Rusiya və Ukrayna rəsmiləri danışıqlar prosesinin dayandırıldığını açıqlayıblar. Nümayəndə heyətləri sonuncu dəfə martın sonunda Türkiyədə görüşüblər. Bundan sonra Moskva danışıqları məsafədən davam etdirdiyini və Kiyevin prosesi sabotaj etdiyini açıqlayıb. Xarkov vilayətində əks hücuma keçən Ukrayna isə təkid edir ki, danışıqlar prezidentlər səviyyəsində olmalıdır.
Danışıqların faktiki olaraq dayandırıldığını Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Ukrayna prezidenti aparatının rəhbəri Mixail Podolyak elan ediblər.
""Danışıqlar davam etmir. Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxıb", - Rudenko "Valday" Diskussiya Klubunun konfransında belə deyib və qeyd edib ki, "heç bir formada" danışıq aparılmır", - BBC-nin Rusca xidməti "Interfaks"a istinadən yazır.
"Ukrayna və Rusiya Federasiyası arasındakı danışıqlar prosesi dayandırılıb. Amma proses bərpa olunacaq və mənə elə gəlir ki, moderator [Ukrayna Prezidenti Vladimir] Zelenski olacaq", - Podolyak milli telemarafonun efirində belə deyib.
"O qeyd edib ki, Ukrayna "Putinin simasını xilas etmək üçün" heç nə vermək niyyətində deyil. Söhbət Ukrayna nümayəndə heyətinin danışıqlar prosesindən "çıxmasından və ya çıxmamasından" yox, bu mərhələdəki məqsədəuyğunluqdan və konkretlikdən gedir. "Konkretliklər olacaqsa, siyasi danışıqlar davam etdiriləcək"", - BBC-nin Rusca Xidməti "Ukrainskaya pravda"ya istinadən yazıb.
Daha əvvəl Zelenski bildirmişdi ki, "Mən Putinlə danışmağa hazıram. Amma yalnız onunla".
Moskvayla Kiyev arasında danışıqlar prosesi fevralın sonunda - Rusiyanın Ukraynaya təcavüzü başladıqdan cəmi bir neçə gün sonra başlamış, nümayəndə heyətləri ilk dəfə fevralın 28-də Belarus sərhəddində görüşmüşdülər. Mart ayında bir neçə görüş baş tutmuş, martın 10-da isə Antalyada Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba bir araya gəlmişdilər.
Tərəflər sonuncu dəfə martın 29-da İstanbulda masa arxasına oturublar. Sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiyaya sülh sazişiylə bağlı yazılı təkliflər təqdim edib. Bu təkliflər arasında Ukraynanın təhlükəsizliyinə beynəlxalq təminat müqabilində onun üçün neytral və qeyri-nüvə ölkəsi statusu müəyyənləşdirmək ideyası da olub. Ukrayna tərəfi bu xəbəri təsdiqləyib.
Həmin vaxt Rusiya Müdafiə Nazirliyi "Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin bir neçə dəfə azaldılması" haqda qərarını açıqlayıb.
Bundan sonra tərəflər danışıqların onlayn formatda davam etdirildiyini bildiriblər. Az sonra Moskva Kiyevi İstanbulda əldə olunmuş razılaşmalardan kənara çıxmaqda ittiham etməyə başlayıb.
Danışıqlarda iştirak edən şəxslərə yaxın mənbələr BBC-yə deyiblər ki, Buçada törədilmiş kütləvi qətllərlə bağlı informasiyanın ictimailəşməsi və Rusiyanın "Moskva" adlı flaqman kreyserinin vurulması prosesin davam etdirilməsinə neqativ təsir göstərib.
BBC-nin mənbələri həmçinin qeyd ediblər ki, müharibənin nəticəsi ilk növbədə döyüş meydanında həll olunacaq, danışıqların məqsədi isə belə münaqişələrin təkrar baş verməməsi üçün gələcəkdəki davranış qaydalarını müəyyən etməkdir.
BBC-nin həmsöhbətləri vurğulayıblar ki, dialoqun tempi və "temperaturu" cəbhədəki vəziyyətdən asılıdır.
Rusiya hər gün Ukraynanın müxtəlif bölgələrinə raketlər atmağa davam edir. Quruda döyüşlər əsasən ölkənin şərqində davam edir.
