“Hakimiyyət Qərblə anlaşıb”

6-09-2014, 12:46   
“Hakimiyyət Qərblə anlaşıb”“Qərb institutlarının baş verənlərə münasibəti adekvat deyil”
Mehman Əliyev: “Əli Gülalıyevlə bağlı baş verənlər Oqtay Gülalıyevi cəzalandırmağa hesablanıb”
“Azərbaycan heç vaxt Şimali Koreyaya dönməyəcək”
“Turan” İnformasiya Agentliyinin rəhbəri, tanınmış ictimai-siyasi xadim Mehman Əliyev “Hürriyyət” qəzeti və Moderator.az-a müsahibəsində ölkədəki son prosesləri dəyərləndirib.
-Mehman bəy, bugünlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təşəbbüsü ilə KİV təmsilçiləri və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirildi və həmin toplantıda bəzi jurnalistlərin dövlətin təhlükəsizliyini təhdid edən, sirr sayılacaq məlumatları ictimaiyyələşdirməsi sərt tənqid olundu. Maraqlıdır, sizcə sirr sayılacaq məsələlərlə bağlı bu informasiyaların məxfi saxlanılmasına məsul olan dövlət yetkililərinin deyil, jurnalistlərin ittiham edilməsi nə dərəcədə normaldır?
-Ümumiyyətlə, R.Mehdiyevin çıxışı, bu görüş və orada aparılan qiymətləndirilmələr göstərir ki, Azərbaycan hakimiyyətinin opponentlərinə qarşı, müxalifətə qarşı vahid informasiya siyasəti mövcuddur. Müxalifəti gözdən salmaq, ləkələmək və s. bunun əsas mahiyyətini təşkil edir. Ölkədə ictimai fikri çaşdırmaq istiqamətində ciddi bir siyasət mövcuddur. Ordu və digər məsələrlə bağlı ortaya qoyulan mövqelər isə göstərdi ki, bütövlükdə hakimiyyətin bu məsələlərlə bağlı ümumiyyətlə informasiya siyasəti mövcud deyil. Dövlət orqanlarının vəzifəsi ondan ibarətdir ki, ilk növbədə jurnalistlərin operativ fəaliyyətinə imkan yaratsınlar. Biz teleqraf dövründə yaşamırıq. Sadəcə qəzet dövrü də deyil ki, bu gün qəzet yazılsın, sabah nəşr edilsin və oxucu məlumatla bir sutka sonra tanış olsun. Indi onlayn mediası dövrüdür. Bu media televiziyaları da qabqlayıb. Bütün bunları nəzərə alaraq dövlət qurumları artıq çoxdan öz işlərini operativ şəkildə qurmalı idilər. Onlar media ilə operativ rejimdə işləməyi bacarmalı idilər. Bunu bacarmırlar. Onlar arxaik şəkildə, qəzet dövrünün üsulları ilə işləyirlər. Buna görə də burada tərəflər arasında anlaşılmazlıqlar yaranır. Bu, dövlət orqanlarının öz işlərini düzgün şəkildə qurmamasından irəli gəlir.
-Müdafiə nazirliyinin mətbuat xidməti iddia edir ki, bəzən jurnalistlər orduda baş verən ölüm halları və həlak olanın kimliyi ilə bağlı informasiyanı o qədər operativ şəkildə əldə edib yayır ki, nazirlik bu barədə şəhid hərbçinin ailəsinə məlumat verməmiş onun kimliyi mətbuat vasitəsi ilə elan olunur. Sizcə bir jurnalisti operativliyinə görə ittiham etmək məntiqli hesab edilə bilərmi?
-Biz dəfələrlə bu məsələni qaldırmışıq. Dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə diqqət çəkmişik. R.Mehdiyevin özü də 2006-cı ildə elə həmin yerdə iclas keçirmişdi və orada da bu məsələlərə baxılmışdı. Müəyyən tövsiyyələr verilmişdi. Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsi bir pilot layihəsi həyata keçirmişdi və jurnalistlərlə çox gözəl iş qurmuşdular. Bu işin çox yaxşı nəticələri oldu. Təəssüflər olsun ki, sonradan bu təcrübənin üzərində işləmədilər və bu təcrübə yayılmadı. Bu gün də eyni problemlərlə üzləşirik. Hakimiyyət bu problemi ilk növbədə özündə axtarmalıdır, jurnalistlərdə yox. Jurnalist operativ surətdə informasiyanı yaymalıdır. Əgər jurnalist vaxtı-vaxtında operativ surətdə dövlət orqanlarında düzgün, dəqiq informasiya əldə edə bilmirsə, bu, artıq onların problemidir.
-Son günlər Azərbaycanda baş verən həbslər, QHT-lərin bank hesabına həbs qoyulması, Qubad İbadoğlu, Üzeyir Cəfərov, Eldəniz Quliyevin həbs olunmaq ehtimallarını dilə gətirməsi və s. onu söyləməyə əsas verirmi ki, belə getsə Azərbaycan yaxın gələcəkdə hətta Şimali Koreyanı belə geridə qoyacaq?
