Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti elə özü təhlükəlidir. Sahibkarların açıqladığı faktlardan məhz belə qənaətə gəlmək olur. Çünki qurumun əməlləri, yaratdığı süni əngəllər, qida təhlükəsizliyi ilə bağlı başdansovdu fəaliyyəti AQTA-nın işinin cəmiyyət üçün təhlükə saçdığını deməyə əsas yaradır. Anaxeber.info bildirir ki, bu dəfə təqdim edəcəyimiz faktlar ağlasığmazdır və sözügedən agentlikdə yoxlamalar aparılmasına zərurət yaradır. Misal üçün bir detal qeyd edək: mağazalarda maqazinlərdə satılan yerli ədviyyatların istifadə müddəti 3 il yazılır. Amma dünya standartlarında qəbul olunmuş normaya görə üyüdülmüş ədvaların istifadə müddəti 6 aydır. Sual yaranır, niyə Azərbaycanda 3 il ədvalar qeyri-soyuducu şəraitində satılır? Ancaq AQTA buna göz yumur və rəhbəri Qoşqar Təhməzli ədviyyatların saxlanma müddətini və şəraitini araşdırmır. Yaxud da qurumun əməkdaşları özlərinə sərf edən şəkildə "monitorinq" aparırlar. Bundan başqa, digər problemə diqqət edək və yenə AQTA faktoru önə çıxır: belə ki, Bakıda böyük marketlərdə heyvan üçün nəzərdə tutulmuş qara undan çörək bişirilir. Onu yeyən kimi baş ağrı verir, hətta yüngül zəhərlənmə qaçılmazdır. O halda nə üçün AQTA qida təhlükəsizliyimizə birbaşa aidiyyatı olan bu məsələni araşdırmır? Əhaliyə heyvan üçün nəzərdə tutulan undan çörək bişirilib satılır, Agentlik isə mürgülıyir. Görünür, onlar yalnız iş adamlarına maneçilik yaratmaq, obyektlərə gedib cərimə yazmaqla işlərini bitmiş sayırlar. Anaxeber.info yazır ki, AQTA ümumən bir çox sahələrdə boşluq buraxıb. Misal üçün ölkəyə idxal edilən enerji içkiləri var, onlar gəncliyi məhv etməkdədir. Bura "Hell", "Bizon", "Red Bull" və digərləri daxildir. Bir müddət əvvəl təkliflər və çağırışlar da səsləndi ki, enerji içkilərinin ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır. Amma gündəmdən çıxdı. Həmçinin Azad İstehlakçılar Birliyi süd məhsullarının saxta olduğu faktlarını üzə çıxarır, amma AQTA bu problemə də məhəl qoymur. Yəni bir çox qida problemləri mövcuddur, onları sadalayırıq, Agentlik isə maraqlanmır. Bundan əlavə, AQTA kartof yetişdirən fermerlərin də başına oyun açır. Belə ki, kənddə kartof yetişdirən zavallı əsgər atası məhsulunu Rusiya bazarına çıxarmaq üçün Qoşqar Təhməzlinin "qıl" körpüsündən keçməlidir. Qonşu ölkələrdə k/t məhsullarının ixracına dövlət orqanları hərtərəfli kömək göstərdiyi halda, bizdə AQTA ixraca düşmən kəsilib, fermerdəbən tutmuş sahibkara qədər hamıya əngəl olur. Axı kartof kimi tez xarab olan məhsullar Azərbaycan bazarına sığışmır. Bu məhsullar əkiləndə Rusiya bazarı üçün nəzərdə tutulur. Bu süni problemi yaradan AQTA dövlətimizin iqtisadiyyatına ziyan vurur, daxildə qida məhsullarına sıfır nəzarət olduğu halda əhalinin sağlam qidalanması üçün heç bir iş görmür. Dəfələrlə quruma müraciətlər olub ki, mağazalarda köhnə qidaların satılmasına diqqət edin, sanki daşa-divara deyirsən. Ən dəhşətlisi odur ki, ölkəyə mənşəyi bilinməyən qida məhsulları ixrac olunur, buna qarşı da bir tədbir görülmür. Ona görə yaxşı olar ki, Azərbaycan Prezidenti bu məsələlər haqda, respublikanın qida təhlükəsizliyi ilə bağlı araşdırma aparsın, bir xüsusi komissiya təşkil olunsun, Nazirlər Kabineti işə qarışsın, çünki həmin quruma etibar qalmayıb. Eyni zamanda, İqtisadiyyat Nazirliyi və hüquq-mühafizə strukturları sahibkarlarla, istehsalçılarla görüşlər təşkil etsinlər, AQTA tərəfindən qida ixracı ilə bağlı verilən zərərli qərarlar barədə müzakirə aparılsın.
050 373 06 76
Anaxeber.info