Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan: quru sərhədlərinin açılmaması siyasi qərardırmı?

23-06-2022, 08:17   




AZAL, təyyarə quru sərhədləri niyə açılmır Azərbaycan Buta siyasət

ŞƏKLİN MƏNBƏYİ,AZERTAC

Şəklin alt yazısı,

Azərbaycan-Gürcüstan sərhədinin "Sınıq Körpü" sərhəd-keçid məntəqəsi

Nazirlər Kabinetinin Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimini uzatması və quru sərhədlərini bağlı saxlaması qərarı Ümumdüya Səhiyyə Təşkilatı rəsmisinin Azərbaycanda pandemiya ilə bağlı “vəziyyət yaxşıdır” açıqlamasından sonra verildi.  

Halbuki Tedros Adhanom Ghebreyesusu qəbul edərkən, Prezident İlham Əliyevin də pandemiya ilə bağlı müsbət tonlu açıqlaması ölkənin quru sərhədlərinin açılacağına ümidləri artırmışdı. 

BBC News Azərbaycancaya danışan hakimiyyət tənqidçiləri xüsusi karantin rejiminin daha iki ay uzadılmasını və quru sərhədlərin bağlı saxlanmasını “siyasi qərar” kimi xarakterizə edirlər.   

Millət vəkilləri isə bu qərarın siyasi olmadığı, hökumətin post-pandemiya dövrünə uyğun olaraq “ortaq variant tapmaq” məsuliyyətinin olduğu qənaətindədirlər. 

Bu yazı hazırlandığı müddətdə Nazirlər Kabinetindən quru sərhədlərini nə üçün bağlı saxlamaları haqqında BBC News Azərbaycancaya  heç bir açıqlama verilməyib.  


Ghebreyesus və Əliyev görüşündə nə deyilmişdi? 

Bu il iyunun 16-da IX Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Ghebreyesus Bakıya səfər etdi. 

Ölkə başçısı İlham Əliyev onu qəbul etdi və həmin görüşdə ÜST rəhbəri Azərbaycanda “COVID-19-a qarşı uğurlu mübarizənin aparıldığını” və həm də “beynəlxalq səviyyədə” fəaliyyət göstərildiyini dedi. 

Cənab Əliyev də çıxışı zamanı “Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını” vurğulamışdı. 

Bəs koronavirusla bağlı vəziyyət normaldırsa, Azərbaycan quru sərhədlərini niyə açmır? 

“Tamamilə siyasi qərardır” 

Siyasətçi Azər Qasımlı hesab edir ki, quru sərhədlərin bağlı qalmasının səbəbi “tamamilə siyasidir” və Rusiya-Ukrayna münaqişəsinə görədir. 

O hesab edir ki, Azərbaycan iqtidarı Rusiyadan gələn və ya potensial olaraq gələ biləcək axından narahatdır. 

“Təxminən bir milyondan iki milyona qədər azərbaycanlı hal-hazırda Rusiyada yaşayır və onların bir qismi artıq inteqrasiya olunub, hətta vətəndaşlıq alıb. Bir qismi inteqrasiya da olmayıb, vətəndaşlıq da almayıb və hətta vətəndaşlıq alsa belə, hələ də Azərbaycanla əlaqələri itirməyib və özlərinin Rusiyadakı həyatlarını müvəqqəti hesab edirlər. Azərbaycan iqtidarı da çəkinir ki, bu insanlar indi müəyyən kritik vəziyyət yaransa, ölkəyə qayıtmaqla bağlı qərar verərlər. Belə bir qərar verilsə, yəni, iki yüz min, uç yüz min və ya yarım milyon azərbaycanlı ölkəyə qayıtmaq qərarı versə, nə baş verəcək?” 

Cənab Qasımlı hesab edir ki, bu baş verərsə, “həm sosial, həm iqtisadi, həm də siyasi baxımdan müəyyən dəyişiklərə gətirər və qarşısının alınması çox çətin proseslər yarada bilər”. 

Rusiya bu il fevralın 24-də “xüsusi hərbi əməliyyat” elan edərək, Ukraynaya hücum edib, bir sıra şəhərlər dağıdılıb, aralarında yüzlərlə uşağın olduğu minlərlə dinc sakin həlak olub, milyonlarla ukraynalı evindən və ya ölkəsindən köçməyə məcbur olub və ya qaçqın düşüb.  Eyni zamanda bəzi rusiyalılar da ölkədə gərginləşən siyasi və iqtisadi vəziyyətdən qaçaraq başqa ölkələrə üz tutublar.  

Məqalədə bəhs edilənlərə dair sualınız varmı?

Suallarınızı bu forma vasitəsilə verə bilərsiniz.

Hökumət ortaq variant tapmalıdır” 

Millət vəkili Aydın Hüseynov Azərbaycanın quru sərhədləri açmaması qərarının siyasi qərar olmasını “tamamilə istisna” edir. O hesab edir ki, buna siyasi qərar kimi yanaşılması “doğru deyil”. 

Cənab Hüseynova görə, “NK-nın xüsusi karantin rejiminin müddətini daha iki ay uzatmasının başlıca səbəbi ÜST-ün pandemiyanın bitməsi ilə bağlı açıqlama verməməsidir”. 

Cənab Hüseynov deyir ki, quru yolla gediş-gəliş üçün hökumət tamamilə olmasa da, yumşaltma prosesinə getməlidir: “Ortaq variant tapılmalıdır və hesab edirəm ki, bu, lazımdır”. 

Azərbaycan-Türkiyə arasında quru yolu açıqdır 

Azərbaycanın hazırda Türkiyə ilə sərhədi açıqdır. 

