İlham Əliyev: "Brüsseldə Zəngəzur dəhlizinin açılmasına razılaşdıq"

24-05-2022, 11:38   



Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dağlıq Qarabağ Qarabağ müharibəsi Qarabağ münaqişəsi BBC Orla Guerin BBC News Azərbaycanca Şuşa

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı Zəngəzur dəhlizinin açılmasına razılaşdıqlarını deyib.

O, bazar ertəsi türkiyəli həmkarı Recep Tayyip Erdoğanla telefon söhbəti zamanı bildirib ki, tərəflər Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı razılığa gəlib, Azərtac yazıb.

İlham Əliyev Prezident Erdoğanla söhbətində üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.

Bazar ertəsi, mayın 23-də, yəni Brüsseldə Aİ Şurasının sədri Charles Michel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradılması barədə sərəncam imzalayıblar.

Sərhəd

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bakı

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub.

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, müdafiə, ədliyyə nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Meliorasiya və Su Təsərrüfatı dövlət şirkəti sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar.

Dövlət Komissiyasının tərkibinə həmçinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər.

Yerevan

Ermənistan Baş nazirinin sərəncamı ilə, Azərbaycanla sərhədin delimitasiyası və təhlükəsizlik üzrə komissiyaya Baş nazir müavini Mher Qriqoryan rəhbərlik edəcək.

Ermənistan Hökumətinin rəsmi saytında qeyd olunduğu kimi, komissiyanın tərkibinə digər nazirlik və qurumların nümayəndələri də daxil olacaq.

Hazırda komissiyanın tərkibinə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastrukturlar nazirinin müavini Hovhannes Harutyunyan da daxildirlər.

Bundan başqa, komissiyada beynəlxalq hüquq məsələləri üzrə nümayəndə Yeğişe Kirakosyan, Ordu Baş Qərargah rəisinin müavini Arakel Martikyan, kadastr komitəsi rəhbərinin müavinləri Narine Avakyan və Aram Quqarats, sərhəd qoşunları komandiri Arman Maralçyan, MTX departamentlərindən birinin rəhbəri David Sanamyan və SQ hərbi topoqrafiya xidmətinin rəhbəri Sergey Petrosyan təmsil olunacaqlar.

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel

ŞƏKLİN MƏNBƏYİ,AZERTAC

Brüsseldə üçtərəfli Əliyev-Michel-Paşinyan görüşü: tərəflər nədə razılaşıblar?

Mayın 22-də Brüsseldə keçirilmiş Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşündə tərəflər "bütün məsələləri" nəzərdən keçiriblər, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel deyib.

Onun sözlərinə gorə, İlham Əliyev və Nikol Paşinyan sərhədlərlə bağlı komissiyanın birgə iclasının keçirilməsinə, Naxçıvana Ermənistan ərazisindən yol açılmasına, xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərinin yaxın həftələrdə sülh danışıqlarını davam etdirməyə razılaşıblar. Charles Michel Qarabağdakı etnik erməni əhalinin "hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini" liderlərin diqqətinə çatdırdığını bildirib.

Aİ təşəbbüsü və vasitəçiliyi ilə ötən ilin dekabrın 14-dən bəri artıq üçüncü dəfədir ki, bu formatda görüş keçirilir.

Görüşü "məhsuldar və səmimi" adlandıran Charles Michel-in sözlərinə görə, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq: "Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq".

Charles Michel deyib ki, liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər:

"Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər".

Aİ rəsmisi qeyd edib ki, yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri sülh müqaviləsinə dair müzakirələri davam etdirəcəklər.

"Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir", - Charles Michel bildirib.

O əlavə edib ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək.

Aİ rəsmisi onu da deyib ki, iyul-avqust aylarına qədər eyni formatda bir də görüşəcəklər.

Üçtərəfli görüşdən əvvəl Aİ Şurasının sədri Azərbaycan və Ermənistan liderləri ilə ayrıca təkbətək danışıqlar da aparıb.

İlham Əliyev, Charles Michel, Nikol Paşinyan

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Şəklin alt yazısı,

İlham Əliyev, Charles Michel, Nikol Paşinyan - Brüssel, 22 may 2022

Əliyev-Michel görüşü

Görüşdə Prezident İlham Əliyev Charles Michel-in Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə "verdiyi dəstəyi yüksək qiymətləndirib", Azərbaycan Prezidentinin mətbuat ximətinin məlumatında deyilib.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən "beynəlxalq hüquqa əsaslanan" 5 prinsipin təqdim olunduğunu qeyd edib.

Prezident İlham Əliyev "Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu" vurğulayıb.

İlham Əliyev Aİ Şurası sədrinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğuladı, rəsmi Bakının məlumatında deyilib.

Azərbaycan Prezidenti 10 noyabr Bəyanatının "bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini" qeyd edib.

Paşinyan-Michel görüşü

Ermənistan Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, Charles Michel ilə görüşdə Nikol Paşinyan "Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, humanitar problemlərdən" danışaraq, onların "həllinin vacibliyini"vurğulayıb.

Paşinyan və Michel ötən il dekabrın 14-də, eləcə də bu il aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşlərdə "əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi" aparıblar, məlumatda qeyd olunub.

Nikol Paşinyan və Charles Michel Ermənistan-Aİ ikitərəfli gündəliyinə dair məsələləri, xüsusilə də "Aİ-nin Ermənistan üçün elan etdiyi 2,6 milyard avro məbləğində investisiya və iqtisadi paketin icrasını" müzakirə ediblər.

