Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

”Zərərçəkənlərin qanunsuz həbsdə saxlanması Zakir Qaralov və Rüstəm Usubovun imzalarıyla həyata keçirilib”

29-06-2022, 09:19   


Zərərçəkmişlər hakimin vaxtilə MTN-də çalışdığını deyir və uzaqlaşdırılmasını tələb edirlər

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş general Mövlam Şıxəliyev, bu idarədə çalışmış polkovniklər – şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov, rəis müavini Sahib Ələkbərovun mühakiməsi 1 aylıq təxirə salınıb.

Səbəb odur ki, Bakı Hərbi Məhkəməsində onların işinə baxan hakim Elbəy Allahverdiyev məzuniyyətə gedib. Bu səbəbdən iyunun 28-nə təyin olunmuş məhkəmə iclası da keçirilməyib.

Məhkəməyə gələn MTN əməkdaşları ümumiyyətlə, Elbəy Allahverdiyevin bu işə baxmasının əleyhinədirlər. Onlar ayrı-ayrılıqda yazdıqları etirazları Bakı Hərbi Məhkəməsinin dəftərxanasına təqdim ediblər.

Zərərçəkmişlərdən Hüseyn Səfərov, Qulam Bağırov, Zaur Əliyev, Sərdar İsmayılov və Əfsəl Həsənəliyev etirazlarında yazıblar ki, Elbəy Allahverdiyev bu iş üzrə obyektiv, ədalətli hökm çıxarmayacaq.

Onların fikrincə, hakim 9 aydır ki, davam edən məhkəmə prosesinin hər iclasında onlara qarşı qərəzli olduğunu, təqsirləndirilən keçmiş MTN-çiləri müdafiə etdiyini hərəkətlərilə ortaya qoyub.

Bildiriblər ki, zərərçəkmişlərin qaldırdığı, işin obyektiv, ətraflı araşdırılması baxımından vacib olan vəsatətlərin heç biri təmin edilmir.

Onların əsas arqumenti isə hakim Elbəy Allahverdiyevin vaxtilə MTN-də Mövlam Şıxəliyevin rəhbərliyi altında fəaliyyət göstərməsidir.

Elbəy Allahverdiyev əvvəllər Hərbi Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi fəaliyyət göstərib.

O, 2003-cü ildə MTN-ə ezam edilib.

2003-2004-cü illərdə nazirliyin İstintaq Baş İdarəsində işləyib. Həmin dövrdə Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsində şöbə rəisi olub. Daha sonra o, baş idarənin rəisi vəzifəsinə təyin edilib.

“Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərib, onunla daim tamasda olub. O, bu günədək Elbəy Allahverdiyevin gözündə rəhbər olaraq qalmaqdadır. Onların sıx münasibəti var. Məhkəmə iclası zamanı Elbəy Allahverdiyev proses iştirakcçlarının qarşısında etiraf edib ki, 2003-2004 cü illərdə MTN-də istintaq qrupunun tərkibində fəaliyyət göstərib. İclasda Mövlam Şıxəliyevə dəqiqləşdirici sual verildi ki, nə vaxtdan MTN-də xidmətə başlayıb? O bildirdi ki, 2004-cü ildən polkovnik rütbəsində şöbə rəisi vəzifəsində xidmət edib”, – zərərçəkmişlər etirazda yazıb.

Onların etirazına səbəb olan daha bir məqam isə bu işdə sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun adının, demək olar ki, hər məhkəmə iclasında hallanmasına baxmayaraq, hakimin onları çağırıb şahid qismində dindirməkdən imtina etməsidir.

Zərərçəkmişlər dəfələrlə məhkəmədə bu barədə vəsatət qaldırıblar: “Ötən məhkəmə iclasında, hətta təqsirləndirilən şəxslərdən Sahib Ələkbərov da Qaralov və Usubovun çağırılmasını istəyib. Proses iştirakçılarının bir çox vəsatəti müdafiə etsə də, hakimlər rədd cavabı verdi. Səbəbini də əsaslandırmadı“.

“Onların çağırılıb dindirilməsi üçün əsaslı dəlillər ortaya qoyulub. Bu işdəki zərərçəkənlərin hamısının girov götürülməsi və qanunsuz həbsdə saxlanması Zakir Qaralov və Rüstəm Usubovun imzalarıyla, qərarlarıyla həyata keçirilib”, – zərərçəkmişlər etirazlarında yazıb.

Zərərçəkmişlərdən Qulam Bagırov ötən məhkəmə iclasında hakimə etirazını təqdim etmişdi. Lakin Elbəy Allahverdiyev onu qəbul etməmişdi ki, adı orada düzgün yazılmayıb.

Zərərçəkmişlər Cinayət Prosessual Məcəllənin 109.1.7 maddəsini də etirazda xatırladıblar.

Orada göstərilib ki, hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda ona etiraz edilə bilər.

Məhkəmənin dəftərxanasında zərərçəkmişlərdən etirazı qəbul ediblər, lakin nəticəsi hələ məlum deyil.

Keçmiş MTN-çilərin məhkəməsi iyulun 26-na qədər təxirə salınıb.

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin, səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib.

Təqsirləndirilən keçmiş MTN-çilərdən yalnız general həbsdədir, digər 3 nəfər haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar