Sumqayıtda sahibkarlara 60 manata məcburən satılan dibçəklər quruyub
Eldar Əzizov Sumqayıt şəhərinə IH başçısı təyin olunanda sakinlərə söz vermişdi ki, onların bütün problemlərini qısa zamanda həll edəcək. Sumqayıtlılar sevinmişdilər ki, keçmiş başçı Vaqif Əliyevdən qalma çoxsaylı problemlərini qısa zamanda E.Əzizov həll edəcək. Başçının işə başladığı ilk günlərdən şəhər sakinləri IH-in qarşısına toplaşaraq E.Əzizovun qəbuluna yazılmağa başladılar. Xeyli zaman keçməsinə baxmayaraq qəbula yazılanların bir nəfərini belə E.Əzizov qəbul etmədi. Söz verdiyi vaxtdan 4 il keçməsinə baxmayaraq, heç bir şəhər sakininin problemi həll olunmayıb, əksinə, insanlar əlavə problemlərlə baş-başa qalıb.
Sumqayıt IH başçısı E.Əzizov indi də dibçək biznesinə girişib. Şəhərdə fəaliyyət göstərən bütün market, iaşə obyektləri, şadlıq saraylarının sahiblərinə 1 ədədi 60 manat olan dibçəklər satdırır. Ilkin sövdələşmələrdə kiçik narazılıqlar olsa da, az keçməmiş hamı başçının göstərişinə itaət etdi. Kimin nə həddi var ki, E.Əzizovun keçirdiyi “kampaniyada” iştirak etməsin. Dibçəkləri almayacağı təqdirdə sahibkarı sanitar həkim, vergilər idarəsinin böyük məbləğdə cərimələri gözləyir. Odur ki, hamı başını aşağı salıb, dinməz-söyləməz dibçəkləri almaq məcburiyyətində qaldı.
Həmin dibçəklər qapalı şəraitdə yetişdirildiyindən gün altında iki gün qaldıqdan sonra quruyur. Şəkildə gördüyünüz bu dibçəklərin qoyulduğunun həftəsi tamam deyil, artıq quruyub.
Yaşlı bağbanlardan dediyinə görə, həmin dibçəklərdə yetişdirilən, dekorativ kol sərv ağacından alınan toxumlardan peyvəndləmə yolu ilə alınıb.
Paradoksal haldır ki, E.Əzizov yaşıllaşdırma adı ilə sahibkarlara məcburən dibçək kollar satdırır, Sumqayıtın parklarındakı ağaclar susuzluqdan kütləvi şəkildə quruyub məhv olur. Guya su qıtlığının qarşısını almaq üçün başçı əvvəllər istirahət parklarına çəkilmiş su xətlərini bağlatdırıb. Sumqayıt şəhərinin parklarını gəzmək kifayətdir ki, minlərlə qurumuş ağacın şahidi olasan.
Sakinlərin problemlərini həll etmək əvəzinə Sumqayıtda başçı təyin olunandan sonra müxtəlif şoulara start verdi. Gələcək planları haqqında məhəllələrdə “açıq mikrofon” tədbiri keçirərək büdcə təşkilatlarını və “zəhmətkeşləri” həyətlərə toplatdıraraq əttökən musiqili şoular keçirirdi. Söz verirdi ki, sakinlər üçün qapıları həmişə açıq olacaq. Fürsətdən istifadə edən bəzi zirəng sakinlər həyətlərində mikrofon alaraq problemlərini başçıya çatdırırdılar. Başçı isə ətrafındakılara əmr edirdi ki, “protokola salın” (“Protokola salma” başçının populyar sözlərindəndir). Şikayət “protokol”a salınsa da, sonda heç bir tədbir görülmürdü.
Dediyinin əksinə olaraq vədinə xilaf çıxdı. Hazırda E.Əzizovun qəbuluna düşmək müşkül məsələdir. Qapıda duran dəllalları vasitəsilə ancaq müavinləri Rövşən Sadıqov və Sahib Quliyevin qəbuluna düşmək olar. Onlar da vətəndaşların problemlərinin həllindən dolayısı ilə yaxalarını kənara çəkərək “bu iş bizlik deyil” cavabını verirlər. Qeyd edək ki, hər iki şəxs E.Əzizov Gəncədə IH başçısı vəzifəsini icra edərkən başçının müavini vəzifəsində çalışmışlar. Paradoksal haldır ki, başçı Sumqayıtı tanıyan, onun problemlərinin köklü həllini bilən sumqayıtlı kadrlardan istifadə etmək istəmədi. Əlbəttə ki, E.Əzizov “kadr siyasəti”də yanılmır. O, Gəncədən gətirdiyi kadrları ilə bir çox “qaranlıq” işlərə imza atıb. Belə ki, Gəncə şəhərində fəaliyyəti zamanı bir çox dövlət müəssisələrini keçi qiymətinə özününkiləşdirilməsi zamanı həmin “kadr”lar ona həmdəm olub. Bu səbəbdən başçı “etibarlı” kadrlarından əl çəkmir.
