Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DİM-lə Təhsil Nazirliyi arasında indi də rəqəm DAVASI

22-06-2022, 13:50   


DİM-lə Təhsil Nazirliyi arasında indi də rəqəm DAVASI


“Dövlət İmtahan Mərkəzinin şagirdlər arasında oxuyub-yazmaqda çətinlik çəkənlərlə bağlı yaydığı statistika bəzən aldadıcı olur”. 

Bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, əvvəlki illərlə bağlı da araşdırmalar aparılır: 

"Biz hər il Dövlət İmtahan Mərkəzindən siyahını alıb araşdırırıq. Bəzi hallarda statistika aldadıcı olur. Məsələn, Bakı məktəblərindən birinin heç bir məzununun ali məktəbə qəbul olmadığı bildirilmişdi. Halbuki həmin məktəb yəhudi icmasına məxsusdur və bu ümumtəhsil müəssisəsinin məzunları Azərbaycanda ali təhsil almırlar. Belədə həmin məktəbdən heç birinin məzunun universitetə qəbul olmadığı statistik olaraq doğrudur”. 

E.Əmrullayev bildirib ki, Dövlət İmtahan Mərkəzi sual kitabçasını boş qaytaran şagirdləri də oxuyub-yaza bilməyən kimi təqdim edir: 

"Məsələn, əqli qüsurlu şagird xüsusi təhsil müəssisəsində təhsil almalıdır. Ancaq kiçik kəndlərdə belə bir məktəb yoxdur. Nəticədə əqli qüsurlu şagird digərləri ilə eyni məktəbə gedir. Bundan başqa, şagird uzun müddət təhsildən yayınır və yalnız attestat almaq üçün imtahana gəlir. Ona görə də belə nəticə ortaya çıxır. Əslində, yekun rəqəm məzunların bütün göstəricilərini nəzərə aldıqda elə də böyük say deyil. Hər halda məzunlarımızın bu gün narahatlıq doğuracaq şəkildə oxuyub-yazmaq probleminin olduğunu düşünmürəm. Çünki statistika bunu demir. Sadəcə, statistika bilmədən şişirdilir”. 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar aşkarlanıb. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir. Qeyd edək ki, əksər xarici ölkələrdə qüsurlu şagirdlər digər sağlam uşaqlarla birlikdə, eyni məktəbdə təhsil alırlar. Yəni onların hüquqları ilə bağlı heç bir ayrı-seçkiliyin olmaması üçün bu addımı atırlar. Bizdə isə inklüziv təhsil olsa da, kəndlərdə qüsurlu şagirdlər üçün məktəb yoxdur. Ancaq oxuyub-yazmağı bacarmayanların ancaq qüsurlu uşaqlar olması da maraq doğurur. 

Nazirin qeyd etdiyi kimi, ölkənin təhsil müəssisələrində oxuyub-yazmağı bacarmayanlarla bağlı statistika yalnışdır? 

DİM-in mətbuat ximətindən  bununla bağlı Cebhe.info-ya bildirilib ki, qurum tərəfindən aparılan təhlillər faktlara əsaslanır: 

“Bu fakt kimi var və Dövlət İmtahan Mərkəzinin təhlillərində də öz əksini tapıb”. 

Nigar Abdullayeva
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar