Azərbaycan əməliyyatlara başlayacaq: Ermənistan və sülhməramlılar vədi icra etməsə...

22-06-2022, 19:21   


Azərbaycan əməliyyatlara başlayacaq: Ermənistan və sülhməramlılar vədi icra etməsə...


Azərbaycan və Ermənistan arasında sülh danışıqları getməsinə baxmayaraq, ermənilərin təxribatları səngimək bilmir. 

Həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşlər davam etdirilir. Hətta bu görüşlərin hamısında Ermənistan tərəfi öhdəliklərini yerinə yetirəcəyinə vəd verir və sülh prosesindən bəhs edir. Lakin görüşlərdən ölkəsinə qayıdan kimi sərhəddə təxribatlar baş verir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov də bu təxribatların qarşısını almaq üçün Laçın dəhlizinə alternativ yolun iyul ayına qədər açılacağını deyib. Görünən odur ki, Laçınla bağlı Ermənistan tərəfi və Rusiya sülhməramlıları danışıqları pozsa, Azərbaycan hərbi əməliyyatlara başlayacaq. Yol hazır olan kimi isə Laçının boşaldılması əsas prioritet məsələ olacaq. 

Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, sülh proseslərinin yubanması və təxribatların baş verməsində məsuliyyət yalnız Ermənistanın üzərinə düşür, amma təbii ki, cavabını artıqlaması ilə alacaq: 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış 10 noyabr Bəyanatı həm də Ermənistanın kapituliyasiya aktı adlanır. Lakin hələ də həmin Bəyanatın bəndlərinin icrası ilə bağlı yubanmalar var. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən törədilir. Bu yubanmalar zamanı ara-sıra təxribatların da baş verdiyini görürük. Ermənistan tərəfindən hansısa bir formada Kəlbəcərdə, Laçında və digər ərazilərdə atəşkəs pozulur. Təbii ki, Azərbaycan Ordusu tərəfindən həmin təxribatların qarşısı alınır və onlara ikiqat cavab verilir. Amma bunlar arzuolunan məsələlər deyil. Yəni Azərbaycan 10 noyabr Bəyanatından sonra bölgədə yeni yaranmış siyasi arxitekturada əsas diqtə edən tərəfdir. Bizim əsas məqsədimiz bölgəyə davamlı sülhün və tərəqqinin gəlməsidir. Lakin hazırda bunu Ermənistan tərəfindən görmürük. Rəsmi Moskva həm danışıqlardan, həm də Bəyanatın bəndlərindən irəli gələn məsələlərin həlli işlərini yubatmağa cəhd göstərir. Təbii ki, bunların hər biri əbəsdir və bu məsələlərin hər biri öz həllini tapmalıdır. Burada cənab Prezidentin siyasi iradəsi və qətiyyəti var”. 

Millət vəkili Laçın dəhlizi, yeni açılacaq alternativ yolla bağlı da fikirlərini bölüşüb. O deyib ki, hazırda Azərbaycanın icazəsi ilə Laçın dəhlizi vasitəsilə Ermənistana çox rahat gediş-gəliş mümkündür: 

“Çünki Azərbaycan üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirir. Zəngəzur dəhlizinin açılması ilə bağlı isə hazırda Ermənistanda yekdil rəy görmürük. Nikol Paşinyan və onun partiyasının üzvləri bir dəfə Laçın yolunun açılmasının vacib olduğunu, başqa bir zaman isə bunun əksini söyləyirlər. Əlbəttə ki, bu da avantürist siyasi imic qazanan Paşinyanın qeyri-stabil siyasətçi olduğuna bir işarədir. Düşünürəm ki, Laçınla bağlı bütün məsələlər öz həllini tapmalıdır. Digər işğaldan azad olunmuş şəhər və rayonlarımız kimi Laçına da “Böyük Qayıdış” baş verməli və insanlar öz dədə-baba yurdlarında daimi yaşamalıdırlar. Bunların hər biri Azərbaycanın konkret mövqeyi və qəbul olunmuş bəyanatların icra olunmasıdır. Bu yubanmalar sadəcə Ermənistanın özünə ziyan verə bilər. Hansısa bir təxribatdan və ya silahlı münaqişədən söhbət gedəcəksə, 44 günlük Vətən müharibəsindən də qısa müddətdə Ermənistanın başı əzilə bilər. Ona görə də Ermənistanın siyasi-hərbi rəhbərliyi bunu yaxşı düşünməli və doğru-düzgün siyasət həyata keçirməlidir”. 

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.