Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinin "simasını qorumaq" istəyən üç müşketyorun Kiyev səfəri: Rusiya Donetsk və Boris-Bayden blokunu niyə yara bilmir?

20-06-2022, 08:45   


 Üç müşketyor - İtaliyanın baş naziri Mario Draqi, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Kiyevə gələr-gəlməz, ertəsi gün Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna paytaxtına ayaq basdı. Avropanın "sülh"çü   liderlərinin Zelenskini dilə tutub yola gətirmək üçün səfər etdikləri məlum idi. Paris-Roma-Berlin marşrutu bir qatarda gələrkən məqsəd Ukraynanı güzəştə getməyə razı salmaq idi: üzü qışa gedir, Avropaya rus qazı lazımdır, "qoca qitə" dona bilər. Ona görə Putinə bəzi əraziləri kompromis edib atəşkəs bağlamaq vacibdir. Amma Zelenski onların arzusunu ürəyində qoydu. Növbəti gün  Consonun gəlişi ilə bu mövqe daha da möhkəmləndi - savaşa davam! Anaxeber.info bildirir ki, gənc Avropa - Polşa, Britaniya, Baltikyanı ölkələr Ukraynaya prinsipial şəkildə dəstək verir, "qoca qitə" - Fransa, Almaniya və İtaliya isə tir-tir əsir, qaz istəyir. Ona görə Qərb cəbhəsində parçalanma var - üçlər ittifaqı və Vaşinqtonla London bloku... Amma Makron və Şolts tam olaraq da Putinin arzularını yerinə yetirə bilmirlər, Qərb koalisiyası gözlənilən qədər parçalanmadı. Misal üçün Fransa istehsalı olan "Sezar" özüyeriyən haubitsaları artıq Ukraynada əməliyyatlarda iştirak edir, hətta rus qurğularını darmadağın edib. Yəni Fransa və Almaniya hərbi dəstəyini verməyə məcburdu. Odur ki, liderlərin uğursuz Kiyev səfəri və Boris Consonun Zelenskiyə aşkar yardımı göz qabağındadır. Və onu da demək lazımdır ki, ingilislərin dəstək verdiyi tərəf müharibədə heç zaman məğlub olmayıb. Ona görə Britaniya Rusiyaya qarşı Ukrayna meydanında döyüşməkdədir. Üstəlik, Britaniya baş naziri Kiyevə yeni təşəbbüslə gəlmişdi. Belə ki, hər 4 ayda 10 min (1 ildə 30 min) Ukrayna əsgərinə Britaniya ərazisində bu ölkənin hesabına britaniyalı zabitlər tərəfindən təlim veriləcək. Bu, o deməkdir ki, müharibə uzanarsa, Ukrayna Britaniya ordusunun təlim mərkəzlərində NATO standartları üzrə hazırlanmış yüksək səviyyəli rezervləri döyüşə daxil etmək imkanı qazanacaq. Rus ordusunun rezervlərinin döyüş qabiliyyətinin isə hazırda döyüşən hərbi birləşmələrdən daha aşağı səviyyədə olacağı sirr deyil. Beləliklə, artıq rus ordusu 4 aydır Ukrayna bataqlığında çabalayır və 25 faiz ərazisini işğal etməsinə baxmayaraq, taktiki üstünlük heç nəyi həll etmir, Qərbin dəstəyi səngimir və müharibə uzandıqca rusların itkiləri artır. Bu da Putinin planlarına daxil deyil və rezervlərin xərclənməsi dövrü başlana bilər. London-Vaşinqton-Kiyev bloku da hesablayır ki, Rusiya artilleriyada üstünlüyü bir müddət sonra itirmiş olacaq. Çünki əksər qurğular sıradan çıxarılmaqdadır. Operativ-taktiki vəziyyətə gəlincə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Donetsk vilayətinin Severodonetsk rayonunda növbəti hücumunu dəf edib və Sumı vilayətinin Krasnopolye rayonunda isə Rusiya qoşunlarına sarsıdıcı zərbələr endirib.  Slavyansk istiqamətində Rusiya qüvvələri Qruşuvaxa, Dolina, Morosovka, Prişib və Çepil yaşayış məntəqələri ərazilərində minaatanlardan, top artilleriyasından və reaktiv yaylım atəş sistemlərindən istifadə edib. Baş Qərargahın məlumatına görə, qarşı tərəf İzyum - Slavyansk istiqamətində hücum əməliyyatlarının davam etdirilməsi üçün əlverişli şərait yaratmağa çalışır. Severodonetsk istiqamətində düşmən Metelkino, Belaya Qora və Ustinovka yaşayış məntəqələri ərazilərində top və reaktiv artilleriyadan atəş açmağa davam edir. O, Severodonetsk şəhəri üzərində tam nəzarəti ələ keçirmək üçün hücum əməliyyatları keçirməyə cəhd etsə də, buna nail ola bilməyib. Xarkov istiqamətində qarşı tərəf Dementyevka, Peçeneqi, Koroboçkino, Bayrak, Yuxarı Saltov, Xarkov, Kapitolovka və Tsirkuni yaşayış məntəqələri ərazilərində artilleriya atəşi həyata keçirib. Qeyd olunub ki, Rusiya ordusu mənəvi ruh və nizam-intizam problemləri ilə üzləşməkdə davam edir. Bir sözlə, 4 ayın yekunları haqda söyləmək olar ki, Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı namizədlik statusuna müsbət cavab verilib, Mariupoldan sonra belə böyük bir ərazi son bir ayda işğal olunmayıb, Zelenski hakimiyyətinə dəstək gəlməkdədir. Lakin Severodonetsk işğal olunsa, Luqans tamamilə rusların nəzarətinə düşəcək. İndi bu istiqamətdə Ukrayna ölüm-dirim savaşı aparır. Bundan əlavə,  Sankt-Peterburq forumundakı çıxışında Putin Donbasdakı döyüşlərlə bağlı maraqlı açıqlama verdi. Rusiya lideri etiraf etdi ki, işğalçı  ordusu Ukrayna ordusunun Donetsk istiqamətindəki möhkəmləndirilmiş mövqelərini ("ukreprayon") yara bilmir, bu səbəblə indi üzbəüz hücumlardan imtina edərək həmin rayonların arxasına çıxmağa çalışırlar. Həqiqətən Rusiya ordusunun 24 fevraldan bəri Avdeyevka başda olmaqla, Donetsk şəhəri ətrafındakı Ukrayna mövqelərinə aramsız hücumları nəticə verməyib. Təkcə bu lokal ərazidə rus ordusu və qondarma DNR-LNR qüvvələri minlərlə əsgər-zabit itirib...

 Anaxeber.info 


Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar