Bölgədə gərginliyin davam etdiyi bir vaxtda Çin bu gün səhər saat 7:00 radələrində hərəkətə keçib.
Musavat.com xəbər verir ki, Çin Tayvan adası ətrafında genişmiqyaslı hərbi dəniz və hava təlimlərinə başlayıb və təlimlərin Tayvan ətrafında 6 bölgədə keçiriləcəyi açıqlanıb.
Bu gün yayılan görüntülərdə Çin ordusunun hərəkətə keçdiyi açıq şəkildə görünür.
Tayvan Müdafiə Nazirliyinin açıqlamasında təlimlər zamanı Çin qüvvələrinin Tayvan ətrafındakı sulara çoxsaylı ballistik raketlər atdığına dair məlumatlar yer alıb. Bildirilib ki, yerli vaxtla saat 13:56-da adanın cənub-şərqinə və cənub-qərbinə doğru “Dongfeng” raketləri atılıb.
Tayvan MN bu bəyanatdan bir neçə saat sonra atılan raketlərin bir hissəsinin ölkənin ərazi sularına düşdüyünü açıqlayıb.
Çinin hökumətyönlü "Global Times" qəzeti təlimləri “birləşmə əməliyyatları” üçün məşq kimi təsvir edib.
“Gələcəkdə hərbi münaqişə baş verərsə, hazırda sınaqdan keçirilən əməliyyat planları, çox güman ki, birbaşa döyüş əməliyyatlarına çevriləcək”, - çinli hərbi ekspert Song Zhongping qəzetə açıqlamasında bildirib.
Nigar Cəfərli,
Musavat.com