Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq savaşı dörd aya yaxındır davam edir. Bu müddətdə demək olar ki, Kreml əsas hədəflərinə nail ola bilməyib. Amma buna baxmayaraq, Rusiya müharibəni dayandırmaq niyyətində deyil. Hazırda hərbi və siyasi ekspertlər bundan sonra hadisələrin hansı istiqamətdə cərəyan edəcəyinə dair müxtəlif ssenarilər irəli sürürlər.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın ”Korrespondent.net” internet portalı “Çıxılmaz dalan və qələbə. Müharibənin bitməsinin beş ssenarisi” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:
Ukraynanın qələbəsi
Hollandiya televiziyasına müsahibəsi zamanı Prezident Volodimir Zelenski deyib ki, Ukrayna bu müharibədə əsas etibarilə qalib gələcək. Rusiya hərb maşını Qərbin sanksiyaları altındadır, Ukraynaya isə uzaqvuran artilleriya və yaylım atəşi sistemləri verilib.
Ukraynanın səmərəli əks-hücum ssenarisi tamamlilə mümkündür. Əgər Putin məğlubiyyət təhlükəsilə üz-üzə qalsa, kimyəvi silahdan və ya hətta nüvə silahından istifadə etməklə vəziyyəti daha da gərginləşdirmək istəyə bilərmi?
Bu yaxınlarda London Kral Kollecində seminar keçirən tarixçi Neyl Ferqyuson bu haqda deyib: ”Mənə elə gəlir ki, ixtiyarında nüvə silahı olduğu halda, Putinin adi müharibədə məğlubiyyətini etiraf etməsi az inandırıcıdır”.
Dalana dirənmə
Rusiya və Ukrayna hərbi yolla heç nəyə nail olmayacaqları qənaətinə gələ birlərlər. Rusiyanın hərbi və iqtisadi itkiləri yeri doldurulmayacaq qədər böyükdür. Ukrayna xalıqı da müharibədən yorulub, insanlar hansısa xəyali qələbədən ötrü həyatlarını artıq riskə atmaq istəməyə bilərlər.
Bəs, əgər rəsmi Kiyev Qərbin bundan sonrakı dövrdə də Ukraynaya lazımi dəstək verəcəyinə inanmasa, danışıqlar masası arxasında oturmaq vaxtının gəlib çatdığı qərarına gələ bilərmi? ABŞ Prezidenti Co Bayden açıq söyləyir ki, amerikalıların məqsədi Ukraynanın danışıqlar masası arxasında ən güclü mövqe ilə oturmasını təmin etməkdir.
Əlbəttə, mümkündür ki, döyüş meydanında aylarla pat vəziyyəti yaransın və münaqişənin siyasi həllinə nail olmaq hədsiz dərəcədə çətinləşsin. Çünki ilk növbədə Kiyev Moskvaya əsla inanmır və hesab edir ki, Putinlə bağlanan istənilən müqavilə onun güc toplaması və yenidən hücuma hazırlaşması üçün fasilə kimi istifadə ediləcək. Ona görə də sülh müqaviləsinin ömrü qısa ola və hərbi fəaliyyətlər yenidən başlaya bilər.
Taqətdən salma müharibəsi
Əgər Ukrayna və Rusiya orduları sistematik şəkildə bir-birilərini əzərlərsə, müharibə aylarla, hələ bəlkə də, illərlə davam edər. Rusiya prezidenti strateji dözüm nümayiş etdirməklə güman edir ki, Qərb Ukraynaya yardım göstərməkdən yorulacaq və bütün gücünü öz iqtisadiyyatına və həmçinin də Çindən gələ biləcək təhlükəyə yönəldəcək. Amma Qərb hələ ki, qətiyyət göstərir və Ukraynanı silahla təchiz edir. Döyüş meydanında praktik olaraq cəbhə xətti formalaşır, müharibə tədricən “bitməz müharibə” mövqeyinə keçir.
