Uzun müddət Rusiya hakimiyyətindəki ən qaranlıq fiqurlardan biri sayılan, eləcə də sıravi rusiyalıların çoxunun “bütün bəlaların baiskarı” hesab etdikləri Anatoli Çubaysın zəhərlənməsi xəbəri Rusiyada və Avropada əsas xəbər başlıqlarında yer alır.
Məlum olduğu kimi, dünən müxalif mövqeyilə seçilən teleaparıcı Kseniya Sobçak “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubaysın Avropa klinikalarından birində reanimasiyaya yerləşdirildiyinə dair xəbər yayıb. Sobçak bu xəbəri Çubaysın həyat yoldaşına istinadla ictimailəşdirib: “Çubays reanimasiyadadır, indicə Avdotya ilə danışdım (Çubaysın həyat yoldaşı - red.). Vəziyyəti qeyri-stabildir”.
Maraqlıdır ki, təkcə xanımı yox, Çubaysın özü də bununla bağlı mesaj yayımlayıb: “Mən “Guillain-Barre” sindromu diaqnozu ilə Avropa klinikalarından birinə yerləşdirildim. Vəziyyətim orta ağırdır”.
Məlumat üçün bildirək ki, “Guillain-Barre” sindromu ifliclə nəticələnə bilən və özünü əzələ zəifliyində, ağrılarda, uyuşmalarda göstərən nadir xəstəlikdir. 67 yaşlı Çubaysın əvvəllər belə bir xəstəlikdən əziyyət çəkidyinə dair heç bir məlumat yoxdur. Həyat yoldaşı və özü də bu barədə heç nə demirlər. Deməli, böyük ehtimalla, bu xəstəliyin əlamətləri birdən-birə peyda olub ki, bunun da təsadüfən olmadığına, hətta kimyəvi zəhərlənmənin nəticəsi olduğuna dair qənaət yaranıb
Məlumatda deyilir ki, kimyaçı mütəxəssilər Çubaysın yaşadığı mənzilə, pencəyinə baxış keçiriblər və bu zaman xüsusi qoruyucu geyimdən istifadə ediblər. Ekspertlərin dəqiq nə axtardığı barədə hələ məlumat verilməsə də, onların xüsusi qoruyucu geyimdə olması kimyəvi zəhərlənmə izləri axtarmaları barədə fikir yaradır.
Unutmayaq ki, Rusiya hakimiyyətinin, xüsusilə Putin dövründə öz rəqiblərini, düşmənlərini və digər arzuolunmaz şəxsləri “Noviçok” adlı maddəylə zəhərləməsi praktikası çoxdan mövcuddur.
Yeltsin dövründə Prezident Administrasiyasının rəhbəri, daha sonra Baş nazirin müavini, Maliyyə naziri kimi vəzifələr tutmuş Çubays Rusiyada daha çox “özəlləşdimənin atası” kimi tanınır. Onun son sanballı iş yeri isə “Rosnano”nun rəhbəri postu olub ki, oraya da 2010-cu ildən 2020-ci ilə qədər başçılıq edib.
Son olaraq Putinin müşaviri kimi formal post tutan Çubays Ukrayna işğalı başlayandan bir müddət sonra Rusiyanı tərk edib. Onun əvvəlcə Türkiyədə, daha sonra Dubayda və İtaliyada göründüyü, nəhayət, İsrailə yerləşdiyi barədə məlumatlar var. Ancaq məlum hadisənin İsraildə, yoxsa Avropada baş verdiyinə dair məlumat yoxdur. Ehtimal olunur ki, Çubays bu zaman Avropada olub və dərhal da buradakı klinikaların birinə çatdırılıb.
Doğrudur, Çubays Ukraynaya qarşı işğalı açıq şəkildə pisləməyib. Çoxları hesab edir ki, canından qorxduğu üçün buna cəsarəti çatmayıb. Ancaq buna baxmayaraq, Rusiyanın hakim “Vahid Rusiya” partiyası onu ölkəni tərk etdiyi üçün xəyanətdə ittiham edib. Çünki açıq bildirməsə də, Çubaysın bu işğalın əleyhinə olduğuna və bunun Rusiyaya, xüsusilə də onun elitasına baha başa gələcəyini bildirməsinə dair məlumatlar var.
Təsadüfi deyil ki, “Rosnano”-nun indiki rəhbəri Sergey Kulikov Baş Prokurorluqdan Çubaysın bu vəzifədəki fəaliyyətini yoxlamağı xahiş edib. İctimaiyyətə açılan məlumatlardan aydın olur ki, Çubaysın dövründə “Rosnano” dövlətdən 10 milıyard rubl kredit alıb və geri qaytarmayıb, həmçinin Hesablama Palatası qurumda yarım milyard dollarlıq zərər aşkarlayıb.
Rusiya hüquq-mühafizə orqanları isə Çubaysın Avropa banklarında gizlədilmiş hesabları barədə məlumatları yoxlayır və ona yaxın olan şəxsləri dindirir. Eyni zamanda, Rusiya mətbuatında Çubaysın keçmiş fəaliyyəti və hazırkı varidatı barədə materiallar dərc edilməkdədir. Bütün bunların fonunda Çubaysın birdən-birə nadir xəstəlik sindromu ilə xəstəxanaya yerləşdirilməsi qətiyyən təsadüfə oxşamır.
Bununla yanaşı, Kremlə yaxın mətbu orqanlar Çubaysın zəhərləndiyi barədə özünün bilərəkdən yalan məlumat yaydığını iddia edirlər və bildirirlər ki, bununla da o, Putinin hədəfində olduğuna dair görüntü yaratmağa, nəticədə özünə qarşı Qərbdə daha loyal münasibət qazanmağa çalışır.
Hər halda, yaxın zamanda bu məsələyə aydınlıq gətiriləcək və Putinin gizli düşmənlərindən sayılan Çubaysın gerçək durumu aydın olacaq.
C.Məmmədov
“AzPolitika.info”