Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zəngəzur dəhlizilə Qarabağın statusunu nə bağlayır? - Lavrovdan “sadələşdirilmiş rejim” bəyanatı

21-06-2022, 07:57   


"Zəngəzur dəhlizi” tələbi yenə gündəmdədir. Əslində, Azərbaycanın hər fürsətdə səsləndirdiyi bu tələbi Prezident İlham Əliyev bu dəfə “regional sülhün fundamental elementlərindən” biri kimi xarakterizə edib.

Bundan əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan sülh danışıqları ilə bağlı demişdi ki, bölgədə sülhə nail olmaq üçün “ən önəmlisi Dağlıq Qarabağ məsələsi”dir.

“Zəngəzur dəhlizi” və “Dağlıq Qarabağın statusu" tərəflərin bir-birinə qarşılıqlı iddiası kimi ortaya qoyulduğu görünür, - BBC News Azərbaycancaya danışan azərbaycanlı təhlilçi Fuad Şahbazov deyib.

Ermənistanlı təhlilçi David Stepanyana görə, İlham Əliyev istəsə də, artıq sülh danıışıqlarından geri çəkilə bilməz, çünki bu, "nə Qərbin, nə də Rusiyanın marağındadır".

"Sülh haqqında danışmaq çətin olacaq" və "qırmızı xətt"

"Zəngəzur dəhlizi", Ermənistan

ŞƏKLİN MƏNBƏYİ,SERGEI MALGAVKO/GETTY IMAGES

“Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”, - Bakıda, IX Qlobal Bakı Forumunda İlham Əliyev deyib. 

Brüsseldə, Ermənistanın Baş naziri Nikol Paşinyanla sonuncu görüşdən qayıdandan sonra İlham Əliyev “Zəngəzur dəhlizi”nin açılmasına razılaşdıqlarını bəyan etmiş, Paşinyan isə dərhal bunu təkzib edərək, sadəcə regional kommunikasiyaların açılmasına razılaşdıqlarını bildirmişdi.

Baş nazir Nikol Paşinyan bu günlərdə “Əl-Cəzirə” telekanalına müsahibəsində “Zəngəzur dəhlizi” ilə bağlı deyib ki, bu onlar üçün “qırmızı xəttdir” və əlavə edib:

“Bizim regionda üçtərəfli razılaşmaya əsasən, bir dəhliz var – Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi”. 

Eyni zamanda o xatırladıb ki, üçtərəfli bəyanatda kommunikasiyaların açılması ilə bağlı bənd var.


Lavrovdan “sadələşdirilmiş rejim” bəyanatı

İlham Əliyevin “Zəngəzur dəhlizi”ni Azərbaycan-Ermənistan arasında sülh danışıqları üçün əsas elementlərdən biri kimi görməsi ilə bağlı açıqlaması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Naxçıvana Ermənistan üzərindən nəzərdə tutulan yolun “sadələşdirilmiş rejim” altında işləyəcəyi bəyanatından sonraya təsadüf edir. 

İyunun əvvəlində Yerevanda rəsmi səfərdə olarkən Sergey Lavrov demişdi ki, artıq “dəmiryolu marşrutu razılaşdırılıb, hazırda avtomobil marşrutu və yol üzərində tətbiq ediləcək rejimin razılaşdırılması” başa çatmaq üzrədir. 

“Sadələşdirilmiş rejim olacaq, lakin tam dəqiq Ermənistanın ərazi suverenliyinin tanınmasına əsaslanmalıdır. Burada ikimənalılıq ola bilməz”, - Lavrov bildirmişdi. 

Lakin Rusiya xarici işlər naziri “sadələşdirilmiş rejim” ifadəsi altında nəyin nəzərdə tutulduğunu açıqlamayıb.

Bu günədək nə Moskva, nə Yerevan bu məsələ ilə bağlı heç bir izahat və ya şərh verməyib.

Lakin bəzi Ermənistan informasiya agentlikləri öz “etibarlı mənbələrinə” istinadən Ermənistanın Sünik vilayəti üzərindən keçən yollarla [Azərbaycanda Zəngəzur dəhlizi deyilən] bağlı danışıqların bəzi “təfərrüatlarını” açıqlayıblar.

Rəsmi təsdiqini tapmayan bu məlumatlara görə, Azərbaycandan Ermənistan ərazisinə daxil olan yük və sərnişinlərin əvvəlcə Rusiya sərhəd xidməti tərəfindən, sonra isə Ermənistan gömrük xidməti tərəfindən yoxlanması nəzərdə tutulub.

Yerli media yazır ki, yolboyu Ermənistan ərazisi üzrə hərəkət edən nəqliyyat tərkibində azı bir Rusiya zabiti olan Ermənistan patrul xidməti tərəfindən müşayiət olunacaq.