Pashinyan Aliyev

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Tərəflər ötən ayının sonuna qədər ikitərəfli sərhəd komissiyasının yaradılması barədə razılığa gəlsələr də, bu məsələdə irəliləyiş əldə olunmayıb.

Mayın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Bakı ilə Yerevan sərhədlərlə bağlı ikitərəfli komissiyanın strukturu ilə bağlı razılığa gəliblər.

Çərşənbə günü isə Azərbaycan lideri tərəflər arasında əvvəl təyin edilmiş görüşlərin baş tutmamasının narahatlıq doğurduğunu deyib.

"Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir", - İlham Əliyev bu barədə litvalı həmkarı Gitanas Nauseda ilə görüşdə deyib.


Paşinyan, Michel və Əliyev

ŞƏKLİN MƏNBƏYİ,GOV.AM

Şəklin alt yazısı,

İlham Əliyev və Nikol Paşinyan aprelin əvvəlində Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in vasitəçiliyi ilə Brüsseldə görüşüblər

Sülh müqaviləsi üzrə danışıqlar: tərəflərin mövqeyi nədir?

Azərbaycan

Azərbaycan sülh müqaviləsi ilə bağlı beş əsas prinsipi irəli sürüb. Onları mart ayında XİN açıqlayıb. Əgər təklifləri xülasə etsək, onlar aşağıdakılardan ibarət kimi görünər:

  • Azərbaycanın ərazi bütövlüyü - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yerləşdiyi ərazilər, eləcə də Xankəndi daxil olmaqla, Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınsın.
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası həyata keçirilsin;
  • Nəqliyyat və kommunikasiyalar, eləcə də Naxçıvana yol açılışın

Azərbaycan həmçinin iki ölkə arasında diplomatik və digər sahələrdə əməkdaşlığın başlamasını istədiyini bəyan edib.

Ermənistan

Ermənistan 21 fevralda Azərbaycandan aldığı təkliflərə 20 gündən sonra, martın 11-də, cavab verib. Ermənistan tərəfinin cavabını və təkliflərini xüsusi məsələlər üzrə səfir Edmon Marukyan açıqlayıb. Onları xülasəsi isə belə səslənə bilər:

  • Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət
  • Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi
  • Ermənistanın əsir hesab etdiyi, Azərbaycanda saxlanan şəxslərin qaytarılması

"Düşmənçilik səhifəsini çevirmək istəyirik"

Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da 44-gün davam edən müharibədən sonra atəşkəs bəyannaməsi imzalansa da, tərəflər bu günə kimi yekun sülh sazişinə nail ola bilməyiblər.

Hərçənd ki, həm Yerevan, həm də Bakıda sülh sazişinin mümkünlüyünə dəlalət edən pozitiv siqnallar səslənir - çərşənbə günü İlham Əliyevin Bakıdan Yerevana yollanacaq Litva Prezidenti Gitanas Nausedaya dedikləri bunun təsdiqi sayıla bilər.

Əliyev və Nauseda

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Şəklin alt yazısı,

Çərşənbə günü Azərbaycan və Litva Prezidentləri Bakıda bəyanatlarla çıxış ediblər

"Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik", - deyən İlham Əliyevin sözlərinə görə, Gitanas Nausedanın Ermənistana səfəri nəticəsində oradakı münasibət barədə daha yaxşı təsəvvürü yaranacaq.

Çox güman ki, Yerevanda Gitanas Nauseda Azərbaycan-Ermənistan danışıqlarının bir növ kontekstini göstərən kütləvi etirazların şahidi olacaq.

Ermənistan Baş nazirinin Azərbaycanla sülh sazişi imzalamaq niyyətilə bağlı siqnalları müxalifəti ayağa qaldırıb.


Aprelin əvvəlində Nikol Paşinyan bəyan edib ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddinin "aşağı salınmasını" istəyir.

Müxalifət Paşinyanı "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir. Ona qarşı etiraz çıxışları yeni hal deyil.

2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiyanın hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyannaməsi hakimiyyət əleyhdarlarının müqavimətilə qarşılaşmışdı.

Yerevanda etirazçılar

ŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES

Müharibənin başa çatması şərtlərini "biabırçı və qəbuledilməz" adlandıran müxalifət elə o zamandan bəri vaxtaşırı küçələrə çıxaraq hökumətin istefasını tələb edirdi. Lakin sonda üçtərəfli razılaşma ilə barışmağa məcbur oldu.

Artıq bir neçə həftədir ki, etirazların növbəti dalğası başlayıb. Hakimiyyətyönlü təhlilçilərə görə, müxalifət qərarlı görünsə də, hələ ki, küçələrə kifayət sayda insan çıxara bilməyib.

Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.

2022-ci ilin martında danışıqlar prosesində irəliləyiş əldə edilib - Azərbaycan münasibətlərin normallaşması üçün beş prinsip irəli sürmüş və Ermənistan onlara cavab verərək, öz şərtlərini söyləmişdi.

Lakin o zamandan bəri, tərəflər arasında bəyanatların tonu pozitiv olsa da, ölkənin yüksək rütbəli rəsmiləri bir neçə dəfə görüşüb-danışsa da, konkret irəliləyişin əlamətləri hələ ki, nəzərə çarpmayıb.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.