Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Biz 120 gün gözlədik. Və 30 il..." Avropa İttifaqı Ukraynanın Aİ üzvlüyünə namizəd statusunu təsdiqləyib

25-06-2022, 08:38   


Ukraynanın Aİ-yə üzv olmasını dəstəkləyən aksiya iştirakçıları

ŞƏKLİN MƏNBƏYİ,THIERRY MONASSE/GETTY IMAGES

Cümə axşamı Brüsseldə keçirilən sammitdə 27 Avropa ölkəsi Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməsini təsdiqləyib. Bu, Avropa İttifaqı tarixində ən sürətli verilən qərar olub.  Avropa Komissiyası həmin müraciəti keçən həftə təsdiqləyib.

Ukrayna Rusiyanın ərazisinə təcavüzündən bir neçə gün sonra, fevral ayında Aİ-yə üzvlük üçün müraciət etmişdi. O vaxtdan bəri proses rekord sürətlə inkişaf edib.

Prezident Volodimir Zelenski qısa videomüraciətində Ukraynanın Avropa İttifaqına namizəd statusu alması ilə bağlı deyib:

"Bu, qələbədir. Biz 120 gündür ki, gözləyirdik. Və 30 il..."

O, Twitter-də Ukraynanın namizədliyini bu ölkə ilə Aİ arasında münasibətlərdə unikal məqam adlandırıb.

Macron və Zelenski Kiyevdə görüşüb

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Ötən həftə Avropa İttifaqının dörd ölkəsinin lideri Prezident Zelenskiyə şəxsən dəstək ifadə etmək üçün Kiyevə səfər edib

“Keçən həftə Kiyevdə Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi üzərində işləmək öhdəliyi götürdük və biz bunu etdik. Bu gün biz Ukrayna, Moldova və Avropa üçün yeni mərhələ açdıq. Bu, tarixi hadisədir”,- Fransa Prezidenti Emmanuel Macron deyib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell isə vurğulayıb ki, "Ukrayna xalqı Avropa ailəsinə aiddir. Ukraynanın gələcəyi Avropa İttifaqı ilədir".

Çərşənbə günü Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov BBC-yə müsahibəsində etiraf edib ki, real inteqrasiya prosesi müharibə başa çatdıqdan sonra başlayacaq.


Optimizm və yalançı ümid

Vsevolod Çentsov deyib: "Əsl inteqrasiya prosesi müharibə başa çatdıqdan sonra başlayacaq. Təbii ki, bu, müəyyən vaxt aparacaq və biz illərlə deyil, aylarla davam edən növbəti mərhələdən danışırıq".

Səfir deyir ki, Ukrayna sıfırdan başlamır. O, 2014-cü ildə Brüssel və Kiyevin Assosiasiya sazişi imzaladığı vaxtdan bəri görülən işləri xatırladıb.

Bundan əvvəl bəzi avropalı diplomatlar xəbərdarlıq etmişdilər ki, Ukraynaya namizəd ölkə statusunun verilməsi ona yalan ümidlər verə bilər, reallıqda isə Aİ-yə daxil olmaq üçün uzun illər lazım olacaq.

Macron, Ursula və Şultz müzakirə aparırlar

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Almaniya kansleri Olaf Scholz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Macron Brüsseldə

Ukraynanın Avropa İttifaqındakı səfiri ölkəsinin Avropa perspektivlərini və onların reallaşa biləcəyi zaman çərçivəsini belə təsvir edib:

“Növbənin olması ilə razılaşmırıq, hər bir dövlətin öz yol xəritəsi, öz yolu var. Və əgər siyasi iradə varsa, cəmiyyət və biznes islahatları tez və qətiyyətlə həyata keçirmək istəyini dəstəkləyirsə, biz niyə gözləməliyik?”

Avropa Komissiyası ötən həftə Moldovaya namizəd ölkə statusunun verilməsini təsdiqləyib. Komissiya üzvləri Gürcüstanın müraciətinə də baxıb, lakin hələlik o, rədd edilib.

Bazar ertəsi axşam saatlarında 100 mindən çox insan Gürcüstanın Avropaya inteqrasiyasına dəstək üçün Tbilisi küçələrinə çıxmışdı.

Namizəd statusu nə vəd edir?

Namizəd statusu ərizəçi ölkə üçün Aİ-yə üzvlük yolunda ilk rəsmi addımdır. Amma bir çox Avropa ölkələri, o cümlədən Albaniya, Şimali Makedoniya, Monteneqro və Serbiya uzun illərdir ki, Aİ-yə namizəd statusuna malik olsalar da, hələ də birliyə tam hüquqlu daxil olmağa yaxınlaşmayıblar.

Tblisidə Avropaya istiqamətlənməyi dəstəkləyən mitinq

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,

Bazar ertəsi Gürcüstanda kütləvi Avropaya inteqrasiyanı dəstəkləyən aksiya keçirilib - onun iştirakçıları Aİ-ni ölkəyə namizəd statusu verməyə çağırıblar

Bosniya və Herseqovina 2016-cı ildə namizəd statusu almaq üçün müraciət edib, lakin hələ də buna nail ola bilməyib.

Bunun baş verməsi ehtimalı hələ də azdır, lakin biz başqa bir məsələdə - Şimali Makedoniya və Albaniyanın Avropa İttifaqı ilə yaxınlaşmada irəliləyişlərə ümid edə bilərik.

Macron Avropa İttifaqının genişlənməsi haqqında

Ukrayna və digər ölkələr üçün namizədlik statusu ilə bağlı qərarlardan əlavə, Aİ ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə Rusiyanın Ukrayna limanlarını blokadaya alması nəticəsində yaranan ərzaq böhranını və nəticədə taxıl ixracında yaranan böyük çətinlikləri müzakirə ediblər”.

Bu həftə Aİ diplomatiyasının rəhbəri Rusiya tərəfindən Ukrayna taxılının ixracının qarşısını almasını "müharibə cinayəti" adlandırıb.

Sammitdə, həmçinin Fransa Prezidenti Emmanuel Macron-un Avropa əməkdaşlığının yeni, daha geniş formatının yaradılması təşəbbüsü müzakirə olunub.

Macron-un fikrincə, bu format Aİ-ni mənəvi dəyərlər baxımından yaxın qonşularla, o cümlədən bloku tərk etmiş Böyük Britaniya və ona üzv olmağa ümid edən Ukrayna və Balkan ölkələri ilə birləşdirəcək.

May ayında Macron siyasi, enerji və nəqliyyat sahələrində, təhlükəsizlik və investisiyalar, infrastruktur və sərhəd keçidləri məsələlərində əməkdaşlıq edəcək, Aİ-yə ruhən yaxın olan Avropa ölkələrinin genişləndirilmiş klubunun yaradılmasını təklif edib.

Bu təklifə reaksiya indiyə qədər ehtiyatlı olub. Bəzi Aİ diplomatları bunu "çiy" adlandırıblar.

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss G7 və NATO kimi mövcud strukturlar çərçivəsində əməkdaşlığa üstünlük verdiklərini bildirib.

Ukraynanın Aİ-dəki səfiri təşəbbüsü rədd etməyib və deyib ki, “bəlkə də bu, Aİ və Böyük Britaniya üçün bir variantdır ki, biz bir masa arxasında əyləşə bilək – Aİ, Ukrayna və Böyük Britaniya”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar