Azərbaycanda referenduma gizli hazırlığın getdiyi bildirilir - “Bu məsələ “hökumətin yuxarı təbəqəsi”nin ilkin müzakirəsindən keçib”

26-05-2022, 08:50   



“BBC News Azərbaycanca” Azərbaycanda hökumətin konstitusiyada dəyişiklik edilməsi üçün referendum səsverməsinə hazırlaşması ilə bağlı bəzi iddialardan yazıb.

Media qurumu yazır ki, Bakı, Gəncə, Şamaxı və Mingəçevir şəhərlərində olan mənbələrin yerli icra orqanları tərəfindən ümumxalq səsverməsinə hazırlaşdığı bildirilir.

“Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu da “BBC News Azərbaycanca”ya deyib ki, hökumətdə təmsil olunan mənbələri ona növbəti aylarda referendumun keçiriləcəyini bildirib. Onun sözlərinə görə, konstitusiyaya dəyişiklik layihəsi hətta “hökumətin yuxarı təbəqəsi”nin ilkin müzakirələrindən keçib.

R.Arifoğlu bildirib ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti konstitusiyada dəyişiklik aparmağa məcbur edir:

Rauf Arifoğlu. Foto: APA

“Bildiyim qədəri ilə parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə, deputatların sayının qanun layihəsində 175 nəfərə çatdırılması nəzərdə tutulub”.

Rauf Arifoğlu deyib ki, hazırda Azərbaycan referenduma dövlət olaraq hazırlaşır və bu istiqamətdə Ermənistan tərəfinin də iştirakı ilə Brüssellə danışıqlar aparır.

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüş çərçivəsində Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyinə toxunub.

Arifoğlunun fikrincə, əgər prioritetlər dəyişməzsə, xüsusi ilə də yaxın aylarda “Sərsəng, Xocavənd və Xocalı istiqamətlərində hərbi əməliyyatlar olmazsa”, payızda Azərbaycanda referendum keçiriləcək və konstitusiyaya dəyişiklik ediləcək.

Politoloq Azər Qasımlı isə deyib ki, hökumətin nəzərdə tutduğu dəyişiklik Qarabağla bağlı deyil, siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb: bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Deputat Fazil Mustafa referendumun keçirilməsinə yalnız Ermənistanla yekun sülh sazişinin imzalanmasından sonra ehtiyac yarana biləcəyini deyib:

“Sülh müqaviləsi bağlanandan və müharibə riski azalandan sonra bu kimi müddəalarda müəyyən yumşalmalara gedilə və ya azsaylı xalqlarla bağlı müddəalar genişləndirilə bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli referenduma gizli hazırlığı pisləyib. O hesab edir ki, belə bir məsələ varsa, dərhal ictimailəşdirilməlidir. O da hesab edib ki, konstitusiyada köklü dəyişiklik aparılması zəruridir.

AXCP sədrinin fikrincə, prezident hakimiyyətinin səlahiyyətlərinin müəyyən hissəsi parlamentə verilməlidir. Bundan əlavə, məhkəmə hakimiyyətinin müstəqilliyi üçün konstitusiyada hüquqi təminatlar yaradılmalı, seçki sistemində dəyişiklik aparılmalı və qarışıq seçki sistemi əsas götürülməlidir.

Əli Kərimli
Foto: Meydan TV







REAL Partiyasının sədri İlqar Məmmədov da referendumdan məlumatsız olduğunu deyib.


“Hazırda biz parlamentdə boş qalan 7 yer üçün seçkilərin keçirilməsini istəyirik və bu yerlər uğrunda imza kampaniyası aparırıq. Lakin qeyd etdiyiniz məqamlar barədə heç bir ciddi məlumatım olmadığı üçün fikir bildirmək istəmirəm”, – REAL sədri əlavə edib.

İlqar Məmmədov
Foto: Meydan TV


Hakim partiyanın parlamentdə təmsil olunan üzvləri Səməd Seyidov və Aydın Mirzəzadə də referendum seçkisi ilə bağlı məlumatsız olduqlarını deyiblər.

Mərkəzi Seçki Komissiyası səslənən iddialarla bağlı münasibət bildirməyib.

Azərbaycanda konstitusiyaya dəyişiklik etmək məqsədilə 2016-cı il sentyabrın 26-da referendum keçirilib.

Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb.

Həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal [35 yaş] yaş həddi aradan qaldırılıb.

Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.