Ukrayna Baş Qərargahının məlumatına görə, son həftələrdə Rusiya ordusu Donbasda hücum əməliyyatlarını genişləndirməyə çalışıb. Ukrayna isə Xarkov vilayətində əks hücuma keçib. İki gün əvvəl rəsmilər ayrı-ayrı bölüklərin Rusiya sərhədinə çatmağa müvəffəq olduqlarını açıqlayıblar.
Paralel olaraq Ukrayna hərbçilərinin Mariupolda iki aydan çoxdur ki, döyüşdüyü "Azovstal" zavodu ərazisində də vəziyyət dəyişib. Aprelin 16-da Zelenski bildirib ki, "Azovstal"ın müdafiəçiləri kütləvi şəkildə həlak olsalar, danışıqlar baş tutmayacaq:
"Bizim hərbçilərin, bizim uşaqların məhv edilməsi bütün danışıqlara son qoyacaq".
Daha əvvəl - Buçada mülki əhalinin kütləvi şəkildə qətlə yetirlməsi məlum olanda da Ukrayna Prezidenti danışıqların perspektivini şübhə altına almışdı.
Bazar ertəsi, mayın 16-da hər iki tərəf "Azovstal"dakı hərbçilərin təxliyəsinin başlandığını açıqlayıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, ağır yaralı olan 53 hərbçi tibbi yardım üçün Rusiya tərəfinin nəzarətində olan Novoazovska təxliyə edilib. Daha 211 döyüşçü humanitar dəhliz vasitəsilə Olenevkaya göndərilib. "Sonra onların (evə) qayıtmaları üçün mübadilə proseduru həyata keçiriləcək", - Malyar belə deyib. Rusiya tərəfi onları "müharibə əsirləri" adlandırır. Çərşənbə axşamı Dövlət Dumasında "Azov"çuların qaytarılmamasını tələb ediblər.
Putin Rusiya-Ukrayna danışıqları mövzusunu dünya liderləriylə iki dəfə müzakirə edib.
Cümə günü - mayın 13-də, o, bu haqda Almaniya kansleri Olaf Scholz-la danışıb. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin danışıqların "Kiyev tərəfindən bloklandığını" deyib.
Ertəsi gün o, Finlandiya Prezidenti Sauli Niinistö ilə telefonda danışıb. Niinistö Finlandiyanın NATO-ya üzvlüklə bağlı qərar qəbul etmək üzrə olduğunu Putinə şəxsən bildirmək qərarına gəlib. Kremlin mətbuat xidməti bildirib ki, Putin danışıqlar prosesinin "ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırıldığını" deyib.
Moskva təkid edir ki, nümayəndə heyətləri İstanbul danışıqlarından sonra açıqlanmış sazişin parametrləriylə bağlı razılığa gəlməyincə, Putin və Zelenski arasında birbaşa danışıqlar mümkün deyil.
Zelenski isə əks mövqe tutur. O, dəfələrlə bəyan edib ki, "lap əvvəldən" Putinlə görüşün vacibliyini vurğulayıb, çünki informasiyanın başqaları vasitəsilə ötürülməsinin arzu edilən nəticəni verməyəcəyinə inanır.
"Mən Putinlə danışmağa hazıram. Amma yalnız onunla. Onun heç bir vasitəçisi olmadan. Həm də ultimativ şərtlərlə yox, dialoq şərtləriylə", - Zelenski ötən həftə İtaliyanın "Rai1" telekanalına müsahibəsində belə deyib.
Həmin müsahibədə Ukrayna Prezidenti bəyan edib ki, Kiyev heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq. O, Ukraynanın İstanbulda formalaşdırılmış mövqeyini belə izah edib: "Müharibə gedir, bu gün əsas olan insanların həyatıdır. Ağrılıdırsa, o məsələni kənara qoyaq. Türkiyədə bizim nümayəndə heyəti bunu kənara qoymağı təklif edib, amma həmişəlik yox. Təklif ediblər ki, dövlətlərimiz Krım məsələsini 10 il ərzində nizama salsınlar. Biz bu suala cavab almamışıq".
Moskva öz növbəsində bildirib ki, Kiyev İstanbul danışıqlarının inkişafıyla bağlı Rusiyanın təkliflərinə cavab verməyib.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes ötən həftə bəyan edib ki, Rusiya Donbasla bağlı hərbi məqsədlərinə çatsa belə, müharibəni dayandırmayacaq və ABŞ kəşfiyyatı "ən azı yaxın gələcəkdə danışıqlar prosesinin uğurlu davamı üçün perspektiv görmür".
BBC.com