“Növbədənkənar sessiyada hansı qərarın veriləcəyini heç Volodin də bilmir”
İstirahətdə olan Rusiya Dövlət Dumasının üzvlərinə iyulun 15-də təcili olaraq parlamentin növbədənkənar iclasına toplaşmaları tapşırılıb. Ancaq bu iclasda konkret olaraq nəyin müzakirə olunacağı və hansı qərarların qəbul ediləcəyi barədə heç bir rəsmi açıqlama və izahat yoxdur.
Kremlin sözçüsü Dmitri Peskovun həmin gün Dumada nəyin müzakirə ediləcəyinə dair jurnalistlərin sualına “hazırda sizə verəcək heç bir cavabım yoxdur”, - deyə cavab verməsi bu toplantıyla bağlı müəmmaları bir qədər də artırıb.
Dumanın spikeri Vyaçeslav Volodin də “ikibaşlı” danışıb və iclasda “hökumətin və deputatların iqtisadiyyatı və vətəndaşları dəstəkləmək istiqamətində təşəbbüslərinə baxılacaq”, -deyə bildirib. Lakin söhbətin konkret olaraq hansı “təşəbbüslər”dən getdiyini açıqlamayıb.
Nəticədə Ukraynada davam edən müharibə və Rusiya ordusunun dalana dirənməsi fonunda bu cür təcili növbədənkənar iclasın çağırılması müxtəlif “özəl məlumatlar”ın və mülahizələrin yayılmasına yol açıb.
Məsələn, Rusiyadakı məşhur müxalifyönlü “Meduza” nəşri hakimiyyətdəki mənbələrinə istinadla yazır ki, iclasda hökumətin tərkibində ciddi kadr dəyişikliklərinin təsdiqlənməsi və müharibə dövrünə uyğun hansısa qanunverici aktların qəbul edilməsi gözlənilir.
“Meduza” yazır ki, Rabitə naziri Maksut Şadayev və Sənaye naziri Denis Manturovun vəzifələrindən azad ediləcəyi, eyni zamanda ikincinin Baş nazirin müavini postuna təyin ediləcəyi gözlənilir: “Bununla yanaşı, deputatlar sanksiyalar səbəbindən tam dayanan, yaxud yarı gücü ilə işləyən müəssisələrdə sosial narazılığın artmaması üçün sənaye sahələrinə dövlət dəstəyini nəzərdə tutan qanunverici sənədləri qəbul edə bilərlər”.
Həmçinin, məlumatda qeyd olunur ki, növbədənkənar iclasda Baş nazir Mixail Mişustinin istefaya göndəriləcəyi və onun yerinə Hesablama Palatasının sədri Aleksey Kudrinin təyin olunacağı gözlənilir: “Məsələ onda deyil ki, Mişustin pis işləyir. Sadəcə o, yalnız “yığmağa” öyrəşib, “paylamağa” yox. İndi isə başqa dövrdür”.
“Meduza”nın hakimiyyətdəki mənbəyi iclasda səfərbərliklə bağlı qərarların veriləcəyini də istisna etməyib və bildirib ki, Duma elə həmin gün veriləcək ümumi səfərbərlik haqqında ölkə başçısının qərarını təsdiqləyə və bununla bağlı dövlət büdcəsinə dəyişikliklər qəbul edə bilər. Bu da çoxdan bəri davam edən ümumi səfərbərliyin elan olunacağına dair söz-söhbətlərin yekunu və təsdiqi hesab edilir.
Bununla yanaşı, bəzi mənbələr həmin gün parlamentin yuxarı palatasının – Federasiya Şurasının da toplaşacağını istisna etmir.
“BBC”-nin Rusiya bölməsinin məlum iclasla bağlı materialında deyilir: “Dumada hamı mümkün kadr dəyişiklikləri barədə pıçıldaşır, lakin heç kəs dəqiq nəsə bilmir. Hətta istisna edilmir ki, Volodinin özü belə, heç nə bilmir”.
Müstəqil ekspertlər isə sözügedən növbədənkənar iclasla bağlı bir sıra mülahizələr irəli sürürlər. Məsələn, qeyd olunur ki, indiki vaxtda hətta Mixail Mişustinin istefaya göndərilərək, başqası ilə əvəz edilməsi üçün belə təcili növbədənkənar iclasa ehtiyac yox idi. Çünki bu, bir növ texniki məsələdir və Putin bunu növbədənkənar iclas çağırmadan, istənilən vaxt edə bilərdi.
Səfərbərlik elan edilməsinə gəlincə, bunun üçün də Dumanın təcili toplanmasına ehtiyac yoxdur. Çünki qanunvericiliyə görə ümumi səfərbərlik haqqında qərarı Prezident verir. Onun təsdiqlənməsi, yaxud inkar edilməsi isə Federasiya Şurasının səlahiyyətindədir.
Lakin bu variant da istisna edilmir ki, eyni gündə həm Putin səfərbərlik haqqında qərar verə, həm də parlament bunu təsdiqləyə bilər. Lakin müşahidəçilər Rusiyanın dövlət, cəmiyyət, iqtisadiyyat və ordu olaraq səfərbərliyə hazır olmadığını qeyd edirlər və bu barədə qərar veriləcəyini bir o qədər inandırıcı saymırlar.
Üçüncü və qeyri-adi versiyaya görə isə Putin həmin gün SSRİ-nin bərpasını elan edə bilər. Bu versiya müəyyən dairələr tərəfindən səsləndirilsə də, təbii ki, buna ciddi yanaşanlar olduqca azdır.
Nəhayət, xüsusilə də hakimiyyətə yaxın media orqanlarına əsaslanan müşahidəçilər bu iclasda sadəcə, qanunvericilikdə müharibə şəraitinə uyğun hansısa texniki dəyişikliklərin ediləcəyini bildirirlər.
Hər necə olsa, Kremlin göstərişilə keçirilməsi şübhə doğurmayan Dumanın 15 iyul növbədənkənar iclası bütün adi və qeyri-adi mülahizələr üçün açıqdır və orada istənilən gözlənilməz qərarın çıxarılacağını gözləmək olar. Çünki ən azından Ukraynaya qarşı 24 fevral tarixindən başlayan qanlı işğalçılıq savaşı Rusiya rəhbərliyinin davranışlarının nə hüquqa, nə sağlam düşüncəyə, nə də adi məntiqə sığmadığını göstərdi...
C.Məmmədov
“AzPolitika.info”