“Rusiya Xersondan çəkilməyin yollarını düşünür”
“Rusiya işğalçıları Xersondan çəkilməyin yollarını düşünür və hazırlayırlar. Onlar artıq düşüncələrində Xersonu təhvil verirlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç “Feyqin Live” kanalına açıqlamasında deyib.
Arestoviçin fikrincə, ruslar Xersondan “Antonov körpüsü” vasitəsilə çəkilməyi düşünürlər: “Bu körpü geri çəkilmək üçün onlara çox lazımdır. Onlar Xersondan çəkilməklə bağlı mühəndis işləri üzərində düşünürlər. Onların başqa variantı yoxdur və geri çəkilməyə dair hazırlığın əlamətləri getdikcə çoxalır. Mən 101 faiz əminəm ki, onlar artıq düşüncələrində Xersonu təhvil verirlər”.
Arestoviç deyib ki, ruslar məğlub olduqlarını anlayıblar və avqustun ortalarından noyabra qədər onların “xoş məramlı addımları”nın şahidi olacağıq.
Xatırladaq ki, Rusiya tərəfi məğlub olaraq Kiyev ətrafından və İlan adasından çəkiləndə də bunu “xoş məramlı addım” kimi qələmə vermişdilər. Arestoviç də açıqlamasında bunu nəzərdə tutur.
“AzPolitika.info”