KXCP qərargahında ölkəmizdə baş verən son həbs prosesləri ilə bağlı siyasi qüvvələrin birgə yaratdığı Birləşmiş Hüquq Müdafiə Mərkəzinin növbəti toplantısı keçirilir. Musavat.com-un müxbiri Cavanşir Abbaslı xəbər verir ki, toplantıda tanınmış müxalifət partiyalarının liderləri, təmsilçiləri, və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. İştirakçılar arasında dövlət qeydiyyatından keçmiş 10 siyasi partiyanın təmsilçiləri də var.
Musavat.com əməkdaşının toplantıdan verdiyi xəbərə görə, ilk olaraq, çıxış edən AXP sədri Pənah Hüseyn qurumun yarandığı gündən indiyə qədər gördüyü işlərdən danışdı. O, səhhəti ilə bağlı həyatları üçün böyük təhlükə yaranan məhbusların adları qeyd olunan ərizə ilə yerli və beynəlxalq təşkilatlara müraciət edilməsini təklif etdi. Hazırlanan ərizə partiya liderləri tərəfindən imzalandı.
Bundan əlavə, tədbirdə "Demokratiya Müdafiəsi Haqqında" Xartiya qəbul edildi. İştirakçılar sənədə imza atdılar. Toplantıda həbslərə etiraz olaraq, piket yaxud mitinq keçirmək təklifləri də səsləndirildi.
Yekunda sentyabrın 17-də saat 12:00-da ADP qərargahında son zamanlardakı həbslər, media institutlarının sıxışdırılması, mətbuata hücumlarla bağlı "Azərbaycanda Demokratiyanın vəziyyəti" adlı böyük tədbir keçirmək haqqında qərar qəbul edildi.
Musavat.com