Kremlin Azərbaycan siyasətində “çatlaqlar” - Putinin başı qarışıb, yoxsa...

15-06-2022, 11:07   


“RİA-Novosti”nin Beqlaryanla olan müsahibəni silməsi, Lavrovun Fərruxla bağlı dediklərinə düzəliş olunması suallar doğurur - Bakı siyasətində koordinasiya nəzarətdən çıxıb, yoxsa hakimiyyətdəki erməni lobbisi fürsətdən istifadə edir?!

Son günlər Rusiyanın Azərbaycana yönəlik siyasətində strateji müttəfiqlik sazişinə uyğun olmayan açıqlamalar verilir və addımlar atılır. “Yeni Müsavat” buna misal kimi özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsi və səsləndirdiyi sərsəm fikirləri göstərə bilər. Və bu, Bakının haqlı etirazına səbəb oldu. Rusiya hökumətinin maliyyələşdirdiyi agentliyin belə bir addım atması əlbəttə ki, hansısa redaktorun səhvi və ya özbaşınalığı ola bilməzdi.

Rusiyanın dövlət agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan münasibətlərin ruhuna qətiyyən uyğun deyil və  Moskvanın  postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır. “RİA Novosti” agentliyi Azərbaycanda rəsmən bloklandıqdan sonra geriyə addım atdı. Xeyli müddətdir Qarabağdakı separatçıları cani-dildən təbliğ edən “RİA Novosti”  agentliyi özünü Azərbaycanın ərazilərində qanunsuz təşkilatın “naziri” adlandıran separatçı Artak Beqlaryanla qalmaqallı müsahibəni sildi.

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlər də Bakıda dərhal reaksiya doğurdu və XİN bununla bağlı bəyanat yaydı. Bir neçə saat sonra Rusiya XİN görüşlə bağlı yaydığı stenoqramda dəyişiklik etdi. Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi “Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən ”yerdə" müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq" fikirləri “Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi ”saxlayır".

Russia committed to avoiding nuclear war, top diplomat Lavrov says | The  Japan Times

Sergey Lavrovu

Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək" kimi dəyişdirildi.

Hər iki ciddi qalmaqal yaradan hadisə Rusiyanın Azərbaycan siyasətində sanki koordinasiyanın pozulduğunu,"çatlaq siyasət" olduğunu göstərir. Mümkündür ki, bəzi qüvvələr Ukraynada gedən müharibədən istifadə edərək Kremlin Bakı ilə münasibətlərinə zərbə vurmağa çalışırlar. Çünki bu səhvlər ardıcıl bir siyasət olsaydı, o zaman qondarma separatçı qurumun “naziri”ilə müsahibə gec də olsa agentlikdən çıxarılmazdı, eləcə də Lavrovun Fərruxla bağlı “yanlışı” tez bir zaman düzəldilməzdi. O halda Kremlin Azərbaycan siyasətində nə baş verir? Rusiyanın Azərbaycan siyasətdə koordinasiya Kremlin nəzarətindən çıxıbmı? Yoxsa Rusiya hakimiyyətindəki erməni lobbisi fürsətdən istifadə edib münasibətlərdə gərginlik yaratmaq istəyir?

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi şərhçi Azad Məsiyev “Yeni Müsavat”a xatırlatdı ki, Rusiya və Azərbaycan arasında müttəffiqlik bəyannaməsi imzalanıb və buna qədər də 44 günlük müharibədə şimal qonşumuz bitərəf mövqedə qalıb: “Bütün bunlar əlaqələrin daha da inkişafına gətirib çıxarıb. Amma münasibətlərin inkişaf etməsi erməniləri narahat etməkdədir. Ona görə Rusiya mediasında kök salmış erməni lobbisi münasibətləri korlayan fikirlər səsləndirir. Bəzən Duma üzvləri arasında, ekspertlər içində də Bakı-Moskva əlaqələrini gərginləşdirmək niyyəti daşıyan çıxışlar olur. Amma onlar bir mərkəzdən idarə edilmir, yəni Rusiyanın mövqeyi deyil. Rusiyanın siyasətini onun prezidenti müəyyən edir. Sadəcə, erməni lobbisinin təsiri altında olan güclər bu cür fəallıq göstərirlər”.

Ekspertin sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələrinin yaxşı olması həm də Ankara-Moskva münasibətlərinin inkişafına dəstək olur: “Azərbaycanla Rusiyanın arasını vurmaq, soyuqluq yaratmaq istəyənlər var. Bu oyunda Qərb siyasətinin elementlərini görə bilərik. Cənubi Qafqazda Rusiya ilə Amerikanın maraqları toqquşur deyə ermənilərin əli ilə Rusiya-Azərbaycan əlaqələrini korlamağa çalışırlar”.

Fuad Əliyev - VHP

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev də hesab edir ki, Rusiya ilə Azərbaycanın arasını pisləşdirmək istəyənlər sıraya düzülüb. Partiya sədrinin fikrincə, əgər baş verənlər Putinin mövqeyi olsaydı, düzəliş də edilməzdi: “Lavrovun sözlərinə düzəliş Bakının reaksiyasının nəticəsidir. Agentliyin müsahibəni silməsi də Kremlə olan təpkidən irəli gəldi. Rusiya gördü ki, adekvat addımlar atırıq. Düşünmürəm ki, Kreml başçısı indiki halda Azərbaycanla münasibətlərin pozulmasını arzulaya bilər. Mənə elə gəlir ki, Rusiyada ermənipərəst siyasətçilər və ermənilərin nəzarətində olan media ara qatmağa çalışır. Əlbəttə ki, Rusiyanın davranışları, verilən açıqlamalar bizi tez-tez narazı salır, sülhməramlılar xüsusən üzərinə düşməyən hərəkətlərə yol verirlər, amma heç bir halda rəsmi səviyyədə əlaqələrin korlanmasına gətirib çıxarmamalıdır”.

Partiya sədri təklif edir ki, Rusiya ilə imzalanmış memorandum hər dəfə yada salınmalıdır: “Onların siyasətçiləri bilməlidirlər ki, bu müttəfiqliyin ruhuna xələl gətirən çıxışlara son qoyulmalıdır. Rusiyada bəzi qüvvələr qızışdırıcı mövqedən çıxış edirlər. Amma onlar görməlidirlər ki, Azərbaycanda Rusiya əleyhinə, onun ərazi bütövlüyünə qarşı hər hansı açıqlamalar verilmir. Ona görə ikitərəfli əlaqələri inkişaf etdirməyin tərəfdarıyam. Nə biz, nə Rusiya buradan köçmür, əbədi qonşular isə dost olmalıdırlar. Sadəcə, hiss olunur ki, Rusiya hakimiyyətində Azərbaycanı sevməyən dairələr münasibətləri gərginləşdirməyə çalışır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.