Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyev və Paşinyan yenidən Brüsseldə görüşəcəklər

21-05-2022, 08:10   



Pashinyan Aliyev

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Azərbaycan və Ermənistan liderləri mayın 22-də Brüsseldə görüşəcəklər, Ermənistan Baş nazirinin ofisi bildirir.

İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə aprelin əvvəlində Brüsseldə görüşüblər.

Tərəflər ötən ayının sonuna qədər ikitərəfli sərhəd komissiyasının yaradılması barədə razılığa gəlsələr də, bu məsələdə irəliləyiş əldə olunmayıb.

Ermənistan Baş nazirinin ofisinin yaydığı məlumata əsasən, mayın 22-də İlham Əliyev və Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in iştirakı ilə üçtərəfli görüş olmalıdır.

Azərbaycan görüşdə öz iştirakına dair rəsmi məlumat verməyib. Lakin mayın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Bakı ilə Yerevan sərhədlərlə bağlı ikitərəfli komissiyanın strukturu ilə bağlı razılığa gəliblər.

Çərşənbə günü isə Azərbaycan lideri tərəflər arasında əvvəl təyin edilmiş görüşlərin baş tutmamasının narahatlıq doğurduğunu deyib.

"Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir", İlham Əliyev bu barədə litvalı həmkarı Gitanas Nauseda ilə görüşdə deyib.


Paşinyan, Michel və Əliyev

ŞƏKLİN MƏNBƏYİ,GOV.AM

Şəklin alt yazısı,

İlham Əliyev və Nikol Paşinyan aprelin əvvəlində Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in vasitəçiliyi ilə Brüsseldə görüşüblər

Sülh müqaviləsi üzrə danışıqlar: tərəflərin mövqeyi nədir?

Azərbaycan

Azərbaycan sülh müqaviləsi ilə bağlı beş əsas prinsipi irəli sürüb. Onları mart ayında XİN açıqlayıb. Əgər təklifləri xülasə etsək, onlar aşağıdakılardan ibarət kimi görünər:

  • Azərbaycanın ərazi bütövlüyü - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yerləşdiyi ərazilər, eləcə də Xankəndi daxil olmaqla, Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınsın.
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası həyata keçirilsin;
  • Nəqliyyat və kommunikasiyalar, eləcə də Naxçıvana yol açılışın

Azərbaycan həmçinin iki ölkə arasında diplomatik və digər sahələrdə əməkdaşlığın başlamasını istədiyini bəyan edib.

Ermənistan

Ermənistan 21 fevralda Azərbaycandan aldığı təkliflərə 20 gündən sonra, martın 11-də, cavab verib. Ermənistan tərəfinin cavabını və təkliflərini xüsusi məsələlər üzrə səfir Edmon Marukyan açıqlayıb. Onları xülasəsi isə belə səslənə bilər:

  • Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət
  • Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi
  • Ermənistanın əsir hesab etdiyi, Azərbaycanda saxlanan şəxslərin qaytarılması

"Düşmənçilik səhifəsini çevirmək istəyirik"

Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da 44-gün davam edən müharibədən sonra atəşkəs bəyannaməsi imzalansa da, tərəflər bu günə kimi yekun sülh sazişinə nail ola bilməyiblər.

Hərçənd ki, həm Yerevan, həm də Bakıda sülh sazişinin mümkünlüyünə dəlalət edən pozitiv siqnallar səslənir - çərşənbə günü İlham Əliyevin Bakıdan Yerevana yollanacaq Litva Prezidenti Gitanas Nausedaya dedikləri bunun təsdiqi sayıla bilər.

Əliyev və Nauseda

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Şəklin alt yazısı,

Çərşənbə günü Azərbaycan və Litva Prezidentləri Bakıda bəyanatlarla çıxış ediblər

"Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik", - deyən İlham Əliyevin sözlərinə görə, Gitanas Nausedanın Ermənistana səfəri nəticəsində oradakı münasibət barədə daha yaxşı təsəvvürü yaranacaq.

Çox güman ki, Yerevanda Gitanas Nauseda Azərbaycan-Ermənistan danışıqlarının bir növ kontekstini göstərən kütləvi etirazların şahidi olacaq.

Ermənistan Baş nazirinin Azərbaycanla sülh sazişi imzalamaq niyyətilə bağlı siqnalları müxalifəti ayağa qaldırıb.

Aprelin əvvəlində Nikol Paşinyan bəyan edib ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddinin "aşağı salınmasını" istəyir.

Müxalifət Paşinyanı "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir. Ona qarşı etiraz çıxışları yeni hal deyil.

2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiyanın hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyannaməsi hakimiyyət əleyhdarlarının müqavimətilə qarşılaşmışdı.

Yerevanda etirazçılar

ŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES

Müharibənin başa çatması şərtlərini "biabırçı və qəbuledilməz" adlandıran müxalifət elə o zamandan bəri vaxtaşırı küçələrə çıxaraq hökumətin istefasını tələb edirdi. Lakin sonda üçtərəfli razılaşma ilə barışmağa məcbur oldu.

Artıq bir neçə həftədir ki, etirazların növbəti dalğası başlayıb. Hakimiyyətyönlü təhlilçilərə görə, müxalifət qərarlı görünsə də, hələ ki, küçələrə kifayət sayda insan çıxara bilməyib.

Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.

2022-ci ilin martında danışıqlar prosesində irəliləyiş əldə edilib - Azərbaycan münasibətlərin normallaşması üçün beş prinsip irəli sürmüş və Ermənistan onlara cavab verərək, öz şərtlərini söyləmişdi.

Lakin o zamandan bəri, tərəflər arasında bəyanatların tonu pozitiv olsa da, ölkənin yüksək rütbəli rəsmiləri bir neçə dəfə görüşüb-danışsa da, konkret irəliləyişin əlamətləri hələ ki, nəzərə çarpmayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar