir, özü də o müharibədə olub, qərargahda oturmayıb. Qərargahda oturana danışmaq da asandır, bizə "Qorxaqsız, qayıdıb gəlmisiz" demək də. Amma həmin zabit orda özü hər şeyi görüb. O bizdən soruşanda ki, qorxursuz, əlbəttə, qorxuram, qorxmayan təkcə dəlilərdir, dedim. "Razıyam" dedi və daha axmaq suallar vermədi, kömək etdi".
Bokovun hərəkəti kobud intizam pozuntusu kimi rəsmiləşdirilib: "Biz düşərgəni icazəsiz tərk etmişik və sizdən bizi təxris etməyinizi xahiş edirik. Düşərgəni icazəsiz tərk etməyin cəzası təxris olunmaqdır".
Tanıdığı hərbi prokurorlardan biri Bokova deyib ki, "Bizə sizi həbs etməklə bağlı siqnal daxil olmayıb, buna hüquqi baxımdan da səbəb yoxdur".
Digər rayonlardakı komandirlər də hərbi prokurorluqdan məyusedici cavablar alıblar. Məsələn, BBC-də Rusiyanın şimal vilayətlərindən birindəki qarnizonun hərbi prokurorunun imzaladığı sənədlər var. Bu sənədlərdə komandirin "xüsusi hərbi əməliyyat yerinə yola düşmək üçün birləşmiş dəstə formalaşdırmaq haqqında" əmrini yerinə yetirməkdən imtina edən müqaviləli əsgərdən söhbət gedir.
Prokuror yazır ki, komandirin cinayət işi açmaq tələbi "vaxtından əvvəl" irəli sürülüb və xidmətin maraqlarına vurulmuş ziyana qiymət verilməyib.
"Müdafiə Nazirliyi top yemi üçün ət qıtlığı çəkmir"
Tabalov, Krivenko və digər hüquq müdafiəçiləri Ukraynadakı müharibəyə qayıtmaq istəməyən müqaviləlilərdən onlarla müraciət aldıqlarını deyirlər; Leninqrad, Samara, Rostov, Pskov, Çelyabinsk vilayətlərinin, Qafqazın və Uzaq Şərqin adlarını çəkirlər.
"Bu, imtina edənlərin təxminən 10-15%-ini təşkil edir. Amma biri zəng edib onunla birlikdə 6-7 nəfərin, digəri isə 200-300 nəfərin imtina edəcəyini deyir".
Hüquqşünaslar Krasnodardan 12 çevik polisin, Uzaq Şərqdən 80 çağırışçı və müqaviləli hərbçinin, Cənubi Osetiyadan 300-ə yaxın hərbçinin, Xakasiyadan 11 çevik polisin, Pskovdan 60 hərbçinin müharibəyə qayıtmaqdan imtina etdiyini bildirirlər.
Hüquqşünasların dediyinə görə, adətən, Federal Təhlükəsizlik Xidməti əməkdaşları gənclərə gizlilik haqda müqavilə imzaladandan sonra onları azad edirlər. "Belə görünür ki, Müdafiə Nazirliyi imtina edənlərə baş qoşmaq, onları hansısa şəkildə cəzalandırmaq fikrində deyil. Təbii ki, onlar problem yaradırlar, amma bu, öldürcü problem deyil. Müdafiə Nazirliyi top yemi üçün ət qıtlığı çəkmir - insanlar hər gün mənə yazıb müharibəyə necə gedə biləcəklərini soruşurlar. Bax elə dünən yazmışdılar ki, faşistləri vurmaq üçün hansı hərbi komissarlığa getmək lazımdır? Belələrinə deyirəm ki, sizə dəlixanaya getmək lazımdır".
Bokov BBC-yə müsahibə verəndə artıq bir həftəydi ki, evdəydi. Amma tezliklə orduya qayıdacaq. Dövlət qarşısındakı hərbi öhdəliyini ödəməlidir - müqavilədən imtina etdiyi üçün bu dəfə çağırışçı kimi. Onun xidmət müddətinini bitməsinə üç ay qalıb.
Bokovu yenidən müharibəyə göndərə bilərlərmi?
O bu sualın cavabını bilmir.