Ukraynadakı işğal olunmuş Xerson vilayətində hansısa çayın üzərindən keçən körpünü müdafiə edən rus hərbi birləşməsinin erməni komandiri, podpolkovnik Andranik Qasparyan Putin tərəfindən “Rusiya qəhrəmanı” adına layiq görülüb. İndi erməni mətbuatı gecə-gündüz öz “qəhrəmanı”nı göylərə qaldırmaqla məşğuldur.
Əlbəttə, erməni və rus cəmiyyətlərinin böyük hissəsi işğalçı mahiyyətinə görə bir-birinə çox bənzəyir və bu mənzərədə qeyri-adi bir şey yoxdur. İşğalçı ordunu həvəsləndirmək üçün böyük hərbi cinayətin iştirakçılarına çevrilən bu adamlara hansısa adların, mükafatların verilməsi də adi haldır. Ancaq həmin bu Qasparyanın tərcümeyi-halında bəzi maraqlı məqamlar var.
Belə ki, bu “qəhrəman” Rusiyada yox, Ermənistanın Leninakan rayonunda doğulub və məlum zəlzələdən sonra onun ailəsi Omsk vilayətindəki hansısa kəndə köçüb, sonra isə bu şəxs Rusiyada hərbi məktəbi bitirib. Bəs, zabit olandan sonra onu hara xidmət etməyə göndəriblər?
Əlbəttə ki, Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasına! Bəli. Bu, bir daha göstərir ki, Gümrüdəki baza rus bazasından daha çox, Rusiyanın Ermənistandakı erməni hərbi bazasıdır. Ukraynanın işğalında iştirak etməyə də həmin bu erməni zabiti elə Gümrüdən yollanıb...
Əlbəttə, ədalət xatirinə təəssüflə də olsa deməliyik ki, hazırda Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan rus ordusunda Rusiya vətəndaşı olan Azərbaycan əsilli hərbçilər də var. Ancaq təbii ki, onlara hər körpü müdafiəsinə görə “Rusiya qəhrəmanı” adı verməzlər. Çünki erməni deyillər. Ancaq bir tərəfdən də, elə yaxşı ki, vermirlər. Səbəbini izah etməyə yəqin ki, ehtiyac yoxdur...
Təxminən on gün əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli baş leytenant Ağasiyev Kirill Yaşar oğluna "Ukrayna Qəhrəmanı" fəxri adını verib. Bundan öncə də Ukrayna Ordusunda döyüşən azərbaycanlı hərbçilər dəfələrlə mükafatlandırılıblar, orden və medallarla təltif olunublar. Bu gün də Ukrayna Ordusunda peşəkar hərbçi və könüllü kimi savaşan çoxlu sayda azərbaycanlı var.
Yuxarıda qeyd edilən təltiflərə gəlincə, bunun özü bir növ simvolik xarakter daşıyan və azərbaycanlılarla ermənilərin seçimi arasındakı fərqi göstərən hadisələrdir. Deməli, məmləkət, cəmiyyət, ruh və nəhayət, döyüşçü olaraq azərbaycanlıların böyük qismi Ukraynanın tərəfində olduğu, döyüşdüyü halda, ermənilərin əksəriyyəti tarixi ağaları olan Rusiyanın tərəfindədir.
Həmvətənlərimizə Zelenski səviyyəsində verilən qiymət isə təkcə azərbaycanlıların Ukraynaya deyil, eyni zamanda Ukraynanın da Azərbaycana və azərbaycanlılara münasibətinin göstəricisi sayıla bilər.
Yəqin, onu xüsusi izah etməyə ehtiyac yoxdur ki, bu gün bütün dünyanın işğalçı və talançı, bir çox Qərb dövlətlərininsə hətta hərbi cani kimi gördüyü, uzun müddət məlum səbəblərdən öz bunkerində gizləndiyi bildirilən, öz həyatına, sağlamlığına az qala şizofreniya səviyyəsində həssas yanaşan, başqa dövlət rəhbərlərilə əl uzadıb görüşməkdən belə qorxan, əvəzində isə yüz minlərlə gənc Rusiya vətəndaşını gözünü qırpmadan Ukrayna çöllərinə qırğına, ölümə göndərən Putindən mükafat almaqla, bu gün bir çox Qərb liderlərinin belə cəsarətinə, dəyanətinə həsəd apardığı, ən ümidsiz günlərdə də Kiyevi tərk etməyən və dünyanın böyük hissəsinin böyük hörmət və ehtiramla qarşıladığı, hesablaşdığı Zelenskidən “Ukrayna Qəhrəmanı” adı, yaxud hansısa digər rütbə, ad almaq tamamilə fərqli şeylərdir. Bu fərq həm də Azərbaycan və erməni cəmiyyətləri, onların mənəvi keyfiyyətləri, dünya görüşləri, prioritetləri və Ukraynada baş verənlərə baxışlarındakı fərqdir...
Ermənistanın dövlət və cəmiyyət olaraq Rusiyaya dəstəyi təbii ki, rus ordusunda döyüşən ermənilərlə məhdudlaşmır. Buraya Ukraynanın Ermənistandakı səfirliyi qarşısında keçirilən etiraz və
Rusiyanı dəstək aksiyalarından tutmuş erməni ordusuna aid hərbi təyyarələrin rusların xidmətinə verilməsinə, beynəlxalq təşkilatlardakı səsvermələrdə Moskvanın dəstəklənməsinə, İrəvanın rusların sanksiyalardan yayınması üçün poliqona çevrilməsinə, KTMT-də iştiraka və s. qədər bir çox amillər daxildir.
Azərbaycan isə gözlənildiyi kimi, rus puluna, yaxud bir “molodes”ə işləyən, ya da sadəcə, başı Moskva vaxtı ilə çalışan azsaylı “rusbaşlar” istisna olmaqla tam əks mövqedə - ədalətin tərəfindədir.
Azərbaycanın dövlət olaraq Ukraynaya göstərdiyi mülki, humanitar yardım, göndərdiyi yanacaq və s. min tonlarla ölçülür. Ukraynadakı bir çox iş adamlarımızın, diaspora rəhbərlərimizin fəaliyyəti, dövlətimizin iqtisadi, siyasi və mənəvi dəstəyi, cəmiyyətimizin və xalqın münasibəti də öz yerində.
“Bizim təcrübəmizə əsaslanaraq, ən önəmlisi heç bir zaman işğalla razılaşmamaqdır... İndi mən fəxr edirəm ki, biz Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik, böyük ağacların arxasında gizlənmirik. Nə demək istədiyimizi deyirik!”
Bunu isə Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən tədbirdə Ukrayna mövzusunda danışarkən deyib.
Bəli, bizim təcrübəmiz Ukrayna üçün doğrudan da əhəmiyyətlidir. Ermənistanın işğalçılıq və 44 günlük müharibədəki məğlubiyyət təcrübəsi isə Rusiya üçün əhəmiyyətli və bəlkə də onun Ukraynadakı gələcək taleyinə bənzər olacaq...
Nəhayət, bütün bunlar həm də o deməkdir ki, Azərbaycan və Ermənistan dövlət və cəmiyyət olaraq bu gün Ukraynada öz mahiyyətinə görə tamamilə fərqli izlər qoyur və bu izlər mütləq tarixdə və yaddaşlarda qalacaq...
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”