Ukraynada müharibə necə yekunlaşacaq? Beş mümkün variant

6-06-2022, 11:58   



Ukrayna

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bütün müharibələr ümumi xüsusiyyətinə görə okean sularının qabarma və çəkilməsinə bənzəyir və Rusiyanın Ukraynaya qarşı işğal müharibəsi də istisna deyil. 

Müdafiə qüvvələrinin çevik məğlub olma qorxusu Ukraynanın müqavimətini artıraraq, Rusiyanın geri çəkilməsi ilə əvəzləndi. Bu isə öz növbəsində Rusiyanın hücumlarının Ukraynanın şərqində daha da artmasına gətirib çıxardı.  


Müharibənin başlaması yüz günü ötüb. Biz artıq müharibənin necə bitəcəyi barədə danışa bilərikmi? 

Bu baxmdan, bir-birini istisna etməyən və daha inandırıcı olan beş mümkün ssenari var. 

1. Uzunmüddətli zəiflətmə müharibəsi 

Rusiya və Ukrayna qüvvələrinin bir-birini sistemli məhv etməyə çalışması müharibənin aylar, hətta illərlə davam etməsinə gətirib çıxara bilər.  

Hər şey tərəflərdən birinin taktiki məğlubiyyəti və ya digərinin qələbəsi ilə dəyişə bilər. Lakin heç biri təslim olmaq istəmir. Rusiya Prezidenti inanır ki, strateji dayanıqlılığı təmin etməklə o qələbə qazana biləcək və hesab edir ki, Qərb Çinin təhdidi, eləcə də iqtisadi çətinliklər səbəbindən Ukraynaya kömək etməkdən yorulacaq.  

Qərb isə öz növbəsində Ukraynaya silah yardımı etməkdə qərarlı olduğunu göstərir. Döyüş sahəsində ön cəbhələr artıq formalaşıb və müharibə tədricən “sonsuz müharibə” müstəvisinə keçir. 

“Qısa müddətdə tərəflərdən hansısa birinin taktiki və strateji üstünlük qanacağını düşünmürəm”, -ehtiyatda olan avstraliyalı general Mick Ryan bildirib.  

Rusiya, Ukrayna

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

2. Putin atəşkəs elan edəcək

Bəs, əgər Putin birtərəfli atəşkəs elan edərək, dünyanı təəccübləndirsə, necə? Belə olan halda, o ələ keçirdiyi ərazilərdə möhkəmlənə və eyni zamanda qələbə elan edə bilər.  

Putin iddia edə bilər ki, “xüsusi hərbi əməliyyat” öz məqsədlərinə çatıb: Kremlin dəstəklədiyi Donbasdakı separatçılar təhlükəsiz şəkildə müdafiə olunub və Krıma quru dəhlizi açılıb. Bundan sonra o, mənəvi baxımdan qazandığı üstünlükdən istifadə edib Ukraynanı düşmənçiliyə son qoymağa məcbur edə bilər. 

Lakin ABŞ, Böyük Britaniya və Şərqi Avropa ölkələrinin bir çoxu buna qarşı çıxıblar. Onlar hesab edir ki, Rusiyanın Ukraynanı işğal etməsi həm Ukraynanın, həm Avropanın maraqlarına, həm də beynəlxalq nizama ziddir.

Belə olan halda Rusiya tərəfindən birtərəfli atəşkəs elanı vəziyyəti dəyişə bilər. Lakin bu, düşmənçiliyin bitməsi ilə yekunlaşmayacaq.

Rusiya, Putin

ŞƏKLİN MƏNBƏYİ,EPA

3. Döyüş meydanında çıxılmaz vəziyyət 

Bəs, əgər Rusiya və Ukrayna qərara alsalar ki, döyüş meydanında heç nə əldə edə bilməyəcəklər və münaqişənin siyasi yolla həlli üçün danışıqlara başlasalar necə? 

Onların ordularının həm canlı qüvvə, həm də texnoloji baxımdan tükəndiyini təsəvvür edin. Müharibənin davam etməsi qanın axıdılması və resursların sərf edilməsi baxımından artıq sərfəli deyil. Və təsəvvür edin, Rusiyanın hərbi və iqtisadi itkiləri əvəzedilməz dərəcədədir və Ukrayna xalqı da artıq müharibədən yorulub, insanlar artıq xəyali qələbə üçün həyatlarını riskə atmaq istəmirlər.   

