MOSKVA SÜLHÜN QARŞISINI ALMAQ ÜÇÜN BAKINI VƏ İRƏVANI TƏHDİD EDİR - “Kreml nəzarət etdiyi mediaya yeni tapşırıq verib...”

28-05-2022, 14:00   





Rusiya Avropa İttifaqının Azərbaycan-Ermənistan münaqişəsinin tam və hərtərəfli həlli ilə bağlı fəallığını artırmasından narahatdır. Brüsseldə Şarl Mişelin vasitəçiliyi sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan razılaşmanın dərhal icraya yönədilməsi Moskvada qıcıqla qarşılanıb.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünən səsləndirdiyi bəyanatda yer alan ifadələr bundan xəbər verirdi: “Moskva Brüsseldən Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə yardım edəcəyini və “geosiyasi oyunlar" oynamamağı gözləyir. Biz Aİ-nin üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi prosesinə müdaxilə etmək üçün davamlı cəhdlərini görürük. Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, bu prosesi təşviq etməkdir. Moskva bütün istiqamətlərdə tərəfdaşlara hərtərəfli yardım, o cümlədən nəqliyyat əlaqələrinin açılması, sərhədin delimitasiyası, ictimai dialoqun qurulması və sülh müqaviləsinin işlənib hazırlanmasında dəstək verir".

Bu bəyanatın ardınca diqqəti çəkən başqa hadisələr baş verdi və eyni tezisli ekspert şərhləri Rusiya mətbuatında görünməyə başladı.

Ardınca isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sünikə (Zəngəzur) səfər edib. Onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin rəhbərliyi müşayiət edib.



Bu barədə yayılmış rəsmi məlumatda qeyd olunur ki, səfir 2020-ci ildə Yerasx (Arazdəyən) qəsəbəsi yaxınlığında döyüş tapşırığını (?) yerinə yetirərkən həlak olmuş “Mi-24" helikopterinin ekipaj üzvlərini yad edib. Kopırkin Ermənistanla sərhədin (Laçın və Qubadlı rayonları ilə) ”Tex" və “Paruyr Sevak” sərhəd-keçid məntəqələrində də olub.

Xatırladaq ki, bu hadisə İkinci Qarabağ müharibəsində atəşkəs bəyanatı imzalanmazdan saatlar əvvəl - 9 noyabr 2020-ci il tarixində Naxçıvan-Ermənistan sərhədinin Arazdəyən kəndi yaxınlığından keçən hissəsində baş verib. Azərbaycan hərbçiləri döyüş mövqelərinə istiqamətlənən Rusiyaya məxsus “Mi-24" hərbi helikopteri vurub. Bundan sonra rəsmi Bakı hadisənin yanlışlıqla baş verdiyini bəyan edib və qarşı tərəfdən üzr isitəyib, həlak olan hərbçilərin ailələrinə kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Ermənistan tərəfi həmin Rusiya helikopterinin həlak olmuş şəxsi heyətinin xatirəsinə abidə qoyub.

Rusiya səfirinin helikopter qəzasını məhz indi yada salması diqqət çəkir. Bununla Brüssel görüşündən narazı qalan Moskvanın rəsmi İrəvana ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın tam darmadağın olmaqdan necə xilas etdiyini xatırlatmaq istədiyi istisna deyil.

Rusiya mətbuatında dərc olunan ekspert şərhlərinə gəlincə,onlarda Kremlin hazırki mövqeyi aydın görünür. Məsələn, Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov deyir ki, Moskva artıq əvvəlki kimi rahat deyil: “Azərbaycan və Ermənistanın artıq Brüsseldə sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı razılığa gəlinməsi danışıqlar üçün çox təsiredici əsasdır. Moskva bunu bacarmadı...”



Dubnov hesab edir ki, istənilən halda Moskva danışıqlar prosesində iştirakını saxlayacaq: “İnanıram ki, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı növbəti görüşü Moskvanın vasitəçiliyi ilə baş tutacaq”.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Aleksandr Krılov da Brüssel görüşünü Aİ-nin təşəbbüsü ələ keçirmək cəhdi kimi qiymətləndirir: “Bu, ATƏT-in Minsk Qrupunun faktiki olaraq fəaliyyətsiz olduğu şəraitdə Aİ-nin vəziyyətə təsirinin yeni formasıdır”. Onun fikrincə, Rusiya bu məsələ ilə bağlı özünün xüsusi nümayəndəsini təyin edib və belə çıxır ki, Avropa fəal olmaq üçün öz yerini axtarır. Danışıqların davam etməsi, əlbəttə ki, yaxşıdır. Amma bunun praktiki hansı nəticələrə gətirib çıxaracağı tam aydın deyil".


