Xəbər verdiyimiz kimi, mayın 24-də əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüşü keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, tərəflər delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Görünən odur ki, Brüssel görüşündə əldə olunmuş razılıqlar artıq öz nəticəsini verməyə başlayır.
Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, artıq üçüncü Brüssel görüşünün müsbət nəticələrinin icraya doğru yönəlməsinin şahidiyik:
“Azərbaycan və Ermənistan Respublikalarının Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan dövlətlərarası sərhəddə Azərbaycan və Ermənistan arasındakı sərhədin delimitasiyası üzrə komissiya fomatındakı ilk görüşlərini keçiriblər.
Tərəflər görüş zamanı delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində bundan sonra da işləməyə razı olduqlarını təsdiq ediblər. Hər iki tərəf dövlərlərarası sərhəddə görüşlərlə yanaşı, komissiyanın növbəti iclaslarının digər yerlərdə keçirilməsi barəsində də razılığa gəliblər.
İclasda qərara alınıb ki, ikinci belə görüş Moskvada, üçüncü görüş isə Brüsseldə keçiriləcək. Bu, artıq iki ölkə arasındakı sülh razılaşmasına doğru atılan böyük addımlardan biri sayılmalıdır.
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında keçirilmiş görüşdə bir çox məsələlər üzrə konkret razılıqla əldə olundu. Onlardan biri də sərhədlərin delimitasiyası üzrə komissiyanın yaranması və onun formalaşdırılması məsələsi idi. İclasdan qısa vaxt keçməsinə baxmayaraq, artıq ilk görüşün keçirilməsi hər iki ölkə tərəfindən təmin edildi”.
Millət vəkili qeyd edib ki, bütün bunlar Azərbaycan Prezidentinin və Azərbaycanın xarici diplomatiyasının növbəti böyük uğurudur:
“Artıq keçirilən görüşlərin nəticələrini görməyə başlamışıq. Düşünürəm ki, Moskvadakı və Brüsseldəki keçiriləcək növbəti iclasların da nəticələri müsbət olacaq. Sərhədlərin delimitasiyası başa çatdıqdan sonra demarkasiya üzrə məsələlərlə bağlı işlərə başlanılacaq.
Demarkasiyanın qısamüddət ərzində həll oluna biləcək bir məsələ olmadığını bilirik. Lakin Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatiyamızın uğuru Ermənistanın bütün razılaşmalara əməl etməsini təmin edəcək. Burada Avropa İttifaqının da rolunu qeyd etmək lazımdır.
Şarl Mişel və Avropanın digər siyasi liderlərinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərin müsbət məcrada formalaşması üçün əməli addımlar atdığını görürük. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın zamanlarda qarşıya qoyulan bütün məqsədlərə çatılması təmin ediləcək”.
Elmir
Cebhe.info