Adının çəkilməsini istəməyən sahibkarın dediyinə görə, başçının qəbuluna düşmək üçün ümumi şöbənin müdiri Mövlan Babayevə 300 manat vermək lazımdır. Başçı Sumqayıt şəhərində elə bir ab-hava yaradıb ki, addımbaşı özbaşınalıqdır. Başçıya tabe olan sturukturlar onun “qaydalarına” uyğun olaraq şəhərin altını üstünə çevirirlər. Şəhər daxilində torpaqlar santimetrlə satılır. Artıq səkilər yox dərəcəsindədir. E.Əzizov avtobus dayanacaqlarının yerini belə satmaqdan çəkinmir.
Hazırda E.Əzizovun abadlıq adı altında gördüyü işlər yalnız (protokol) ölkə başçısının keçəcəyi yolların ətrafının kosmetik təmirindən ibarətdir.
Sələfi V.Əliyevdən ona böyük torpaq sahəsi qalmasa da, o, “hərraca” çıxarmağa yer tapır. Heç kimin ağlına gəlməyən yerlərdən torpaq sahələri qamarlayır. Gözündən heç nə yayınmır. Onun üçün ən qazanclı, prestijli yerlər parklardır. Gecənin birində yaşıllıq və parkların ortasında ağacları qırmaqla “talalar” açdırır. Yerini pullu müştəriyə istədiyi qiymətə sata bilir. Həmin “tala”da tikiləcək obyektin inşasını özünə məxsus (Gəncədən gətirmiş) briqadaya həvalə edir. Zarafat deyil, kişi bir güllə ilə iki dovşanı birdən vurur. Həm yer verir, həm tikinti materialını satır, həm də öz briqadası tikir. Bir sözlə, kişi daşdan pul çıxarır. Bir reklam çarxından deyildiyi kimi: “Daşdan pul çıxarmaq bu qədər asan olmamışdı”. Əvvəllər Sumqayıt parkları sıx meşəliyi xatırladırdı. Başçının göstərişinə əsasən “seyrəltmə” işləri aparıldığından parkların ortasında onlarla kafe və çayxanalar fəaliyyət göstərir. Son zamanlar başçının tapşırığına əsasən Sumqayıtda “əyri dom” kimi tanınan binanın qarşısındakı parka “hücum” çəkilib. Həmin ərazidə adına adaş olan Eldar şamları, dekorativ kollar və yaşıllıqlar məhv edilərək “Əmrahbank”ın yeni filialı inşa olunub.
Sumqayıtda kosmetik gözəlləşdirilmədə istifadə edilən materiallar başçının Gəncədəki zavodlarından daşınır. Şəhərin abadlığına ayrılmış milyonlar onunm özünə məxsus zavodlara köçürülür. Bu köçürmələrdə milyonlar mənimsənilir.
E.Əzizov Sumqayıtda böyük sərvətə sahiblənsə də, Sumqayıtı bəyənmir. O, gündəlik yaşadığı Mərdəkan qəsəbəsinə gedib-gəlir. Bu da əlavə olaraq sərvəti talanmış dövlətə izafi xərc yükləmək deməkdir. Başçının xidməti maşını Almaniya istehsalı olan son model BMW markalı avtomobildir. Həmin avtomobilin başqa nəqliyyat vasitələrindən beş qat çox yanacaq işlətməsini nəzərə alsaq, gündəlik yanacaq sərfiyyatına böyük məbləğdə pul xərcləndiyini demək olar. Əlbəttə, bu kimi xırda xərclər E.Əzizovu elə də qayğılandırmır.
Eldar Əzizov erasının sonu?!
Ölkə başçısı Ilham Əliyevin bu ilin 25 fevral tarixində Sumqayıta səfəri zamanı ona ictimaiyyət nümayəndələri və sahibkarlar E.Əzizovdan çoxsaylı şikayətlər ötürüb. Sumqayıt IH-də olan mənbəmizdən aldığımız məlumata görə, bütün şikayətlər PA-da geniş müzakirə olunub. E.Əzizovun kitabının bağlanması haqqında artıq qərar qəbul olunub. Uzun sürən müzakirələrdən sonra onun yerinə başçı axtarışına çıxılıb. Xatırladaq ki, Sumqayıt şəhərində 2 IH başçısı fəaliyyət göstərir, Qubadlı rayon qaçqınları Sumqayıtda kompakt yaşadığından Qubadlı rayon IH də bu şəhərdə bərqərar olunub.
Qeyd edək ki, 1970-ci illərdə Sumqayıt şəhərinin 1-ci katibi əslən Qubadlı rayonundan olan Kamran Hüseynovun dövründə həmyerliləri işsizlik ucbatından Sumqayıta köç edərək fabrik və zavodlarda yerləşdirildi. Üstəgəl, 1993-cü ildə ərazisi işğal olunmuş qubadlılar kütləvi şəkildə Sumqayıta üz tutdular. Bu baxımdan rayonun IH-i Sumqayıta köçürüldü.
Bu faktoru nəzərə alan PA yetkililəri Qubadlı rayon IH başçısı Malik Isaqovun üzərində dayanıb. Deyilənə görə, tezliklə Malik Isaqovun sərəncamı imzalanacaq. Ən yaxşı halda baş verəcək xalq etirazına su çilənməsində M.Isaqovdan istifadə olunması başadüşüləndir.
Şakir Həsənsu