Adının gizli qalması şərti ilə “Washington Post” qəzetinə müsahibə verən bir rusiyalı milyarder deyib: ”Putin zənn edir ki, Qərb taqətdən düşəcək. O, həqiqətən də Qərbin güclü və yekdil reaksiyasını gözləmirdi, ona görə də indi vəziyyəti dəyişməyə cəhd göstərir və inanır ki, uzunmüddətli perspektivdə qalib gələcək. Qərb liderlərinin mövqeləri mühüm seçki fazaları qarşısında kövrək olur. Putin əmindir ki, ictimai fikir bir saatın içində dəyişə bilər. Eyni zamanda Kremldə ”biz məğlub ola bilmərik” əhval-ruhiyyəsi hökm sürür. Bu cür mövqe ondan xəbər verir ki, Kreml Qərbin iqtisadi sanksiyalar təzyiqinə uzun müddət ərzində dözə biləcəyinə inanır. Putinin başqa yolu da yoxdur. O, müharibəni davam etdirməklə və Ukraynanı taxıl blokadasına almaqla bunun Yaxın Şərqdə sabitliyin pozulmasına və yeni qaçqınlar dalğasına gətirib çıxaracağına ümid bəsləyir".
Sülh
Putin deyə bilər ki, onun “xüsusi hərbi əməliyyatı” öz məqsədinə çatıb və Kremlin dəstəyindən istifadə edən Donbas etibarlı qorunur. Həmçinin, Krımla Rusiya arasında quru dəhlizi yaradılıb. Bundan sonra o, Ukraynanı döyüşləri dayandırmağa çağıra bilər. Böyük Britaniyanın “Chatham House” beynəlxalq münasibətlər İnstitutunun eksperti Kir Cayls bildirib: ”Əgər Avropa Ukraynanı sülh naminə silahı yerə qoyub, öz ərazilərinin bir hissəini güzəştə getməyə inandıra bilərsə, o zaman Rusiya bu üsuldan istənilən vaxt istifadə edə bilər”. Belə bir fikir artıq Parisdə, Berlində və Romada səslənib: yəni deyilir ki, müharibə etməyin nə mənası var, qlobal iqtisadi problemlərdən qurtulmaq üçün gəlin barışa nail olaq. Lakin ABŞ, B.Britaniya və Şərqi Avropanın əksər ölkələri buna qarşıdırlar. Həmin ölkələrin siyasətçiləri əmindirlər ki, Rusiyanın təcavüzü istər Ukraynanın, istərsə də Avropanın maraqları və eləcə də beynəlxalq qaydalar kontekstində uğursuzluğa düçar olmalıdır.
Rusiyanın qələbəsi
Qərb analitikləri deyirlər ki, Kiyevin zəbt olunması və Ukraynanın əksər hissəsinin özünə tabe etdirilməsi planının alınmamasına baxmayaraq, Rusiya bu niyyətindən hələ də əl çəkməyib. Rusiya Donbasda uğur əldə etdikdən sonra yenidən Kiyevə doğru yürümək üçün qoşunlarını digər istiqamətlərdə hərəkətə gətirmək istəyəcək. Ukrayna Prezidenti Volodimir Zelenskinin özü etiraf edib ki, müharibədə hər gün yüzə yaxın ukraynalı döyüşçü həlak olur və 500 nəfər yaralanır. Əgər döyüş meydanındakı vəziyyət ağırlaşarsa, o zaman ictimaiyyətin fikri bölünə bilər: ukraynalılardan kimsə müharibənin davam etməsini istəyə bilər, kimsə adi həyata qyıtmaq üçün sülh bağlanmasını tələb etməyə başlayar. Bəli, ola bilər ki, bəzi Qərb ölkələri Ukraynaya kömək etməkdən usansınlar. Digər tərəfədən, əgər onlar görsələr ki, Rusiya üstünlük qazanır, o zaman Ukrayna müttəfiqləri içərisində münaqişənin yeni səviyyəyə keçirilməsini istəyənlər də ola bilər”.
“AzPolitika.info”