“Mayın 24-də Ermənistan və Azərbaycan Milli Komissiyalarının sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələsi üzrə iki ölkənin sərhədində baş tutan ilk iclası konstruktiv şəkildə keçirilib”.
Cebhe.info-nun məlumatına görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan belə deyib.
“Həqiqətən, mayın 24-də biz sərhəddə ilk görüşü keçirdik. Bu görüşdə biz gələcək birgə işin istisnasız olaraq təşkilati məsələlərini müzakirə etdik və bu baxımdan görüşü kifayət qədər konstruktiv hesab edirəm. Delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti iclasının vaxtı ilə bağlı hələlik razılıq yoxdur. Lakin görüşün Moskvada baş tutacağı təsdiq olunub”.
Qriqoryan bildirib ki, gələn həftə Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə regionda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
“Hazırda bu görüşün konkret tarixi razılaşdırılma mərhələsindədir. Görüşün gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 (10) noytabr tarixli üçtərəfli Bəyanatının 9-cu bəndində və 2021-ci il 11 yanvar Bəyanatında göstərilən razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər daxildir. Bu gündəliyin delimitasiya ilə heç bir əlaqəsi yoxdur”,-deyə Mher Qriqoryan əlavə edib.
Qeyd edək ki, 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndi belə razılaşdırılıb:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Lakin indiyə qədər Ermənistan həmin bənddə göstərilən öhdəlikləri yerinə yetirməkdən yayınır."
Müşfiq Abdulla
Cebhe.info