Kosovo: Nə üçün serblər və albanların rəhbərlik etdiyi hökumət arasında problem qızışır?

3-08-2022, 11:47   


Kosovo, Serbiya, münaqişə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Avropanın cənub şərqində yerləşən Kosovoda etnik serblərlə alban hökumət arasında gərginlik getdikcə artır.

Kosovo hökumətinin etnik serblərdən Kosovoya aid avtomobil nömrələrindən istifadəni məcbur etməsi etirazla qarşılanıb. Nəticədə nümayişçilər yolları bağlayıb. Aksiyalarda silahlardan atəş açıldığına dair məlumatlar da var.

Kosovo müharibəsindən 23 il sonra etnik serblərlə etnik albanlar arasında münaqişənin yenidən alovlanması qorxusu yaranıb.


Kosovo haradır və orada kimlər yaşayır?

Kosovo Balkanlarda Albaniya, Şimali Makedoniya, Monteneqro və Serbiya ilə qonşu olan və su sərhədi olmayan kiçik ölkədir.

Bir çox serblər Kosovonu özlərinin doğma vətəni hesab edirlər.

Lakin ümumi əhalisi 1.8 milyon nəfər olan Kosovonun 92 faizini albanlar, 6 faizini serblər təşkil edir. Yerdə qalan etnik əhali isə bosniyalılar, qoranlar, türk və romalılardır.

Kosovo müstəqilliyini necə əldə etdi?

1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonra bu ölkənin əyaləti olan Kosovo müstəqil olmağa çalışırdı.

Serbiya müstəqilliyə can atan etnik albanlara qarşı qəddar repressiya ilə cavab verdi.

Kosovo, Serbiya, münaqişə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

1999-cu ildə Kosovo müharibəsində 13 mindən çox insan ölüb.

Məsələ 1999-cu ildə NATO qüvvələrinin mart və iyun aylarında Serbiyaya qarşı bombalama kampaniyası ilə başa çatdı.  

Nəticədə Serbiya qüvvələri Kosovodan çəkildi, lakin bir çox Kosovo albanları və serblər üçün hələ də münaqişə həll edilməyib.

NATO-nun rəhbərlik etdiyi Kosova qüvvələri hələ də Kosovada yerləşir və canlı qüvvəsinin ümumi sayı 3 min 770 nəfərdir.

Kosovo 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqında yer alan 27 dövlətdən 22-si də daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv 193 ölkədən 99-u Kosovonun müstəqilliyini tanıyıb.

Kosovonun müstəqilliyinə qarşı olan Rusiya və Çin bu ölkənin BMT-yə üzvlüyünü bloklayıb.

Serbiya Prezidenti Aleksandar Vucic ölkəsinin Kosovo adlı dövləti heç vaxt tanımayacağını bəyan edib.

Nə Kosovo, nə də Serbiya Aİ-nin üzvüdür – lakin:

  • Serbiya 2012-ci ildən bəri Aİ üzvlüyünə namizəddir;
  • Kosovo 2022-ci ilin sonuna kimi Aİ-yə üzvlük üçün müraciət edəcəyini bildirib.

Gərginlik niyə məhz indi alovlandı?

Kosovo, Serbiya, münaqişə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Uzun illərdir albanların rəhbərlik etdiyi hökumətlə etnik azlıq olan serblər arasında münasibətlər gərgin olaraq qalır.

Ötən həftə vətəndaş itaətsizliyi ilə bu problem yenidən aktiv mərhələyə keçdi.

Kosovo hökuməti istəyirdi ki, etnik serblərin üstün olduğu ərazidə üzərində Serbiyaya məxsus avtomobil qeydiyyat-nömrə nişanları daşıyan maşınları Kosovonun buraxdığı nömrə nişanları ilə əvəzləsin.

Etnik serblərin yaşadığı Kosovo ərazisində əhali Kosovoya məxsus qeydiyyat nişanlarından istifadə etməyəcəyini bildirib, çünki onlar Kosovonun müstəqilliyini tanımaqdan imtina edirlər.

Bazar günü ölkənin şimal regionunda Serbiya ilə qonşuluqda yaşayan etnik serblər yollarda barikadalar qurublar və bəzi insanların nümayiş zamanı silahdan atəş açdığına dair məlumatlar var.

Kosovo hökuməti avtomobil qeydiyyat nişanlarının istifadəsi ilə bağlı qərarın icrasını bir ay müddətinə təxirə saldığını bildirib.

Kosovo, Serbiya, münaqişə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Kosovo əhalisinin 90 faizdən çoxu müsəlman albanlardır.

Rusiya müdaxilə edirmi?

Kosovo hökuməti deyib ki, Serbiya entik gərginliyi qızışdırır və bu işdə Rusiya onlara dəstək verir.

Serbiya və Rusiya ənənəvi müttəfiqlərdir.

Rusiya Ukraynanın işğalına başladıqdan sonra, Serbiya Avropa ölkələrinin Moskvaya qarşı sanksiya qərarlarının əleyhinə olub.

Bunun əvəzində isə mayda Serbiya Rusiya ilə Prezident Vucic-in də dediyi kimi “əlverişli qaz sazişi” imzalayıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kosovoda yaşanan gərginliyə görə Kosovo hökumətini günahlandırıb və onun avtomobillərlə bağlı qərarını “əsassız diskriminativ qaydalar” adlandırıb.

Prezident Vucic-in partiyasından olan millət vəkillərindən biri Serbiyanın tezliklə “Balkanları nasistlərdən təmizləmə”yə məcbur olacağını bildirib. Onun dedikləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək üçün gətirdiyi bəhanə ilə eynidir. Daha sonra serbiyalı millət vəkili işlətdiyi sözə görə üzr istəyib.

Kosovo Prezidenti Vjosa Osmani deyib ki, Putin Kosovodan istifadə edərək Ukraynada başlatdığı mövcud münaqişəni daha da genişləndirə və Avropanı daha qeyri-stabil məkana çevirə bilər.


Tamara Kovacevic BBC News

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.