Son zamanlarda Ermənistanın ölkəmizə qarşı təxribatları artmağa davam edir.
Bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Avropa İttifaqının vasitəçili ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqları ilə bağlı görüşlər keçirilməsinə baxmayaraq, ermənilər öz çirkin əməllərindən əl çəkmirlər.
Rəsmi Bakı bununla bağlı dəfələrlə xəbərdarlıq etməsinə rəğmən, təxribatların qarşısı alınmır. Görünür erməni təxribatlarının qarşısını almaq üçün atıla biləcək ən doğru addımlardan biri məhz Qarabağda məskunlaşmaq olacaq.
Ekspertlər hesab edirlər ki, dayanmayan erməni təxribatlarının qarşısını almağın yollarından biri də Qarabağdakı məskunlaşmanı sürətləndirməkdən keçir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Qarabağın işğaldan azad olunmuş əraziləri çox qısa zamanda məskunlaşdırılmalıdır:
“Təəsüflər olsun ki, son il yarım ərzində hələ də məskunlaşma ilə bağlı problemlərimiz qalmaqdadır. Bu da ilk növbədə həmin ərazilərin böyük hissəsinin minalardan təmizlənib qurtarmaması ilə bağlıdır.
Eyni zamanda, quruculuq və abadlıq işlərinə də çox böyük məğləğdə maliyyə ayrıla bilmədiyinə görə məskunlaşma prosesi olduqca ləng gedir. Hazırda sadəcə Zəngilanın Ağalı kəndi qurulub və ora yaxın dönəmlərdə insanların qayıtması gözlənilir. Amma bu yetərli deyil. Yəni il yarım ərzində cəmi bir “ağıllı kənd”i hazırlaya bilmişik.
Düzdür, digər infrastruktur layihələri həyata keçirilir, Füzulidə beynəlxalq aeroport açılıb və Zəngilanda da oktyabr ayında hava limanının açılması gözlənilir. Həmçinin, Laçında da aeroportun tikintisi davam etdirilir, yollar çəkilir və digər kommunikasiya xətləri bərpa olunur. Hesab edirəm ki, daha ciddi investisiyalar cəlb olunmalıdır”.
Partiya sədrinin sözlərinə görə, azərbaycanlı və xarici iş adamlarını bu proseslərə cəlb etmək lazımdır:
“Xüsusən də, bizə yaxın olan dövlətlərin iş adamlarını cəlb etmək lazımdır. Bu isə çox kompleks bir məsələdir. Yəni həmin investorlar ölkəyə gəlib investisiya yatırmaqda maraqlı olmalıdırlar.
Yalnız bu formada həmin əraziləri daha tez bərpa etmək və insanları geri qaytarmaq olar. 30 ilə yaxın müddət ərzində öz dədə-baba torpaqlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşı müharibədəki qələbəmizdən sonrakı il yarım ərzində daha böyük şövqlə həmin ərazilərə qayıtmağı gözləyirlər.
Qarabağda məskunlaşmanın daha tez aparılması birmənalı olaraq ermənilərin həmin ərazilərdən gözünü çəkməsinə və təxribatlardan çəkinmələrinə səbəb ola bilər. Ona görə də bu, dövlətin prioritet məsələsidir. İnsanlar həmin ərazilərə qayıdaraq məskunlaşmalıdırlar ki, həm düşmənlərimiz, həm də dünya birliyi görsün ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi kimi, sahib çıxmağa da qadirdir”.
Elmir
Cebhe.info