“Qərb mətbuatında Rusiya diktatoru Vladimir Putinin Ukraynaya qarşı müharibəyə şəxsən rəhbərlik etməsi ilə bağlı xəbərlər bizim üçün çox yaxşı əlamətdir”.
Bu fikri hərbi ekspert Oleq Jdanov TSN-ə şərhində bildirib.
O xatırladıb ki, Rusiya “xüsusi əməliyyatı”na hərbçilər deyil, siyasətçilər rəhbərlik edir.
"Yeri gəlmişkən, bu, bizim üçün çox yaxşıdır. Siyasətçilər müharibənin təfərrüatlarına nə qədər çox girsələr, bu müharibə bir o qədər tez məğlubiyyətə məhkum olacaq. Ona görə də, Putin komandanlıq etsin. Hətta tarixi analogiya da çəkə bilərsiniz. 1945-ci ilin mart-aprel aylarında Hitler də eyni şeyi etdi. Hər həftə feldmarşallarını dəyişdi və bununla da şərq və qərb cəbhələrində müharibənin gedişində köklü dönüş nöqtəsinə nail olmağa çalışdı”, - Jdanov deyir.
Ekspert Rusiyanın Ukraynanın şimalında, o cümlədən Kiyevdə yeni hücumun da perspektivlərini dəyərləndirib. O, Rusiya Federasiyasından sərhədyanı ərazilərin atəşə tutulmasına baxmayaraq, belə bir təhlükənin olmadığını iddia edir.
"Bu, bizim Donbasa bu istiqamətlərdə qoşun yeritməyimizi qeyri-mümkün etmək cəhdidir. Onlar bu cür hərəkətlərlə əslində bizim silahlı qüvvələrimizi bütün sərhəd boyu uzatmağa çalışırlar", - o qeyd edir.
Jdanovun sözlərinə görə, rus işğalçıları hələ döyüşməyi öyrənirlər və başa düşüblər ki, bir istiqamətə təzyiq göstərərk, uğur qazanılarsa, onu daha da inkişaf etdirmək lazımdır.
"Ona görə də hesab edirəm ki, Rusiyadan əlavə səfərbər ediləcək və ehtiyat kimi formalaşacaq qüvvələr tələsik Donbasa aparılacaq", - Jdanov proqnozlaşdırır.
Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna gəlincə, o deyir ki, hər şey Qərb silahlarının tədarük həcmindən və vaxtında çatdırılmasındən asılı olacaq.
"Biz çox tez öyrənirik, ona görə də bununla bağlı heç bir problem olmayacaq. Öyrətmək üçün kifayət qədər insanımız var. Yəni, Qərb tərəfdaşları bizə nə qədər tez texnika və silah göndərsələr, bir o qədər tez hücum xarakterli zərbə qrupu yaradacağıq. Düşünürəm ki, bacara bilərik, hardasa iyunun sonu-iyulda”, - ekspert yekunlaşdırıb.
Bundan əvvəl Britaniyanın “The Guardian” qəzeti yazıb ki, Putin Ukraynadakı müharibədə şəxsən iştirak edir. Qərb hərbi mənbələrinin məlumatına görə, o, “polkovnik və ya briqada generalı səviyyəsində” operativ və taktiki qərarlar qəbul edir.
Hurriyyet.az