Rusiya və Avropa Birliyi arasında rəqabət intensiv xarakter almağa başlayıb. Hər iki tərəf Cənubi Qafqaz regionunda nüfuz savaşına girişib. Həm Rusiya, həm də Avropa Birliyi bu regiona nəzarət uğrunda barışmaz mabarizə aparır. Və bu iki rəqibin eyni vaxtda Cənubi Qafqazda geopolitik oyunçu rolunda çıxış etməsi demək olar ki, mümkün deyil.
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi regiona Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesi üzərindən girməyə çalışır. Bu proses Rusiya üçün də böyük əhəmiyyət daşıyır və üstəlik, Kremlin əsas regional istinad faktoru sayılır. Və Avropa Birliyi məhz bu dayaq faktorunu Rusiyanın əlindən almağa çəhd göztərir.
Sonuncu Brüssel görüşündən sonra Kreml bu prosesin Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə nəticələnə biləcəyini artıq qətiləşdirmiş kimi görünür. Ona görə də, həmin görüşdən sonra Rusiya bölgədə öz vasitəçilik missiyasını qorumaq niyyətini daha fəal şəkildə mərhələyə keçirtməyə çalışır. Xüsusilə də, Kreml hazırda Rusiyanın bütün diqqətini Ukrayna savaşına yönəltməsindən Avropa Birliyinin Cənubi Qafqaza yerləşmək üçün istifadə etdiyini nəzərə alır.
Təbii ki, bu baxımdan, Rusiyanın siyasi rəhbərliyinin son vaxtlar həm Azərbaycan, həm də Ermənistanla intensiv təmas vəziyyətində olması qətiyyən təəccüblü deyil. Rusiya prezidenti Vladimir Putin son Brüssel görüşünün ardından Ermənistan baş naziri Nikol Paşinyan ilə fikir mübadiləsi aparıb. Və bu dəfə Kreml sahibi Azərbaycan lideri ilə regional prosesləri müzakirə edib.
Müzakirə zamanı üçtərəfli anlaşmaların icrasına, regionda sülhün və sabitliyin təmin olunmasına, iqtisadi-ticari və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa imkanlarına, eləcə də, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş Brüssel görüşünün nəticələrinə diqqət yetirilib. Kreml hazırda sadalanan məsələlərin hər birisinə xüsusi həssaslıqla yanaşır. Çünki, bu məsələlər ətrafında cərəyan edən proseslərin istiqamətləri Rusiyanın Cənubi Qafqazda geopolitik taleyini müəyyən edə bilər.
Maraqlıdır ki, Kreml hazırda Ermənistan cəmiyyətində Brüssel görüşlərinin nəticələrinə bağlı narazılıqlardan Rusiyanın regional mənafeləri çərçivəsində faydalanmağa çalışır. Belə ki, sonuncu Brüssel görüşündən sonra Ş.Mişelin verdiyi açıqlamalar erməni toplumunda ciddi narahatlıq doğurub. Ermənistan cəmiyyətində hesab edirlər ki, Ş.Mişel öz açıqlamasında “artsax”ın yekun statusu və özünütəyinetmə hüququ barədə susması rəsmi İrəvanın “Dağlıq Qarabağ məsələsi” ilə bağlı Azərbaycanın bütün şərtlərini qəbul etdiyini göstərir.
Rəsmi İrəvanın Ş.Mişelə bu mövzu ilə bağlı iradlarından sonra Avropa Birliyi Şurası növbəti dəfə açıqlama vermək məcburiyyətində qalıb. Ancaq bu dəfə də Ermənistan cəmiyyətinin ümidləri doğrulmayıb. Çünki, Avropa Birliyi Şurası Paşinyan hakimiyyətini qorumaq niyyətinə düşməyib və Ş.Mişelin sadaladığı tezisləri eynilə təkrarlayıb.
