Sərhəddə vəziyyət yenə gərginləşdi: Paşinyan orduya nəzarət edə bilmir?

3-06-2022, 13:41   


Sərhəddə vəziyyət  yenə gərginləşdi: Paşinyan orduya nəzarət edə bilmir? 


Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulma halları artır. 

Hazırda Azərbaycan və Ermənistan arasına istər Rusiyanın, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları davam etdirilir. Buna baxmayaraq, erməni hərbçiləri yenə də bölmələrimizi atəşə tuturlar. 

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır”, - deyə məlumatda qeyd olunur.

Sülh prosesinin davam etdiyi bir zamanda rəsmi İrəvan tərəfindən belə təxribat hallarının qarşısının alınmaması diqqət çəkir. 

Hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın orduya nəzarət edə bilmədiyi deyilir. Bir çox ekspertlər hesab edirlər ki, Ermənistan Ordusu Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırma prosesini pozmaq üçün sərhəddə gərginlik yaradır, Baş nazirin siyasətini boykot edirlər. 

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyan Ermənistan Ordusuna tam nəzarət edir: 

“Biz Ermənistanda yaşanan real vəziyyəti təhlil etdikdən sonra bu fikri söyləyə bilərik. Ermənistanda Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün Rusiya ilə razılaşdırılmış etiraz aksiyaları keçirilir. Paşinyan da bunu bəhanə edərək müəyyən məsələləri ləngidir. O, sülh danışıqlarının yekunlaşmaması, delimitasiya və demarkasiya proseslərinin, o cümlədən erməni yaraqlılarının Qarabağdan çıxarılma prosesinin uzanması, Zəngəzur dəhlizinin açılması məsələsinin ləngiməsi üçün çalışır. Yəni Paşinyan bir tərəfdən ölkə daxilindəki etiraz aksiyalarını, bir tərəfdən də sərhəddə atışmalar olduğunu bəhanə edir. Amma atışmaları da edən məhz erməni tərəfidir və əsgərlərimiz onları yerində otuzdurur. Bizim mətbuatda və siyasi cameədə belə rəy formalaşdırıblar ki, guya Paşinyan “mələkdir” və orduya nəzarət edə bilmədiyi üçün təxribatlar baş verir. Lakin bu fikirlər tamamilə yanlışdır. Əslində Ermənistan Ordusu Nikol Paşinyana tabedir. Ordunun daxilində Paşinyandan xoşu gəlməyən qüvvələr ola bilər, amma bu, Azərbaycan Ordusuna məhz onların atəş açdığını deməyə əsas vermir. Atəşkəsin pozulma halları isə sadəcə planlaşdırılmış hərəkətlərdir”. 

Elmir
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.