Rusiya və Ukraynanın hərbi nümayəndələrinin uzun müddətli fasilədən sonra ilk dəfə İstanbulda keçirdikləri üz-üzə müzakirələrdə, qlobal qida böhranının aradan qaldırılması üçün mühüm addımlar atıldı.
Birləşmiş Millətlər Təşkilatının (BMT) təmsilçilərinin də iştirakı ilə baş tutan görüşdən sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Kiyev və Moskva arasında koordinasiya mərkəzinin qurulması, gəmilərə ortaq nəzarət və naviqasiya təhlükəsizliyi məsələsində razılıq əldə edildiyini bildirib.
BMT-nin Baş katibi Antonio Guterres isə Reuters-ə verdiyi açıqlamada tərəflər arasında yekun razılaşma əldə edilənədək diplomatik cəhdlərin davam etdirilməli olduğunu diqqətə çatdırıb.
New-Yorkda media nümayəndələrinə danışan Guterres “önəmli addımın atıldığını gördük. Ancaq bütün tərəflərin xoş niyyətli olduğunu və üzərlərinə düşən öhdəlikləri yerinə yetirdiklərini görmək istəyirik” deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski də görüşdə önəmli irəliləyişlərin əldə edildiyini bildirib.
Türkiyənin ev sahibliyi ilə çərşənbə günü baş tutan görüş çərçivəsində Rusiya və Ukraynanın hərbi rəsmilərinin qlobal qida böhranı ilə mübarizədə Ukrayna taxılının dünya bazarına daşınması istiqamətində ilk müzakirələri oldu.
Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə apardığı sıx diplomatiya və BMT-nin cəhdləri nəticəsində reallaşan görüşdə əldə edilən nəticələri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ictimaiyyətə açıqlayıb.
Türkiyəli rəsmi Ukraynanın limanlarında qalmış milyonlarla ton taxılın Qara dənizdən təhlükəsiz şəkildə daşınmasına fokuslanan müzakirələrin konstruktiv formada keçdiyini qeyd edib. O, tərəflər arasında aşağıdakı məsələlər ətrafında razılıq əldə edildiyini bildirib:
Lakin İstanbulda “bütün tərəflərin təmsilçilərinin iştirakı ilə bir koordinasiya mərkəzinin yaradılması” qərara alındı. Beləliklə, prosesə nəzarət tam olaraq nə Türkiyə, nə də BMT-nin öhdəliyində olacaq.
Bu mexanizm qida dəhlizinin fəaliyyəti çərçivəsində Rusiya və Ukraynaya da prosesin içində olma imkanı verəcək.
Nə Moskva, nə də Kiyev mərkəzin İstanbulda olmasına qarşıdır.
Rusiya və Ukraynanın xarici işlər nazirlərinin martda keçirilən Antalya görüşü istisna olmaqla bütün ikitərəfli müzakirələr İstanbulda baş tutub.
Qaradənizdə etibarlı dəhlizin qurulması ilə bağlı apreldən bəri keçirilən müzakirələrdə hər iki tərəf təhlükəsizliklə bağlı ciddi narahatlıqlarının olduğunu gündəmə gətiriblər.
Bunlardan biri də Odessa limanı da daxil olmaqla, Ukrayna limanlarından taxıl yüklü gəmilərin yüklənməsinə və onlarn sahilə yaxınlaşmasına nəzarətin necə təşkil ediləcəyi ilə əlaqəlidir.
Rusiya taxılın yüklənməsi üçün Ukraynaya qayıdan gəmilərlə silah və canlı qüvvələrin daşınmasının qarşısını almaq üçün gəmilərə nəzarət etmək istədiyini dilə gətirirdi.
Hulusi Akar detallara aydınlıq gətirməsə də “limanların çıxış və girişlərində ortaq nəzarətin təşkil edilməsi” ilə bu ziddiyyətlərin aradan qalxdığını açıqlayıb.
Ukrayna tərəfi qida dəhlizinin istifadəsi zamanı Türkiyə ordusunun da prosesdə iştirak etməsini istəyirdi.
Gəmilərin ortaq nəzarəti çərçivəsində Rusiya və Ukrayna arasında əlaqələri yeni razılaşmaya əsasən Türkiyə ordusu həyata keçirəcək.
Milli Müdafiə naziri Akarın sadaladığı razılaşdırılan bəndlər arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi də yer alıb. Lakin türkiyəli nazir bu haqda əldə edilən razılaşma barədə detallı açıqlama verməyib.
Daha əvvəl verilən bəyanatlarda Ukrayna limanlarında gözləyən gəmilərin Qara dənizdə yaradılacaq ən azı iki dəhliz vasitəsi ilə dünya bazarına çıxacağı və bu yolların təhlükəsizliyinin Ukrayna tərəfinin güvəndiyi üçüncü ölkəyə həvalə ediləcəyi bildirilirdi.
Rəsmi Kiyev Ukrayna və Türkiyənin müdafiə nazirlikləri arasında davam edən yaxın münasibətlər səbəbi ilə naviqasiya təhlükəsizliyinin Türkiyə ordusuna həvalə edilə biləcəyini dilə gətirirdi.
Bundan başqa, gəmilərin limanların giriş-çıxışında minalı ərazilərdən keçidi ilə bağlı məsələdə də Türkiyənin Ukraynaya dəstək verə biləcəyi açıqlanıb. Bu tələblərin daha sonra dəqiqləşdiriləcəyi gözlənilir.
Türkiyəli nazir açıqlamasında prosesin bundan sonrakı mərhələsi barədə də məlumatları bölüşüb.
Tərəflərin münaqişənin həllində maraqlı olduğunu deyən Hulusi Akar bu məsələdə BMT ilə koordinasiyalı şəkildə işləyəcəklərini dilə gətirib.
O, növbəti həftədə Ukrayna və Rusiya heyətlərinin yenidən Türkiyədə görüşməsi ilə bağlı razılıq əldə edildiyini bildirib.
“Qarşımızdakı həftə keçiriləcək müzakirələrdə həm bütün detallar bir daha gözdən keçiriləcək, həm də həyata keçirdiyimiz işlərlə bağlı sənəd imzalanacaq”, - Akar əlavə edib.
Lakin onun çıxışında imzalanacaq sənədin mətni və imza mərasiminin hansı səviyyədə baş tutacağı bəll deyil.
Rusiya Müdafiə Nazirliyi də çərşənbə günü reallaşan görüşlə bağlı açıqlama verib.
Nazirliyin verdiyi bəyanat Rusiyanın Ankaradakı səfiri tərəfindən rəsmi Twitter hesabından paylaşılıb:
“Təmsilçilərimiz Qara dəniz limanlarından dənli bitkilərin çıxarılması ilə bağlı Türkiyə, BMT və Ukrayna rəsmiləri ilə İstanbulda dördtərəfli müzakirələrə qatılır. Heyətimiz məsələnin sürətli və praktiki həlli üçün təklif paketi təqdim edib”.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü Igor Konashenkov tərəfindən verilən bəyanatda Rusiyanın hazırladığı təkliflə bağlı heç bir məlumat açıqlanmayıb. Rusiyanın irəli sürdüyü təkliflərin Hulusi Akarın açıqladığı ortaq nöqtələrə nə qədər təsir etdiyi məlum deyil.
Ancaq Rusiya tərəfi son iki gündür verdiyi açıqlamalarda qida böhranına son qoymaq üçün ortaq məxrəcin əldə edilməsinə hazır olduğu bəyan edib və taxılın ixracında yaranan problemlərə görə Ukraynanı günahlandırıb.
Taxıl ixracı zamanı Rusiyanın müvəqqəti atəşkəs tətbiq edəcəyi də mətbuatda yer alıb.
BBC.com