Bir müddət öncə turizm şirkətlərindən biri BBC-yə Naxçıvan vasitəsilə Türkiyəyə turist daşıdıqlarını bildirmişdi. 

Elə həmin yolu tranzit kimi istifadə edən şəxslər də BBC-yə  “digər quru sərhədlər açıq olmadığından, məhz ucuz olduğu üçün uzaq da olsa burdan istifadə edirik” demişdilər. 

Çərşənbə axşamı günü BBC-yə danışan Bakı sakinləri də bildiriblər ki, quru sərhədlərin bağlı saxlanması “çox çətinliklər yaradır”. 

Danışan şəxslər “imkansız adamların dədə-baba yurduna gedə bilmədiyini”, bəziləri isə “qohumlarına həsrət qaldıqlarını”, “iş dalınca getməli olsa da yol pulu 5-6 dəfə baha başa gəldiyindən gedə bilmədiklərini” bildiriblər. 

Nazirlər Kabinetinin yaydığı statistikaya görə, iyun ayı ərzində ölkədə 250-yə yaxın adam koronavirusa yoluxub, üç nəfər vəfat edib. 

Artıq dünyada İspaniya, Böyük Britaniya kimi bir sıra hökumətlər ölkəyə gələn şəxslərdən vaksin pasportu tələb etmədiklərini açıqlayıblar. 

“Monopolist şirkətlərin daha da varlanmasına səbəb”

Siyasi təhlilçi Azər Rəşidoğlu deyir ki, quru sərhədlərin bağlı saxlanması inhisarçılığa xidmət edir.  

“Xüsusən yay aylarında ölkədən çıxmaq istəyənlərin sayı həddindən artıq çoxdur. Onları vadar edəcəklər ki, təyyarə ilə səfərə getsinlər. Bu sahə də monopolyadadır. İnsanlar AZAL-a və ya Buta-ya üz tutacaqlar. Orada da qiymətlər həddindən artıq bahadır. Bu da həmin o monopolist şirkətlərin daha da varlanmasına səbəb olacaq”. 

Cənab Rəşidoğlu deyir ki, quru sərhədlərin bağlı qalması həm də orta təbəqənin qonşu ölkələrə getməyib, Azərbaycanda istirahət etməsinə səbəb olacaq. 

“Azərbaycandakı istirahət mərkəzlərinin demək olar, əksəriyyəti məmurların nəzarətindədir. Gürcüstanın kurortlarında dincəlmək burada dincəlməkdən qat-qat ucuz başa gəlir. Sərhəd bağlı olanda məcbursan ki, həmin o məmurların sahib olduqları istirahət mərkəzlərinə gedəsən. Bu da yenə də məmurların varlanmasına və böyük pullar əldə etməsinə səbəb olacaq. Bu baxımdan mən düşünürəm ki, bu, məhz siyasi qərardır”. 

Azər Rəşidoğlunun fikrincə, hökumət ona görə quru sərhədlərin niyə bağlı saxlanması ilə bağlı şərh vermir ki, “ona inandırıcı bir arqument tapmalıdır”: “Arqumentlər zəif olduğuna görə, ən yaxşı seçim açıqlama verməməkdir”. 

Ancaq cənab Rəşidoğlu ehtimal edir ki, yaxın müddətdə “ictimai rəy buna sərt təpki verəcək və [quru sərhədləri] açacaqlar”. 

Təhlilçi bir məqamı da vurğulayır ki, “belə hallarda insanlar əslində mütləq məhkəməyə üz tutmalıdırlar”. 

“Sadəcə Azərbaycan vətəndaşının məhkəmələrdən o qədər küsdürüblər ki. O qədər bürokratik əngəllər, süründürməçilik, sənədlərə baxılmaması baş verib ki, heç kim əlavə vaxtını və pulunu buna xərcləmək istəmir. ...Əlbəttə ki, müstəqil məhkəmə olsaydı, məhkəməyə vermək və məhkəmə vasitəsilə hökuməti vadar etmək olardı ki, bu qərarları qəbul etsin”.   

Millət vəkili Aydın Hüseynov “bəzi monopolist şirkətlərin sərhədlərin açılmaması üçün hökumətə təsir edə biləcəyinə inanmadığını” deyir.

O, vurğulayır ki, “burada başlıca məqsəd Azərbaycan vətəndaşının maraqlarıdır”: “Hesab edirəm ki, Azərbaycan hökumətinə heç bir şirkət heç bir vaxt təsir göstərə bilməz”. 

Aydın Hüseynov, həmçinin deyir ki, hökumət bir qərar veribsə, “deməli buna qarşı bir arqumenti var”. 

 “Açıqlama vermir deyəndə, yalnız onu deyə bilərəm ki, bu qadağanın aradan götürülməsilə bağlı arqumenti və ya hər hansı bir təhlili olmasa, hökumət bu addımı atmaz. Sadəcə pandemiyanın təsirləri azaldığı üçün güzəştli varianta getməsi labüddür”, - deputat bildirir. 

 Azər Qasımlının proqnozu belədir ki, “ictimai rəydə vəziyyət kritik həddə çatmadığına görə” hökumət sərhədlərin bağlı saxlanmasının vaxtını uzadıb. 

Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəlişə bağlayıb.   

Daha sonra müxtəlif ölkələrlə hava yolları vasitəsilə gediş-gəliş mərhələli şəkildə bərpa olunsa da, hökumət Türkiyə ilə Azərbaycan arasındakı Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi istisna olmaqla, digər qonşu ölkələrlə - İran, Rusiya və Gürcüstanla quru sərhədləri hələ də bağlı saxlayır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar