ABŞ-dan Türkiyəni NATO-dan çıxarmaq çağırışı

21-05-2022, 11:06   


Mayın 23-də isə Ankara Finlandiya və İsveç diplomatlarına tələblərdən ibarət “Skandinaviya dosyesi” təqdim edəcək   

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı mövqeyi dünyada ciddi müzakirə mövzularından biridir.  Rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük təkliflərini təsdiqləməzdən əvvəl onların yerinə yetirmələrini istəyəcəyi  tələbdən ibarət siyahı da hazırlayıb. Tələblər mayın 23-də Türkiyəyə səfəri gözlənilən Finlandiya və İsveç diplomatları üçün hazırlanmış “Skandinaviya dosyesi” adlanan sənəddə öz əksini tapıb.

Hər iki ölkənin Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli təşkilatlara, habelə bu ölkələrdən Suriya kürdlərindən ibarət qruplaşmanın üzvləri ilə əlaqəni dayandırmalarını tələb edir.

Türkiyə həm də İsveç və Finlandiyanın Türkiyənin terror ittihamı ilə axtarışa verdiyi şübhəlilərin ekstradisiyası prosedurunu "sürətləndirməsini" istəyir.

Siyahıda həmçinin İsveçdən Türkiyəyə qarşı dini lider Fətullah Gülənin tərəfdarlarının dezinformasiyası adlandırdığı kampaniyanın qarşısını alması tələb olunur.

Yada salaq ki, Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı fikir ayrılıqlarını həll etmək üçün Türkiyə ilə işləyir və Ankaranın bu kontekstdə qaldırdığı təhlükəsizlik problemlərinin həllinin zəruri olduğu ilə razılaşırlar. Bu bəyanatla Finlandiya və İsveç liderləri Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşündən sonra keçirilən brifinqdə çıxış ediblər.

Finlandiya prezidenti Sauli Niinistö qeyd edib ki, Helsinki Türkiyə ilə yaxşı ikitərəfli münasibətləri ilə fəxr edir. "Biz razıyıq ki, Türkiyənin bir NATO üzvü kimi təhlükəsizlik məsələləri həll olunmalıdır. Biz terrorla mübarizəyə ciddi yanaşır və terrorçuluöun bütün formalarını pisləyirik", - S. Niinistö vurğulayıb.

O, əlavə edib ki, Finlandiya tərəfi artıq Türkiyə ilə dialoq aparır və bu danışıqlar yaxın günlərdə də davam etdiriləcək.

İsveçin baş naziri Maqdalena Andersson, öz növbəsində, Stokholmun mövcud problemlərin həlli üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzv dövlətləri ilə müxtəlif səviyyələrdə dialoq apardığını bildirib.

ABŞ liderinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan öz növbəsində bildirib ki, Ankaranın NATO-nun genişlənməsi ilə bağlı narahatlığı fonunda ABŞ prezidenti Cozef Bayden türkiyəli həmkarı Tayyib Ərdoğanla əlaqə yaratmağı planlaşdırmır.

ABŞ Yaxın Şərq Analitik Mərkəzinin prezidenti,  Daniel Pips Ankaranın tutduğu mövqeyə görə Türkiyənin NATO-dan kənarlaşdırılmasına çağırıb. "1952-ci ildən 2002-ci ilə qədər Türkiyə NATO-nun çox yaxşı müttəfiqi olub. Amma son 20 ildə Türkiyənin Alyansla münasibətləri çox pis olub, hətta bu, müttəfiqlik də deyil. Ankara Yunanıstan kimi NATO üzvlərinə düşmən siyasət aparır, Suriyanı işğal edib, Avropanı suriyalı miqrantlarla təhdid edib, Rusiyada “S-400”komleksleri alır”-Pips “TVP World”telekanalına belə deyib.

Onun fikrincə, Ankaranın siyasətinə və NATO-nun genişlənməsinə dair mövqeyinə görə Türkiyə artıq alyansın bir hissəsi deyil.

Orxan ƏLİYEV,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.