Bəs, əgər Kiyev rəhbərliyi Qərbin ona dəstək verməyəcəyinə inansa və qərara alsa ki, artıq danışıqlar masasına oturmaq vaxtıdır, onda necə olacaq? 

Hər şeydən əvvəl ABŞ Prezidenti Joe Biden açıq şəkildə deyir ki, amerikalıların məqsədi danışıqlar masasında Ukraynanın ən güclü mövqeyə malik olmasıdır. Bir çoxları deyir ki, Qərb bu müharibədə Rusiyanın məğlub olmasını arzulasa da, Ukraynanın qalib gəlməsinə elə də niyyətli deyil.  

Lakin döyüş meydanında mövcud olan çıxılmaz vəziyyət daha uzun çəkə bilər və münaqişənin siyasi yolla həllinə nail olmaq getdikcə çətinləşər. Ona görə yox ki, Kiyev Moskvaya etibar etmir: Ukrayna inanır ki, Putinlə istənilən müqavilə Rusiyaya öz gücünü yenidən toparlayıb təkrar hücum etmə imkanı verəcək.  

Beləliklə, sülh razılaşması uzun müddət davam etməyəcək və düşmənçiliyin yeni formada davam etməsinə gətirib çıxaracaq. 

Rusiya, Ukrayna

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

4. Ukrayna qalib gəlsə 

Hər şeyə rəğmən, Ukrayna qələbə qazana bilərmi? Kiyevin Rusiya qüvvələrini işğaldan əvvəlki sərhədlərə qaytara bilməsi mümkündürmü? 

“Ukrayna şübhəsiz bu müharibədə qələbə qazanacaq”, - Volodymyr Zelenski Niderland televiziyasına müsahibəsində bildirib.  

Rusiya Donbası ələ keçirə bilməsə və növbəti məğlubiyyətə uğrasa necə? 

Rusiyanın müharibə maşını artıq Qərbin sanksiya hücumları altındadır. Belə olan halda uzaq-mənzilli artilleriya ilə təmin olunan Ukrayna əks həmlələrə başlaya və Rusiyanın təchizat xəttini ələ keçirə biləcəkmi? 

Bəs, əgər Ukrayna ordusunu yenidən qursa və onu müdafiə deyil, hücum mövqeyində formalaşdırsa necə? 

Siyasətçiləri mümkün nəticə barədə düşünməyə məcbur etmək üçün bu ssenari qəbulediləndir. Hər şeydən əvvəl, əgər Putin məğlubiyyətlə qorxudulsa, o, kimyəvi, hətta nüvə silahlarından istifadə edərək münaqişəni daha da ağırlaşdırmaq istəyəcək. 

5. Rusiya qələbə qazansa 

Bəs, Rusiyanın mümkün “qələbəsi” barədə nə demək olar? 

Qərb bildirir ki, əvvəlki məğlubiyyətlərə baxmayaraq, Rusiya hələ də Kiyevi ələ keçirmək və Ukraynanın böyük hissəsinin ona təslim olması planlarından əl çəkməyib.  

Hökumət rəsmilərindən birinin bildirdiyinə görə, heç kəs bu planı təxirə salmayıb.  

Rusiya Donbasda uğur qazandıqdan sonra ordusunu yenidən Kiyevə və digər istiqamətlərə yönəldə bilər.  

Təsəvvür edin ki, Rusiya qüvvələrinin say üstünlüyü və komandirlərin öz əsgərlərinin həyatını qurban verməyə hazır olması müsbət nəticələr verir və Ukrayna ordusu itkilərlə üzləşir.  

Prezident Zelenskinin etiraf etdiyi kimi, hər gün Ukrayna ordusu yüzə yaxın itki verir və 500-dən çox əsgər yaralanır.  

Cəmiyyətdə fikirlər haçalana bilər: Ukraynalıların bəziləri müharibənin davam etməsini istəyəcək, digərləri isə sülhün əldə olunmasını və normal həyata qayıtmağı tələb edəcəklər. Bəzi qərb ölkələri də Ukraynaya dəstək verməkdən yorula bilərlər. 

Lakin digər tərəfdən, əgər onlar görsə ki, Rusiya müharibədə üstünlük qazanır, Ukraynanın bəzi müttəfiqləri münaqişəni digər səviyyəyə keçirə bilər.  

Qərb dipomatlarının şəxsən mənə dedikləri kimi, Qərb Rusiyaya xəbərdarlıq məqsədi ilə Sakit okeanda nüvə silahlarını sınaqdan keçirməlidir. 

Yəni, bu müharibənin gələcəyi hələ öncədən müəyyənləşməyib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.