Ermənistan yük və sərnişinləri üçün Azərbaycan ərazisində nə kimi şərtlər nəzərdə tutulduğu haqqında məlumat yoxdur, bu məsələ üzrə danışıqların davam etdiyi bildirilir.

Ötən il İlham Əliyev bəyan etmişdi ki, Zəngəzur dəhlizi Laçın dəhlizi statusunda olmalıdır, olmasa, o zaman Laçın dəhlizində də gömrük-sərhəd postu qoyulacaq.

Paşinyan isə bu müqayisəni Ermənistan üçün “qəbuledilməz” saymışdı. Hazırda Azərbaycan indiki Laçın dəhlizinə alternativ çəkdiyi yolda işləri yekunlaşdırmağa çalıışır.

Bu yolun da indiki yolun statusunda olub-olmayacağı, bura yenə də Rusiya sülhməramlılarının nəzarət edib-etməyəcəyi bəlli deyil.

Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin başçılıq etdiyi üçtərəfli komissiyanın Moskvada iyunun əvvəlindəki son görüşdən sonra Moskva və Yerevan fərqli məlumat yaymışdı.

Rusiya hökumətinin məlumatına görə, tərəflər sərhəd, gömrük və başqa nəzarət məsələləri üzrə mövqelərinin yaxınlaşmasına müvəffəq olublar, Ermənistan hökuməti isə bildirmişdi ki, “tərəflər öz mövqelərini dəqiqləşdirib”.

Mövqelərin nədən ibarət olduğu bu günədək məlum deyil.

İlham Əliyev, Nikol Paşinyan

ŞƏKLİN MƏNBƏYİ,AZERBAIJANI PRESIDENCY/HANDOUT/ANADOLU AGENCY/GETT

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa..."

“Zəngəzur dəhlizi” tələbi Azərbaycanda ölkə rəhbəri səviyyəsində səslənsə də, Ermənistanda “Dağlıq Qarabağa status” ölkə müxalifətinin əsas qayğısıdır. 

Azərbaycan birmənalı şəkildə belə bir "status"un olmamasını deyir və hətta artıq "Dağlıq Qarabağ" adlı inzibati bölgənin olmadığını bəyan edir.

Ermənistan müxaifəti bir aydan çoxdur ki, Nikol Paşinyana bu məsələdə təzyiq edir və onu “Dağlıq Qarabağ”ı Azərbaycana “verməkdə” ittiham edir.

Paşinyan müxalifətin mitinqləri fonunda bildirib ki, onlar həmişə Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmadığını deyiblər: "Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq məsələsindir".

Onun sözlərinə görə, Ermənistan üçün Qarabağ ermənilərinin təhlükəsizlik zəmanəti, hüquq və azadlıqlarının təmin olunması, son statusunun müəyyən edilməsi prinsipial əhəmiyyət kəsb edir. 

"Əgər əvvəl biz Qarabağın statusu məsələsini, bununla bağlı təhlükəsizlik təminatını və hüquqları əsas götürürdüksə, indi status məsələsini kənara qoymuşuq. İndiki situasiyada status əsas məqsəd yox, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarınını təminatı üçün vasitədir", - Paşinyan aprel ayının ortalarında Ermənistan parlamentində çıxışı zamanı deyib. 

İlham Əliyev ötən həftə keçirilmiş IX Qlobal Bakı Forumunda deyib ki, status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı “şifahi razılıq” olub: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”. 

İlham Əliyev əlavə edib ki, bu zaman azərbaycanlılar da “Qərbi Zəngəzurda özləri üçün status” tələb edə bilərlər. Onun fikrincə, belə yanaşma “çıxılmaz vəziyyətə gətirib çıxaracaq”.

"Geriyə yol təkcə Dağlıq Qarabağı deyil, Ermənistanı da məhvə aparır"

“Dağlıq Qarabağ məsələsi heç cür sərhədin delimitasiyası və demarkasiyası komissiyası ilə bağlı deyil”, - Nikol Paşinyan Al Jazeera kanalına bu günlərdə verdiyi müsahibəsində bildirib və əlavə edib ki, bölgədə sülhə nail olmaq üçün “Dağlıq Qarabağ məsələsi” önəmli yer tutur. 

Müxalifətin tənqidinə baxmayaraq, Nikol Paşinyan ötən həftənin sonlarında parlamentdəki çıxışında bəyan edib ki, Qarabağ münaqişəsinin tənzimlənməsinin əsasına Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının qarantiyası və bundan irəli gələn statusu qoyulmalıdır.

