“GÖZLƏYİRSİNİZ Kİ, BAKIDA BAYRAĞI ENDİRSİNLƏR?!” – “Azərbaycana qarşı elə böyük bir qüvvə formalaşdırılıb ki...”

5-08-2022, 18:37   




“Əlbəttə, bu, terrorçu bir fəaliyyətdir və hər hansı bir ölkənin bayrağını endirmək birbaşa terroçuluğun atributlarından biridir. Ona görə də qəti addım atılmalıydı”.

"AzPolitika.info" xəbər verir ki, bu sözləri “yenisabah.az”-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Deputat ötən gün Londonda yerləşən Azərbaycan səfirliyinə qarşı həyata keçirilən təxribatdan sonra sosial şəbəkələrdə səsləndirilən “həmin terrorçular güllələnməliydi” fikrinə, habelə hadisələrin pərdəarxası məqamlarına toxunub.

F.Mustafa əmindir ki, bu məsələdə ingilis xüsusi xidmət orqanlarının müəyyən dərəcədə marağı olub: “Çünki bunun qarşısını almaq elə də çətin deyildi, ona görə ki, silahlı basqın olmayıb. Silahlı basqın olmaması da onu göstərir ki, onlara göstəriş verənlər sabah onların müəyyən azadlıqlarını təmin etmək üçün bunu əsas bir amil kimi göstərəcəklər".



Deputat hesab edir ki, hücumu təkcə ingilislə, yaxud İrana qarşı olan bir şiə qruplaşması ilə əlaqələndirmək doğru deyil. Onun sözlərinə görə, hadisəni Azərbaycanla əlaqələndirmək lazımdır: "Biz bu qüvvələrə qarşı mübarizənin yükünü isə ancaq qoymuşuq polisin və xüsusi xidmət orqanlarımızın üzərinə. Amma cəmiyyətin bu məsələdə hər hansı bir iştirakı, yaxud müəyyən institutların ciddi bir təsiri yoxdur. Yəni idealoji işimiz çox aşağı səviyyədədir. Əslində, buradan sifariş verilib ki, orada aksiya keçirib, bizə dəstək verin. Burada sifariş edənlər kimlərdir, bəs? Onlar da müəyyən güc sahibi, imkanları geniş olan və hər hansı İslam adına bəlli olmayan ritualları Azərbaycanda gerçəkləşdirərək ölkədə xof yaratmaq istəyən qüvvələrdir”.

Millət vəkili daha sonra deyib: “Bizim faciəmiz elə Borçalıdan başlayır. Orada Azərbaycana qarşı elə böyük bir qüvvə formalaşdırılıb ki, bu, sadəcə dəhşətdir. Eyni zamanda Azərbaycanın ayrı-ayrı regionlarında, Bakının özündə kifayət qədər böyük qüvvələr formalaşdırılıb. Bunun hamısı nədir? Sadəcə bu məsələ üzərində nəzarəti həyata keçirməli olan sistemin yaxşı işləməməsindən qaynaqlanan bir prosesdir. Bu sistem işləmədikdə Azərbaycana hər zaman böyük bir təhlükə olacaq.

Əslinə qalsa, bu bayraq, bir məşq idi. Bayrağımızı endirdilər və bizə göstərmək istədilər ki, elə Azərbaycanın özündə sizin bayrağınızı endirə bilərik, bunun üçün biz çalışırıq. Ona görə də buna qarşı mübarizənin formasını düzgün tapmalıyıq. Bizdə bu mübarizəni aparan qüvvələrdən isə polis və xüsusi xidmət orqanlarının fədakarlığı görünür. Axı, təkcə bu ikisinin fəaliyyəti ilə dövlət qorunmur! Dövləti qorumaq üçün daha böyük və sistemli bir fəaliyyətə ehtiyac var. Amma bu istiqamətdə, bu təhlükə ilə bağlı hansısa müzakirəni görmüsünüz? Hansısa bir müzakirədə alınan fikirlərin dinlənildiyini görmüsünüz? Bu, yoxdur və ona görə də burada məsələnin üzərindən elə-belə keçmək olmaz. Oradakı hərəkətin buradakı dayaqlarına qarşı mübarizə aparılmalıdır. Amma kim aparacaq, hansı şəkildə aparacaq? Heç kim sinəsini qabağa verib təhlükə ilə bağlı söz deməyə cəsarət etmirsə, dövləti bu istiqamətdə necə qoruyacağıq?!”