-Azəbaycan heç vaxt Şimali Koreyaya dönməyəcək. Mənim bununla bağlı bir çox yazım olub. Ölkədə baş verən proseslər, vətəndaş cəmiyyətlərinə, mediaya olan basqılar və s. Qərblə razılaşdırılmış bir siyasətdir. Hesab edirəm ki, yaxın gələcəkdə yeni bir layihə ortaya çıxacaq. İ.Əliyevin bu layihəsi Qərblə razılaşdırılan layihə olacaq. 2008-ci ildə R.Mehdiyev tərəfindən Azərbaycanın modernləşdirilməsi doktrinası irəli sürülmüşdü. Bu istiqamətdə də müəyyən işlər görülür. Bunun nəticəsi isə ondan ibarətdir ki, İ.Əliyev iqtisadi, siyasi və s. sahələrdə dəyişikliklər həyata keçirməyə hazırdır. Bu onun beynəlxalq istəklərdən irəli gələn şəxsi öhdəliyidir. O, bunu etməyə hazırdır, ancaq təzyiq altında yox. Məncə onun yeganə şərti budur ki, təzyiq olmasın. Mən özüm bunu edərəm. Mənə elə gəlir ki, razılıq bundan ibarətdir ki, son qalıqlar, son opponentlər də susdurulsun. Sonradan yeni zəmində bir siyasət elan olunur. Bu baxımdan yaxın 5 il ərzində ciddi dəyişikliklərin şahidi ola bilərik. Məncə proseslər buna doğru gedir. Burada söhbət ondan getmir ki, hakimiyyət bunu istəyir ya yox. Bu öhdəliklərdir və yerinə yetirilməlidir.
-Sizcə Qərbi Azərbaycana qarşı sanksiya tətbiq etməyə səsləyən çağırışlar reallaşa bilərmi?
-Azərbaycana qarşı sanksiyaların tətbiqi inandırıcı deyil. Qərbin rəsmi institutları – Avropa Şurası, Avropa Birliyi,NATO, ATƏT və s tərəfindən Azərbaycanda baş verən proseslərlə bağlı ciddi təpgiləri yoxdur. Baxmayaraq k, bu müddət ərzində Azərbaycanda çox böyük əks-sədaya səbəb olan həbslər baş verdi. Leyla Yunusun, onun həyat yoldaşının, bir sıra fəalların həbsi, RATİ-nin qapadılması və s. çox ciddi olaylardır. Bu olaylar fonunda Qərb institutlarının ortaya qoyduğu davranışa baxanda görünür ki, davranış kifayət qədər adekvat deyil. Bu da onu göstərir ki, ortada müəyyən bir razılaşma var.
-Sizcə bu proses nə qədər davam edəcək?
-Şübhəsiz, bu uzunmüddətli proses deyil. Bu, Azərbaycanda Şimali Koreya qurmaq siyasəti deyil. Bu, lokal bir prosesdir və bunun arxasında buzların əriməsi prosesi müşahidə olunacaq.
-Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevə qarşı da cinayət işi açılıb və məsələyə Xətai Rayon Məhkəməsində baxılır. Sizcə Ə.Gülalıyevlə bağlı açılan cinayət işinin O.Gülalıyevin siyasi fəaliyyəti ilə əlaqəsi varmı?
-Əlbəttə ki, baş verənlər O.Gülalıyevin siyasi fəaliyyəti ilə bağlıdır. Əgər həqiqətəndə iki uşaq arasında nə isə olubsa, kimsə kimisə vurubsa, bunu bu səviyyəyə gətirib çıxartmağın nə mənası var idi ki? Mən uşaqlıqda o qədər həmyaşıdımı döymüşəm ki... Pionerə hamını qəbul etdilər, məni isə yox. Komsomola da mən getmədim. Biz hamımız uşaq olanda dava eləmişik, kimsə kimisə vurub və s. Burada qeyri-adi heç nə yoxdur. Amma O.Gülalıyevin oğlu ilə bağlı məsələyə birbaşa Bakı Şəhər Polis İdarəsi baxır. Hansı ki, O.Gülalıyevin oğlunu bıçaqlamışdlar və onu vuranlar tapılmadı. Indi isə onun özünə qarşı cinayət işi qaldırıblar. Halbuki, bu uşaqları polisə dəvət edib onlarla müəyyən söhbət aparmaq, onlara gördükləri işin yaxşı olmadığını başa salmaq olardı. O.Gülalıyevin oğlu Türkiyədə oxumağa getməli idi. Onu ölkədən çıxmağa qoymadılar və bununla da təhsilinə mane oldular. Indi də prosesləri uzadırlar və məqsəd də ondan ibarətdir ki, yeniyetmənin 18 yaşı tamam olsun. Yəni məhkəmə ona hansısa cəza verəndə yaş amili baxımından ona heç bir güzəşt edilməsin. Bütün bunlar bir daha göstərir ki, bu, qondarma işdir və O.Gülalıyevi cəzalandırmaq üçün təşkil edilən əməliyyatdır.
Seymur Əliyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.