Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna taxıl mövzusunda müəyyən razılıqlara gələ bildi. Amma bu o demək deyil ki, Kiyev ilə Moskva arasında atəşkəs olacaq.
Axar.az xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.
“Heç bir atəşkəsdən söz gedə bilməz. Rusiya bir saniyə belə dayanmamalıdır. Bəli, taxıl mövzusu ilə bağlı balaca bir koridorda müvəqqəti dura bilərik, lakin başqa istiqamətlərdə hərbi planlarımızın gerçəkləşməsi naminə döyüşləri davam etdirməliyik. Yaxşı ki, Türkiyə öz üzərlərinə böyük bir öhdəlik götürdü. Həmin koridordan keçən gəmilərə Ankara nəzarət edəcək – taxıl adı altında Ukraynaya silah getməyəcək”, - deyə o qeyd edib.
Solovyov onu da diqqətə çatdırıb ki, bununla da rus ordusunun Zmeyni (İlanlar) adasından çıxma səbəbi bəlli oldu:
“Taxıl əməliyyatı başa çatan kimi Zmeyni (İlanlar) adasına nəzarət yenidən Rusiya ordusuna keçəcək”.