Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edir.
Lavrovu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək və o, həmkarı Ceyhun Bayramovla görüşəcək.
Rusiya XİN-dən bildirilib ki, görüşlərdə 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış müttəfiqlik və əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq.
Maraqlıdır, Sergey Lavrovun Bakıya səfərinin məqsədi nədir?
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında bildirib ki, bir neçə il əvvəl əldə olunan ikitərəfli razılığa əsasən, xarici işlər nazirləri ildə bir dəfə qarşılıqlı şəkildə səfərlər etməlidirlər:
“Hesab edirəm ki, Sergey Lavrovun bu səfəri də həmin razılaşma əsasında həyata keçirilir. Digər bir məqam ondan ibarətdir ki, Rusiya artıq xarici siyasətində böhran yaşayır. Bu baxımdan, xarici fəallığın çərçivəsi çox daralır və Azərbaycanla olan münasibətlər bu səfərin baş tutmasına imkan verir. Həmçinin, digər ölkələrdən fərqli olaraq, Rusiya-Azərbaycan münasibətləri kəskin böhran vəziyyətində deyil. Yəni müsbət misal kimi bu münasibətləri və əlaqələri təbliğ etmək Rusiyanın xeyrinədir. Əsas bu üç elementdən bəhs etmək olar”.
Elmir
Cebhe.info