Ekspert Ermənistanla Azərbaycan arasında yekun sərhədin Rusiyanın köməyi olmadan müəyyən edilə biləcəyinə şübhə ilə yanaşır: “Rusiyanın birbaşa iştirakı və köməyi olmadan Aİ Azərbaycan və Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində necə təsir göstərə bilər? Moskva olmadan bu prosesi başlamaq və başa çatdırmaq mümkün deyil. Aİ-nin nə sərhəd xəritələri, nə də bölgədə yerləşdirilmiş hərbi kontingenti var”.

Krılovun sözlərinə görə, Aİ ilə Rusiya arasında münasibətlərin kəskin mürəkkəbləşməsi Brüsselin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməyib. Ekspert hesab edir ki, Aİ-nin mövqeyi dəyişməz qalıb: “Brüssel əvvəlki kimi, münaqişənin həlli zamanı etnik ermənilərin hüquqlarına hörmət edilməli olduğunu iddia edir. Ukraynada müharibə səbəbindən yaranmış gərgin vəziyyətdə indi həm Moskva, həm də Brüssel təkbaşına Bakı ilə İrəvan arasında danışıqlarda uğur qazanmağa çalışırlar”.

Əlbəttə, rusiyalı ekspertlər xəritələr mövzusunu təsadüfən gündəmə gətirmir. Rusiya prezidenti Putin Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. 1926-cı il və 1974-cü il tarixli hansı xəritənin əsas götürüləcəyi isə hələ də bilinmir. Rusiya iddia edir ki, sovet dövrü xəritələri ancaq Moskvada Müdafiə Nazirliyində saxlanır. Onlar yoxlanıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar.

Bununla da Moskva tərəflərin onun iradəsindən kənarda hansısa razılaşmaya gedə bilməyəcəklərinə işarə vurur.



Professor Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirib ki, Rusiya özündə olan xəritələrə çox güvənir: “Ona elə gəlir ki, ondan başqa heç kəsdə xəritə yoxdur. Amma Azəbaycanda da bu xəritələr var. Əslində, Rusiya topoqrafik xəritələrə diqqət yetirir və belə hesab edirlər ki, əsas hərbi xəritələrdir, o da yalnız Rusiya Müdafiə Nazirliyindədir. Lakin sovet dövründə həm siyasi, həm topoqrafik xəritələr buraxılıb. Burada SSRİ-yə daxil olan bütün respublikaların inzibati sərhədləri göstərilirdi. İndi Rusiya hər şey əldən çıxdıqdan sonra xəritələrin əlində olduğunu söyləməklə üstünlük qazanmağa çalışır”.



Q.Hüseynlinin sözlərinə görə, sadəcə, Moskva bu məsələlərin həllinə fayda vermək əvəzinə yanlış təsəvvürlər yaradır: “Zənnimcə, Rusiyanın söylədiklərinə inanmaq lazım deyil. Moskva danışıqlarda imtiyazları ələ keçirmək cəhdləri göstərir. Amma bir daha təkrar edirəm ki, həmin xəritələrdən Ermənistanda da, Azərbaycanda da var. Rusiyanın bu yanaşmaları siyasi məqsədlər daşıyır”.

Politoloqun fikrincə, Avropa Birliyi prosesin monitorinqini aparacaq: “Hətta eyham vurublar ki, kənar gücün müdaxiləsinə, əngəl olmasına imkan verməyəcəklər. İyul-avqustda da Brüsseldə görüş keçiriləcək. Qərb bu dəfə daha israrlı görünür və hiss olunur ki, Paşinyanın özünə də təzyiq göstərilib. Ancaq Avropa Birliyi prosesləri dinamik surətdə aparmaq istəyirsə, Nikol Paşinyana nəzarət etməlidir ki, Moskva ona təsir göstərə bilməsin”.



Siyasi analitik Elxan Şahinoğlu isə deyir ki, Kreml nəzarət etdiyi mediaya yeni tapşırıq verib: “Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldəki növbəti görüşü topa tutun! Əmri alan Rusiya mediası Ermənistanın radikal müxalifət təmsilçilərinə və Paşinyana müxalif olan ekspertlərə istinad edərək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkil etdiyi görüşü və əldə edilən razılaşmaları aşağılamağa çalışır. Brüsseldə növbəti görüş avqustda olacaq. Bu tarixə qədər Moskva Ermənistandakı əlaltıları vasitəsilə prosesi pozmağa çalışacaq”.

Ekspertin sözlərinə görə, Kreml Paşinyana bircə gün də nəfəs dərməyə imkan vermədi: “Baş nazir Brüsseldən qayıdan kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana zəng edib. Əslində, Lavrov Mirzoyandan Paşinyanın Brüssel görüşünün hesabatını istəyib, növbəti dəfə ”yolunuzu azmayın" mesajını çatdırıb".

Elçin

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.