F.Mustafa əlavə edib ki, Azərbaycanın informasiya məkanı tam təhlükə mənbəyinə çevrilib: “Biz fərdi qaydada bu qruplarla mübarizə aparırıq, amma sistemli mübarizəni mən görmürəm. Açığını desəm, bu məsələdə vəziyyətimiz bir o qədər də yaxşı deyil və bunu elə-belə pərdəməklə heç nə olmur. Biz bunu Gürcüstan hökuməti ilə danışmalıyıq, bu məsələlərlə bağlı müəyyən proseslərin nə qədər təhlükəli olduğunu onların da diqqətinə çatdırmalıyıq. Çünki orada da din pərdəsi altında Azərbaycana qarşı böyük bir qüvvənin formalaşdığını açıq-aşkar görürük. Digər yerlərdə də belə fəlakətli vəziyyət yaranmaqdadır. Ona görə də bu məsələləri gözardı etmək lazım deyil.

Özü də, onu da diqqətinizə çatdırm ki, Azərbaycanın harasına gedirsən-get, restoranlar, kafelər, istirahət mərkəzlərinin adları dini atributları əks etdirən adlardan ibarətdir və bu, heç kimin vecinə deyil. Bunların hamısı çağırışlardır və bunlara prinsipial münasibət bildirmək lazımdır. Bu xəbərdarlıq isə bizim üçün çox böyük və təhlükəli nəticələr doğura bilər”.

“Azərbaycanda yaxasını cıran, Mehdi adı ilə 15 milyon manatı mənimsəyən adamların məhkəmələrini qapalı keçirdirlər ki, heç kimin xəbəri olmasın. Açıq keçirin, qoyun cəmiyyət görsün ki, nə qədər avam adamın pulunu mənimsəyiblər.

Həmçinin, yadınıza salım ki, bunu edən qruplaşma dini baxış tərzinə görə birdi, amma rejim məsələsinə görə İran rejiminə müxalifdirlər. Əslində isə mahiyyətcə, ikisi də eyni çağırışı edirlər və eyni düşüncənin daşıyıcısıdırlar. Burada İran xüsusi xidmət orqanlarının izindən çox ingilis xüsusi xidmət orqanlarının izi özünü büruzə verir. Amma faktiki olaraq bu qruplaşma 3-4 il öncə İran səfirliyini işğal etmişdi. Orada da eyni hərəkətləri etmişdilər. O cümlədən Azərbaycanda bu şəbəkənin genişlənməsinə çox adamlar səbəb oldu. Keçmiş MTN qruplaşması və bu sahəylə məşğul olan şəxslər bilavasitə xarici ölkələrlə əməkdaşlıq səviyyəsində onların kadrlarını dövlət orqanlarına yerləşdirdilər. Ona görə də burada qaydalar qoymalısan ki, bura Azərbaycandır! Hansısa bir ərəb ölkəsində, yaxud İranda Azərbaycanın bir dənə simvolunu hardasa qaldıran yoxdur. Təbrizdə bir komandamız var, onun da adı əcnəbi - “Tirəxtur”dur. Bəs, necə olur mənim ölkəmi “Qədirxum”, “Fədək”, “Mədinə” və digər adlar işğal edir?! Belə şey olmaz! Din inancdır, yaşamalısan və Konstitusiya da bu hüququ verib sənə. Amma biz xarici ölkələrin atributlarını niyə ölkəmizin başı üzərində gəzdirməliyik? Bunu gözardı edənlər nə düşünürlər? Gözləyirsiniz ki, Bakıda bayrağı endirslər?!”, - deyə BQP sədri fikirlərini yekunlaşdırıb.

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.