Təbii ki, Paşinyan hakimiyyətinə müxalif olan revanşist düşərgə bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Son məlumatlara görə, Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanının sifarişi ilə Xankəndi və ətraf bölgədə yaşayan ermənilər kütləvi etiraz aksiyası keçiriblər. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi Paşinyan hakimiyyətinə qarşı Xankəndi mitinqinin keçirilməsində xüsusi canfəşanlıq edib.
Erməni separatçıların təmsilçisi David Babayan isə Rusiya sülhməramlı qüvvələrin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə ətrafında yaranmış vəziyyətin regional proseslərə təsirini şişirtməyə çalışıb. Onun iddiasına görə, “artsax”ın mövcudluğu regional, hətta qlobal geoplotik tarazlığın qorunmasına önəmli faktor rolunu oynayır. D.Babayan hesab edir ki, “artsax” olmazsa, Cənubi Qafqazın geopolitik landşaftını ciddi şəkildə dəyişə bilər. Və dünya hətta nüvə savaşı təhlükəsiylə qarşı-qarşıya qalar.
Təbii ki, belə sərsəm geopoliotik kombinasiya yalnız separatçı erməninin ağlına gələ bilər. D.Babayan hələ də anlamaqda çətinlik çəkir ki, Cənubi Qafqazda “erməni faktoru” artıq çoxdan öz əhəmiyyətini itirib. “artsax” ucbatından dünyanın nüvə müharibəsi təhlükəsi ilə üzləşə biləcəyi isə yalnız xəstə təxəyyülün məhsulu ola bilər. Halbuki, D.Babayanın xəbəri olmasa da, “artsax”ın artıq çoxdan mövcud olmadığı da inkar edilməz reallıqdır. Və bu, Cənubi Qafqazda 30 illik qeyri-sabitliyin sona çatmaq, yeni dövrün başlanması deməkdir.
Məsələ ondadır ki, “artsax” artıq yoxdur, Ermənistanın isə var olub-olmayacağı indi erməni toplumundan deyil, məhz rəsmi Bakının verəcəyi qərarlardan asılıdır. Ona görə də, erməni toplumu hazırda “artsax” sayıqlamalarını bir kənara buraxıb, rəsmi Bakını Ermənistanın mövcudluğuna razı salmağa çalışmaq məcburiyyətindədir. Və bu məsələdə Ermənistan cəmiyyətinin Rusiyaya olan ümidləri də artıq tamamilə əhəmiyyətini itirib.
İndi Ermənistan cəmiyyəti üçün siyasi gündəmi də, rəsmi İrəvanın atacağı addımları da məhz Azərbaycan müəyyən edir. Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlaması da məzmunca bu reallığı təsdiqləyir. Revanşistlərin “artsax” təhvil verilib” ittihamına cavab verən erməni spiker vurğulayıb ki, müxalifət düşərgəsini hazırda Ermənistan əhalisinin heç iki faizi belə, dəstəkləmir: “Çünki, onlar reallıqdan uzaq tələblərlə və şüarlarla çıxış edirlər. Məsələn, mənim parlamentin sədri kimi, “artsax”ın heç vaxt Azərbaycanın tərkibində olmayacağı bəyanatı ilə çıxış etmək haqqım yoxdur. Hazırda danışıqlar davam edir. Ona görə də, belə bəyanatlar qarşı tərəflə dialoqdan imtina etmək demək olardı. Bu, danışıqlar prosesini iflic edə bilər”.
Göründüyü kimi, rəsmi İrəvan revanşist müxalifətdən fərqli olaraq, reallığa daha yaxın mövqe tutmağa çalışır. Böyük ehtimalla Rusiyanın israrlı və pozucu müdaxiləsi olmazsa, Paşinyan hakimiyyətinin rəsmi Bakı ilə anlaşması o qədər də ciddi problem yaratmaz. Ancaq Ukrayna savaşının və regionda Rusiya-Avropa Birliyi rəqabətinin nəticələri aydınlaşdıqca, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi qarşısında olan əsas əngəllər əhəmiyyətini itirə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu