UKRAYNADA MÜHARİBƏ HƏLLEDİCİ MƏRHƏLƏYƏ KEÇDİ - "Rus qoşunlarının gücü tükənib..."

3-08-2022, 08:47   


Baxiş sayı: 6351
Dərc olunub: 02/08/2022 - 21:45
Bölmə: Manşet


Hərbi ekspert: “Ukrayna ordusu ruslardan çox ağır şəkildə qisas alacaq...Rusiya tərəfi bilir ki, yaxın 2 həftə ərzində çox çətin bir vəziyyətə salınacaq”

Rusiya da, Ukrayna da hücuma hazırlaşır. Qarşıdakı 2-3 həftənin həlledici olacağı deyilir. 3 günə Ukraynanın işğalını hədəfləyən Rusiya hərbi-siyasi elitası 5 ay 1 həftədir ki, hər gün yanıldıqlarını döyüş meydanında görürlər. 5 ay 1 həftədir ki, davam edən müharibənin artıq həlledici mərhələyə keçməsini dünyanın aparıcı beyin mərkəzləri, kəşfiyyat xidmətləri də açıq şəkildə deyirlər. 

Böyük Britaniyanın Mİ-6 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Moore bildirib ki, növbəti həftələrdə rus ordusu üçün cəbhə bölgəsinə yeni qoşun və silah göndərmək çətin olacaq. Onun fikrincə, bu, Ukrayna üçün əks-hücum imkanının yaranması deməkdir: “Hesab edirəm, rus qoşunlarının gücü tezliklə tükənəcək”.

MI-6-nın rəhbəri Moskvanın qarşıya qoyduğu əsas məqsədlərinə - Ukrayna prezidentini devirməyə, Kiyevi tutmağa və Qərb ölkələri arasında nifaq salmağa nail olmadığını bildirib və bunu Rusiya üçün “epik uğursuzluq” adlandırıb. 



O, Rusiya işğalını İkinci Dünya müharibəsindən sonra Avropada ən dəhşətli təcavüz aktı kimi xarakterizə edib. İyulun əvvəlində Lisiçansk şəhərini ələ keçirdikdən sonra Rusiya ordusu fasilə elan edib, lakin bir neçə gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya əməliyyatları artırmaq əmri verib. 

Son 3 həftə ərzində əsas hərbi qüvvənin cəmləşdiyi Donetsk və Luqansk da daxil olmaqla, Rusiya Silahlı Qüvvələri hər hansı uğur əldə edə bilməyib. Ukrayna və onun müttəfiqləri rus ordusunun zəifləməsini Qərb dövlətlərinin, əsasən ABŞ-ın verdiyi uzaqmənzilli artilleriya qurğuları ilə əlaqələndirirlər. Xüsusilə də HIMARS çoxfunksiyalı raket atış sistemi Ukrayna ordusuna imkan verir ki, Rusiyanın silah-sursat anbarlarına və bazalarına zərbələr endirsin.

Riçard Moore bugünədək Rusiyanın 41 minə yaxın canlı qüvvəsinin öldürüldüyünü açıqlayıb. 

Rus ordusunun itkiləri ilə bağlı eyni rəqəmi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri William Burns də deyib. Bununla belə, Riçard Moore səslənən rəqəmi “təxmini hesablama” adlandırıb.

“Bu rəqəm ötən əsrin 80-ci illərində Əfqanıstan müharibəsi zamanı rus qoşunlarının 10 il ərzində verdiyi itkilərlə eynidir”, - Riçard Moore qeyd edib.

“Döyüşdə ölənlər Moskva və Sankt-Peterburqda yaşayan orta sinif insanlar deyillər, onlar Sibirin işçi sinfini təmsil edən şəhərlərdən gələn kasıb insanlardır. Onlar arasında milli azlıqları təmsil edənlərin sayı mütənasib proporsional deyil, - Riçard Moore deyib. 

William Burnsə görə, Ukrayna müharibəsi zamanı rus ordusunda yaralanaraq ordunu tərk edənlərin sayı 45 min ətrafındadır. Ukrayna Rusiyanın canlı qüvvə itkisinin 38 min nəfərdən çox olduğunu bildirib. Rusiya sonuncu dəfə itkilərinin sayını martın 25-də açıqlayıb. Həmin vaxt 1300 nəfər rus hərbçisinin öldüyü qeyd olunub. Ekspertlər bu rəqəmin az göstərildiyi qənaətindədirlər.


Üzeyir Cəfərov


Həbi ekspert Üzeyir Cəfərov musavat.com-a deyib ki, Rusiya-Ukrayna müharibəsi yekunlaşmaq üzrədir: “Bu müharibədə Rusiya heç bir halda uğur qazanmadı. Ona görə də çalışır ki, işğal etdiyi ərazilərə nəzarəti saxlaya bilsin. Bu da alınan deyil. Rusiyanın hazırladığı qüvvələr fiziki və mənəvi cəhətdən yorulublar. Onların nəyisə əllərində saxlaması real görünmür. Ukrayna ordusunun isə motivasiyası güclüdür. Öz ana vətənlərini qoruyurlar. Rusların ”Azov" batalyonuna qarşı etdikləri isə Ukrayna ordusunun bir qədər də toparlanmasına, qəzəblərini düşmənə qarşı səfərbər etməsinə yol açdı. “Azov”a qarşı rusların törətdiyi vəhşiliyə görə Ukrayna ordusu ruslardan çox ağır şəkildə qisas alacaq".

Hərbi ekspert bildirib ki, Ukraynanın aldığı yeni silahlar Rusiya ordusunu çox çətin vəziyyətə salacaq: “Rusiya ordusuna sarsıdıcı zərbələr vurulacaq. Son 1 həftədə Rusiya ordusu 1 addım belə irəliləyə bilməyib. Ukrayna ordusu qərar verib ki, işğaldan azad etdiyi ərazilərlə bağlı məlumat verməsin. Bu, düşmənə əlavə bilgilərin verilməməsi üçün atılan addımdır. Belə bir qərar yanlış fikir yaradır ki, Ukrayna ordusu işğal olunmuş ərazilərini azad etmək gücündə deyil. Əslində isə Rusiyanın edə biləcəyi raket zərbələridir. Təkcə bu gün Rusiya ordusu Ukrayna ərazisinə 20-dən artıq raket atıb. Belə zərbələrlə Rusiya tərəfi Ukrayna xalqında xof yaratmaq istəyir. Yelnovkada ”Azov" batalyonunun əsir düşmüş üzvlərinə qarşı etdikləri vəhşiliyi də gizlədə bilmədilər. Rusiya bir neçə uğursuz cəhd edib fikir yaratmağa çalışdı ki, guya “Azov” batalyonunun əsir düşmüş üzvlərinin saxlandığı əraziyə Ukrayna ordusunun atdığı raketlər düşüb. Bu cür yalanlar indiki zamanda keçmir. Çünki peykdən hər bir raketin və ya digər sursatın atılma yeri və düşmə ünvanı dəqiq bilinir. Rusiya tərəfi bilir ki, yaxın 2 həftə ərzində çox çətin bir vəziyyətə salınacaq. Bizlər də bunun şahidi olacağıq".

Hərbi ekspert deyir ki, əslində proses may ayında başlanıb və nəticələri qarşıdakı avqust ayının sonlarında bilinəcək: “Mümkündür ki, Donbasdan əvvəl Krımdan ilk xəbərlər gəldi. Rusiya heç nə edə bilməyəcək. Rusiya siyasi cəhətdən uduzub, hərbi cəhətdən də uduzacağı şübhəsizdir. Bu, vaxt məsələsidir. Yaxın həftələrdə Rusiya ordusunun aciz duruma düşməsinin şahidi olacağıq. Buna görə də Rusiya hərbi-siyasi rəhbərliyi Ukrayna tərəfi ilə danışıqlar prosesini canlandırmaq üçün canfəşanlıq edir. Rusiya vaxt uzadıb əldə etdiyi əraziləri özünün ərazisinə qatmaq, bunu rəsmiləşdirmək niyyətindədir. Artıq bu da mümkün deyil. Rusiyanın belə bir şansı yoxdur”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.