"Heç kəs sülh gündəminin uğurlu olacağına zamin ola bilməz. Bu, bizim üçün həm daxildən. həm xaricdən söyüş, ittiham, təhdid, təhlükə, itkilərlə müşayiət olunan yoldur və bizim bu yolu keçməyə iradəmiz və əzmimiz var. Lakin mən bir şeyə zəmanət verə bilərəm ki, geriyə yol təkcə Dağlıq Qarabağı deyil, Ermənistanı da məhvə aparır, biz isə, əlbəttə, buna yol verə bilmərik", - Ermənistan Baş naziri bəyan edib.

Xankəndi, Stepanakert

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES/MATTHIAS SCHUMANN

Ermənistan hakimiyyəti “status məsələsini ikinci plana çəkir”

Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun siyasi icmalçısı David Stepanyan hesab edir ki,  Qarabağın "statusu" məsələsində müxalifətin bugünkü etiraz fəaliyyəti “Paşinyanın əleyhinə yox, xeyrinə”dir və bununla göstərmək olar ki, Ermənistan daxilində “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibinə qaytarmaq meyilli əhval-ruhiyyə yoxdur. 

“O ki qaldı Paşinyanın mövqeyinə, 44 günlük müharibədən əvvəl Ermənistanın Qarabağın statusu məsələsini irəli sürmək üçün müəyyən imkanlara, həmçinin, az-çox normal siyasi qüvvələrə və Rusiyanın dəstəyinə malik olub. Bu gün isə Ermənistan bu dəstəyə malik deyil. Odur ki, status məsələsi ikinci plana çəkilir, ön plana hüquq və təhlükəsizlik məsələləri çıxır. Və status zəruriyyəti (nə vaxtsa uzaq gələcəkdə) bundan irəli gəlir”, - David Stepanyan deyib. 

O hesab edir ki, Ermənistan müxalifəti təxminən bir ay yarım davam edən etiraz aksiyası zamanı “ən çoxu 15 min adam səfərbər edib küçəyə çıxara bildi”.

Siyasi icmalçının fikrincə, bu, müxalifətin Paşinyan hakimiyyətinə təhlükə kəsb edən dərəcədə qüvvə səfərbər etmək imkanının nə qədər olduğunu göstərib. 

Amma David Stepanyan düşünür ki, “Zəngəzur dəhlizi”ndə yaranmış fikir ayrılığına görə, sülh danışıqları dayanmayacaq, çünki bunda “həm Rusiya, həm də Qərb maraqlı” deyil. 

Onun fikrincə, Prezident Əliyevin “Zəngəzur dəhlizi”nə görə danışıqlardan imtina etməsi “nə onun özünə, nə də Azərbaycana hər hansı yaxşı bir şey gətirər”. 

“…siyasi təzyiq vasitəsidir”

Azərbaycandan siyasi şərhçi Fuad Şahbazova görə, tərəflər bu kartlardan, yəni “Zəngəzur dəhlizi” və “Dağlıq Qarabağa status” tələblərindən bir-birinə siyasi təzyiq olaraq istifadə edirlər.

Onun fikrincə, İran üzərindən açılacaq Şərqi Zəngəzur dəhlizi Azərbaycana kifayət edər ki, Naxçıvana quru yol əldə etsin.

Fuad Şahbazov hesab edir ki, hazırda ən əsas məsələ sərhədlərin demarkasiya  və delimikasiyasıdır və bu istiqamətdə tərəflər arasında narazılıqlar hiss olunmur:

“Çünki proses davam edir və düşünürəm ki, bu ilin sonuna kimi başa çatmalıdır. Həm Azərbaycan və Ermənistan, həm də Rusiya və Avropa İttifaqı da bu məsələləri dəstəkləyir. Vasitəçilərin özləri də maraqlıdır ki, sərhəddə artıq insidentlərə birdəfəlik son qoyulsun və sərhəd məsələsi gündəmdən çıxsın”. 

Fuad Şahbazov deyir ki, sərhədlərin demarkasiya və delimikasiyası olmayınca, Azərbaycan və Ermənistan arasında hər hansı normallaşmadan söhbət gedə bilməyəcək.

Təhlilçi əlavə edir ki, məhz normallaşma prosesi başlayanda, sərhədlər açılandan sonra tərəflər “Zəngəzur dəhlizi” məsələsinə qayıda bilərlər.

Amma onun fikrincə, tərəflər “dəhliz” və “status” məsələsini məhz sülh danışıqlarında təzyiq olaraq istifadə edəcəklər: ya bir-birindən istəyəcəklər ki, qarşılıqlı olaraq tələblərindən əl çəksinlər, ya da hər kəs istədiyini hansısa formada alacaq.

Bu ilin matında Azərbaycanla İran arasında Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizi ilə bağlı memorandum imzalanıb.

Həmin memoronduma görə, dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar