Ərdoğan Qərbi Putini anlamağa çağırdı - Kreml liderinə jest, yoxsa...

28-07-2022, 11:18   


 

Türkiyə prezidenti hesab edir ki, Qərb siyasətçiləri Rusiya liderinə səhv yanaşır; “Ona necə münasibət göstərsəniz, onu alacaqsınız”; Toğrul İsmayıl: “Bir jestdir, mesaj fərqlidir”

“Qərb siyasətçiləri Rusiya prezidenti Vladimir Putinə ”səhv yanaşır". Bu səbəbə ondan eyni cavabı alırlar". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində deyib. “Biz həm Putinə, həm də (Ukrayna prezidenti) Zelenskiyə düşmən yox, dost kimi baxırıq. Üstəlik, Qərbin cənab Putinə yanaşması yanlışdır... Qərb siyasətçilərinin Putinə münasibətini bilirsiniz. Bu, siyasətçilər üçün yaxşı deyil. Ona necə münasibət göstərsəniz, onu alacaqsınız”, - deyə vurğulayıb və faktiki Qərbi Kreml başçısını anlamağa çağırıb. Yeri gəlmişkən, Ərdoğan avqustun 5-də Rusiyaya səfər edəcək. Səfər öncəsi onun bu açıqlaması ikiqat maraq doğurur.

Həmin səfərdə müzakirə masasında Ukrayna, Qara dəniz, Suriya, Qarabağ mövzuları prioritet təşkil edəcək. Türkiyə son illərdə Rusiya ilə münasibətləri şaxələndirib. Kreml və Ankara bir-birini anlamağa, eşitməyə üstünlük verirlər. O baxımdan Ukrayna müharibəsinə görə iki İstanbul anlaşması var - rus ordusunun Kiyevdən çəkilməsi və taxılın Qara dəniz vasitəsi ilə dünya bazarlarına daşınması... Suriya məsələsində baxışlar bir o qədər üst-üstə düşmür. Rusiya Türkiyənin Suriyada antiterror əməliyyatlarının əleyhinə çıxır, amma xarici işlər naziri Mövlüd Çavuşoğlu açıq şəkildə bildirdi ki, kimdənsə buna görə icazə alınmayacaq. Qarabağ məsələsində isə Putin və Ərdoğan uzlaşmağa çalışırlar. Odur ki, Türkiyə liderinin son sözləri və Qərbə yönəlik dedikləri, Putini anlamağa çağırışı münasibətlərin axarında getdiyini deməyə əsas  verir. Bəs, Putini necə anlamalı, Ərdoğan bununla nəyə işarə edir? Ümumiyyətlə, onun açıqlaması Türkiyənin daha çox Rusiyanın yanında olduğu iddiasını möhkəmləndirmir ki?

Generalımızın olduğu yer təsadüfən vurula bilməz” - TOĞRUL İSMAYIL

 Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın fikrincə, Ərdoğanın sözlərində mesaj fərqlidir. T.İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Ərdoğan Putini daha yaxşı başa düşdüyünü, münasibətlərin normal olduğunu demək istəyib. “Düşünürəm ki, bir jestdir. Türkiyənin Rusiya ilə anlaşa biləcəyini ortaya qoyur. Hesab etmirəm ki, Ukrayna müharibəsinə Qərb liderlərinin baxışını dəyişməyə bir çağırışdır. Çünki Türkiyə Ukraynaya dəstək verməkdən çəkinməyən dövlətdir və eyni zamanda, Rusiya ilə də dialoq qurmağı bacarır. Sadəcə, Rusiya nə qədər günahkardırsa, Qərb dövlətləri də bir o qədər günahkardır - Türkiyədə müharibə ilə bağlı geniş yayılmış mövqe bundan ibarətdir. O baxımdan Ərdoğanın çağırışı o demək deyil ki, Qərb Ukrayna müharibəsində Putinlə dil tapmalıdır”, - deyə T.İsmayıl vurğuladı. Analitik avqustun 5-də bir günlük Soçi görüşündə hansı problemlərin müzakirə ediləcəyini açıqladı: “Liderlər bir sıra mövzuları müzakirə edəcəklər. Xüsusən Türkiyənin Suriyanın şimalında əməliyyatları reallaşdırmasəı və Ukrayna taxılı yenə danışılacaq. Çünki İstanbulda böyük anlaşma oldu, amma yenə Odessa hava limanına zərbələr endirilir, bu da müzakirə ediləcək”.

Erməni xalqı yorulub, artıq keçmişə qayıtmaq istəmir deyə yenidən Paşinyanı  seçdi", - Şahin Cəfərli - BBC News Azərbaycanca

Şahin Cəfərli

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, prezident Ərdoğan müharibənin dərhal dayandırılması ilə bağlı çağırış etdi: “Bu, şübhəsiz ki, humanist bir istəkdir, lakin hazırkı durumda savaşın dayandırılması Ukraynaya qətiyyən lazım deyil. Elə bil ki, Qurtuluş savaşında Kütahya - Eskişehir məğlubiyyətlərindən sonra Atatürkü müharibəni dayandırıb, masaya oturmağa çağırırsan. Halbuki cəmi ikicə ay sonra qarşıda Sakarya zəfəri var. İndi atəşkəs Rusiyaya lazımdır ki, nəfəs dərsin və cəbhəyə yeni qüvvələr daxil etmək üçün zaman qazansın. Taxıl danışıqlarında atəşkəs məsələsi də gündəmə gəlmişdi, lakin Ukrayna bunu rədd etdi. Rusiya anlaşmanı imzalayıb, dünyaya, xüsusən Ukrayna taxılının əsas müştəriləri olan Orta Şərq və Afrika ölkələrinə sülhsevər, humanist qiyafəsində görüntü verməyə çalışsa da, bugünkü bombardman onun gerçək simasının, Ukraynanın təslimiyyəti rədd etməsindən duyduğu qəzəbin göstəricisidir”.

Emil SALAMOĞLU,,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.