Rusiya Ukraynanı “Bayraktar” zavoduna zərbə endirməklə təhdid edib.
Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edəcək zavodun yaradılacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”, - deyə o bildirib. Xatırladaq ki,Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini və bununla bağlı tərəflər arasında saziş imzalandığını açıqlayıb.
Türkiyə ilə Rusiyanın yaxın olduğu bir zamanda Kremlin belə açıqlama verməsi birmənalı qarşılanmayıb.
Maraqlıdır, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin münasibətlərində “çat” meydana gəlib?
Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ukrayna ilə Türkiyə arasındakı müdafiə sənayesindəki əməkdaşlıq daha da dərinləşəcək:
“Ukrayna ilə Türkiyənin müdafiə sənayesindəki əməkdaşlığı və ortaq PUA istehsalı ilə bağlı gələcək münasibətlər təkcə Rusiyaya deyil, bütün dünyaya bəllidir.Ona görə də Ukrayna ilə Türkiyə arasında “Bayraktar” zavodunun tikilməsi ilə bağlı anlaşmanın dünya üçün hansısa bir yenilik vəd etdiyini düşünmürəm. Rusiya da bu məsələdən çoxdan xəbərdardır. Sadəcə olaraq Peskov bu açıqlaması ilə Ukraynanı növbəti dəfə şantaj etməyə çalışır. Ümumiyyətlə, Türkiyə Ukrayna ilə PUA sahəsindəki əməkdaşlığı dərinləşdirsə və bu günə qədər “Bayraktar”lar ixrac etsə də, Rusiya ilə münasibətlərini də heç bir zaman korlamayıb. Hətta hesab edirəm ki, Türkiyə-Rusiya münasibətləri siyasi, iqtisadi və bir çox baxımdan tarixinin ən yaxşı dövrünü yaşamaqdadır”.
Politoloq qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin münasibətlərində hansısa çatın əmələ gəldiyini söyləmək doğru olmaz:
“Əlbəttə ki, Türkiyə ilə Ukraynanın müdafiə sənayesindəki əməkdaşlığı davamlı olacaq. Amma bu, heç bir formada Rusiya-Türkiyə münasibətlərini kəskin bir vəziyyətə gətirməyəcək. Bu baxımdan, Kreml tərəfindən Ukraynaya olan hansısa hədələrin və şantajların Rusiya-Türkiyə münasibətlərinin korlanması prizmasından şərh edilməsi də doğru deyil”.
Elmir
Cebhe.info