Ukrayna savaşı bütün dünyanı öz təsiri altına almaqda davam edir. Ancaq təəssüf ki, savaşın təsirləri gözlənildiyi kimi, yalnız neqativ xarakter daşıyır. Və yaxın gələcəkdə vəziyyətin daha da ağırlaşacağı proqnozlaşdırılır.
Məsələ ondadır ki, hazırda Ukrayna savaşı ucbatından dünya iqtisadiyyatı ağır zərbələr almaqdadır. Qərb iqtisadçıları bu zərbələrin nəticələrini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına illərlə zaman lazım olacağını iddia edirlər. Çünki hazırda enerji, maliyyə-iqtisadi sosial-iqtisadi böhran dərinləşmə mərhələsindədir.
Digər tərəfdən, BMT-dən verilən açıqlamalar da xoşagəlməz məzmun daşıyır. Belə ki, bu nüfuzlu beynəlxalq qurum bütün dünya üçün ərzaq böhranı, aclıq və səfalət proqnozlaşdırır. BMT-nin təmsilçiləri hesab edirlər ki, dünya ölkələri yaxınlaşan qlobal fəlakətə hazır olmalıdırlar və onun qarşısını vaxtında almaq üçün təxirəsalınmaz addımlar atmalıdırlar. İlk addım isə Ukrayna savaşının dərhal dayandırılması, dünya bazarlarına taxıl məhsullarının çıxarılmasını təmin etmək olmalıdır.
Ancaq BMT-nin bu xəbərdarlığı və çağırışçıları yaxınlaşan fəlakətin qarşısını almaq üçün yetərli olmaya da bilər. Çünki, Ukrayna savaşının nə vaxt sona çatacağı ilə bağlı hətta təxmini təsəvvürlər belə, mövcud deyil. Düzdür, Qərb siyasi dairələri savaşın bu ilin sonuna doğru yekunlaşacağını iddia edirlər. Halbuki, mövcud vəziyyət bu iddialara inanmaq şansı tanımır.
Üstəlik, NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlaması olduqca pessimist məzmun daşıyır. Dünyada cərəyan edən proseslər barədə kifayət qədər dəqiq məlumatlara malik olduğu qətiyyən şübhə doğurmayan NATO baş katibi bəyan edib ki, Ukrayna münaqişənin nizamlanmasına illərlə vaxt sərf etmək lazım gələ bilər. Və onun bu ehtimalı dünyanın digər nüfuzlu siyasi liderləri tərəfindən də dəstəklənir.
Ukrayna savaşının Rusiyanın maraqlarına uyğun şəkildə sona çatdırılmasına cəhd göstərən Almaniya, Fransa və İtaliya liderlərinin ardından dərhal Kiyevə səfər etmiş Böyük Britaniya baş naziri Boris Conson da savaşın tezliklə sona çatacağına hələ də ümid bəsləyənləri məyus edib. Onun dediyinə görə, Ukrayna münaqişəsi illərlə uzana bilər. Ancaq buna baxmayaraq, B.Conson hesab edir ki, Qərb ölkələri qətiyyətli olmalı və Ukraynaya dəstəyi intensiv şəkildə davam etdirməlidirlər: "Qərb dövlətləri uzunmüddətli müharibəyə hazır olmalıdırlar. Belə şəraitdə fəaliyyət göstərməyi öyrənməlidirlər".
Böyük Britaniya baş nazirinin fikrincə, NATO üzrə bütün müttəfiqlər Ukraynanın strateji müqavimət imkanlarının gücləndirilməsi ilə bağlı gözləntilərə bir sıra təminatlar üzərindən cavab verməlidirlər. Çünki, Ukraynanın üzləşdiyi situasiyaya əvvəlcə davam gətirməsi, daha sonra isə zamanla qalib gəlməsi olduqca vacibdir. Və bu, Qərb ölkələrinin maraqları baxımından da strateji xarakter daşıyır.
Böyük ehtimalla NATO-nun Madrid sammitində bütün bu məsələlər xüsusi müzakirə mövzuları sırasında yer alacaq. Hər halda, NATO baş katibi Yens Stoltenberqin fikrincə, Rusiya hazırda dünyada təhlükəsizliyə, sülhə və sabitliyə ən ciddi təhdid törədən dövlətə çevrilib: “Dünya dəyişdikcə, NATO da dəyişmək məcburiyyətindədir. İndi dünya daha təhlükəli vəziyyətə gəlib. Biz Rusiyanın artıq tərəfdaş deyil, dünyada təhlükəsizliyə, sülhə və sabitliyə qarşı real təhdid olduğunu bəyan edəcəyik”.
Belə anlaşılır ki, ABŞ-dan sonra Ağ Evin patronajlığı altında olan NATO da Rusiyanı özünə əsas düşmən elan etməyə hazırlaşır. Ancaq NATO-nun beynəlxalq düşmənləri sırasında Rusiyanın təkbaşına qalacağı da inandırıcı deyil. Çünki, NATO baş katibi ikinci düşmənlə bağlı da xəbərdarlıq edib, konkret ünvanı göstərib. Yens Stoltenberq NATO-nun yeni strategiyasında ilk dəfə Çindən də bəhs olunacağını vurğulayıb: “Çünki, Çinin aqressiv yüksəlişi də bizim maraqlarımıza, dəyərlərimizə və təhlükəsizliyimizə təhdid törədir”.
Anlaşılan odur ki, mövcud savaş yalnız Ukrayna ilə Rusiya arasında deyil. Bu savaşın daha dərin səbəbləri və kökləri var. NATO da bu savaşın birbaşa iştirakçısına çevrilmək üzrədir. Və bütün əlamətlər savaşın əhatə dairəsinin genişlənmə ehtimalının reallığa çevrilə biləcəyini göstərir.
Məsələ ondadır ki, Ukrayna savaşının ilk günlərində ABŞ və NATO Ukrayna savaşına heç bir şəkildə müdaxilə etməyəcəklərini, rəsmi Kiyevə yalnız mənəvi-siyasi dəstək verəcəklərini vurğulayırdılar. Ancaq bir müddət sonra həm ABŞ, həm də NATO Ukraynaya silah-sursat və hərbi texnika təminatını tamamilə öz üzərinə götürdü. Nəticədə ABŞ və NATO canlı qüvvə ilə iştirak etməsə də, Ukrayna savaşında öz hərbi texnikasıyla təmsil olunmağa başladı.
İndi isə NATO Rusiyanı və Çini özünə əsas beynəlxalq düşmən elan etməyə hazırlaşır. Şübhəsiz ki, Rusiyanın birbaşa düşmən elan edilməsi vəziyyəti ciddi şəkildə dəyişə bilər. Hər halda, əgər, düşmən varsa, deməli, nə vaxtsa, onunla birbaşa savaşa girmək ehtimalı da mövcuddur. Bu isə o deməkdir ki, ABŞ-dan sonra NATO-nun da strateji hədəfləri, planları yaxın gələcəkdə dəyişə bilər. Və bu baxımdan, Ukrayna savaşının hansısa mərhələsində NATO-nun Rusiya ilə hərbi münaqişəyə girə biləcəyi də artıq qətiyyən istisna deyil.
Təbii ki, bu, bütün dünya üçün hadisələrin ən arzuolunmaz ssenari üzrə inkişaf edə biləcəyini də göstərir. Yəni, hazırda NATO və Rusiya arasında hərbi toqquşma dünyanı gözləyə biləcək ən qorxunc ehtimalların sırasına daxildir. Və bu ehtimalın reallaşmasına doğru ilkin addımların atılmaqda olduğu da açıq-aşkar nəzərə çarpır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu