İtaliyanın ən tanınmış mafiya ovçuları həyəcan təbili çalırlar. Ölkənin milli antimafiya agentliyinin rəhbəri Federiko Kafiero De Raho və Kalabriya prokuroru Nikola Qratterinin İtaliya mətbuatına verdikləri məlumata görə, mütəşəkkil cinayətkarlıq Ukrayna müharibəsindən görünməmiş qazanc əldə etməkdədir.
De Rahonun sözlərinə görə, mafiya ovçuları bu günün problemləri ilə məşğul olarkən, klanlar artıq sabahın işi üzərində işləyirlər. Müasir cinayətkar birlklər artıq ənənəvi "xərac" modelindən asılı deyillər, hələ 21-ci əsrin əvvəllərindən daha modern gəlir modelləri işləyib hazırlayıblar. Böhran və ya pandemiya dövrlərində gəlirləri birə-beş artıb. Pandemiya, müharibə və hətta enerji böhranı belə mütəşəkkil cinayətkarlığın əlinə oynayır.
İtalyan jurnalist Sandro Mattioli deyir ki, böhranlar həmişə mafiyanın "arxa bağça"sı olub. İllər əvvəl Europol müəyyən etmişdi ki, mafiya külək stansiyaları kimi bərpa olunan enerjilərə getdikcə daha çox sərmayə qoyur və yaşıl elektrik enerjisi üçün subsidiyalar toplamaqla çirkli pulları yuyur, bununla da iki dəfə artıq gəlir əldə edir.
Hər bir sosial və siyasi dəyişikliyə ən tez mafiya uyğunlaşır. Onilliklər ərzində mafiyanı izləyən araşdırmaçı jurnalist Matilda Şvanbender yazır: "O, (mafiya) zamanın ruhunu hiss edir".
Müharibədən əvvəl narkotik ticarətindən əldə etdiyi on milyardlarla avronu yumalı olan italyan mafiyasının çirkli pulların yuyulmasında onillik təcrübəsi var. Maliyyə polisinin araşdırmasına görə, klanların maliyyə mütəxəssisləri artıq rus oliqarxlarının xidmətində durublar. Rusiya aktivlərini səxavətli faizlər müqabilində təhlükəsiz ofşorlara ötürürlər və ya sanksiyaların yetişə bilmədiyi kriptovalyutalara çevirirlər.
İtaliya Milli Bankının məlumatına görə, təkcə ötən il Rusiyadan İtaliyaya 13 milyard avro vəsait daxil olub. Bu vəsaitin beş milyardı şübhəli kimi təsnif edilərək dondurulub.
Lakin oliqarxlar Dragi hökumətinin sərt tədbirləri ilə üzləşdikləri üçün ölkədə mafiyanın əliylə siyasi böhran yaratdılar. Dragi hökumətinin istefasında mafiyanın xidmətləri xüsusi qeyd olunur. Mafiozların ağa babası Silvio Berluskoninin partiyası olan "Forza İtalia" ölkədəki siyasi böhranın əsas təşkilatçısı sayılır. Gələcək seçkilərdə Berluskoninin partiyasının seçkiləri qazanacağı da proqnozlaşdırılır.
Silvio Berluskoni 2017-ci ildə 10 nəfəri öldürməyi sifariş etməkdə günahlandırılaraq istintaqa da çəkilib. 1993-cü ildə onun Siciliya mafiyasına on nəfərin həyatına son qoymuş bir sıra partlayışlar sifariş etdiyi deyilir. Ancaq sonda araşdırmalar nəticəsiz qaldı, çünki Berluskoninin sifarişinə dair heç bir tutarlı dəlil, şahid tapılmadı. Şahidlərin hamısı öldürülmüşdü.
Siyasi böhran şəraitində rus oliqarxlarının pullarını gizlətmək çox asanlaşır. İtalyanın "La Respublica" qəzeti italyan mafiozların insan alverində Rusiya və Ukrayna mafiyası ilə əməkdaşlıq etdiklərini yazır. Müharibə dövründə insan alveri xüsusilə gəlirli cinayətlərə çevrilir. Azyaşlı uşaqları ilə qaçan gənc ukraynalı qadınlar cinayətkar təşkilatların asan şikarına çevrilmək təhlükəsi ilə üz-üzə qalıblar. Mafiozlar qadınlara qaçmağa kömək etdikdən sonra onları fahişəliyə məcbur edir, uşaqlarını əllərindən alır, övladlığa götürən cütlüklərə satırlar.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı (UNHCR) Federico Fossa “La Repubblica” qəzetinə bildirib ki, yüzlərlə ukraynalı qadın və onların uşaqlarından heç bir xəbər yoxdur. Onların artıq fahişəliyin və qeyri-qanuni övladlığa götürmənin “qara dəliyində” yox olub-olmadıqlarını dəqiq söyləmək mümkün deyil.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və uşaqların müdafiəsi təşkilatı "Save the Children" hələ bir neçə ay əvvəl bütün Avropada övladlığa götürmələrə moratorium qoymağa çağırmışdılar.
Ukraynaya göndərilən bir neçə modern silahların Ukrayna mafiyası tərəfindən qara bazarda satıldığına dair də məlumatlar yayılır. 700 min avro qiyməti olan haubitsaların qara bazarlarda 100-120 min dollara satılması haqqında yazışmalara rast gəlmək mümkündür.
Fransa Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya iki 155 mm-lik "Sezar" haubitsası hədiyyə edib. Ancaq bu silahların rus mafiyasının əlinə keçməsi haqqında xəbərlər dolaşır. BulgarianMilitary.com-un müxbiri və analitiki Sebastyan Levi izah edir ki, Makronun super silahları qara bazarda ukraynalı mafiozlar tərəfindən ruslara satılıb. Haubitsaların 118.000 avroya satıldığı deyilir.
Almaniyada da vəziyyət İtaliyadakından fərqli deyil. Çirkli pulların yuyulmasına qarşı beynəlxalq təşkilat olan Financial Action Task Force (FATF) bu yaxınlarda Almaniyanın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə çox az iş gördüyünü müəyyən edib. Alman məmurların cinayətkarlarla mübarizə aparmaq əvəzinə, kadr çatışmazlığı və anlaşılmayan çıxılmaz vəziyyətlə mübarizə apardıqları bildirilir.
Özəl sektora zəif nəzarət olunur və hakimiyyət orqanları çox vaxt məlumat ötürmür. Hər şeydən əvvəl, aktivlərin benefisiar sahibləri haqqında məlumat verilmir.
Ötən ay multimilyonçu Alişir Osmanovun Almaniyadakı villlası və villanın qarajinda iki bahalı avtomobili tapılsa da, mafioz gruplar 500 min avroluq avtomobilləri qaçıra bilmişdilər.
Oliqarxların bank hesabları dondurulsa da, daşınan əmlakın müsadirə edilməsində ciddi problemlər var. Bahalı avtomobillər gizli yollarla, saxta sənədlərlə nəmalum istiqamətlərə daşınır.
İtalyanın mafiya ovçuları qorxurlar ki, Ukraynada müharibə nə qədər uzun sürsə, klanlar qara biznesi bir o qədər dərinləşdirə bilər.
Europol mətbuata açıqlamasında mütəşəkkil cinayətkarlığın terrorizmdən daha böyük təhlükə olması barədə xəbərdarlıq edib.
musavat.com