Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“HÜQUQ-MÜHAFİZƏ ORQANLARI 120 HƏKİMİ HƏBS EDİB” – Partiya sədrindən səhiyyə və dərman mafiyasına dair ŞOK açıqlamalar

15-08-2022, 17:23   




Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Reaksiya" internet kanalına müsahibəsində ölkədə səhiyyənin vəziyyəti, dərman biznesi ilə bağlı sensasiyalı fikirlər səsləndirib.

"AzPolitika.info" xəbər verir ki, o, dərman firmalarını və həkimləri əlbir olaraq Azərbaycan xalqına qarşı mütəşəkkil cinayət törətməkdə ittiham edib: "Bu yaxınlarda Azərbaycanın hüquq-mühafizə orqanları 120 həkimi həbs edib. Bu həkimlər 10 il ərzində 1 milyon revmatik xəstəyə 30 milyard manat dəyərində heç bir xeyri olmayan, əskinə, zərərli dərmanlar yazıblar. Beləliklə, Azərbaycanda bu sayda revmatik xəstə müalicə olunmayıb, insanlar şikəst olub və s".

Partiya sədri ailə üzvlərinin də bu mafiyanın toruna düşdüyünü açıqlayıb: "Həyat yoldaşım məndən xəbəriz özünü revmatoloq kimi təqdim edən məşhur bir xanımın yanına gedib. Deməli, 70 manat qeydiyyata, 300 manat müayinələrə xərcləyib. "Revmatoloq" ona bir resept yazmışdı, aptekdən aldım, 450 manat tutdu. Sonra o preparatların tərkibini araşdırdım, məlum oldu ki, onların böyük əksəriyyəti lazımsızdır. Təkcə bir xəstəyə bu yolla 1000 manata yaxın kələk gəlmişdilər. İndi təsəvvür edin, revmatik xəstələr 3 aydan bir məcburən həkim müayinəsinə getməlidir. Hər dəfə qəbullara 70-100 manat pul verilir, əsassız müayinələr aparılır, reseptlər yazılır..."

Sərdar Cəlaloğlu bildirir ki, həkimlər 10 ildə əhalinin cibindən çıxarılan 30 milyardı dərman mafiyası ilə birlikdə bölüşdürüblər: "Azərbaycan xalqının başına belə bir oyun açırlar. İndi sual edirəm: xərçəng, vərəm, şəkər və s. xəstəliklərlə ilə bağlı həkimlərin fəaliyyəti yoxlanılıbmı? Azərbaycan xalqının sağlamlığı üzərində milyardlarla pul qazanırlar. Təsəvvür edin, insan sağlamlığına zərərli olan, yaxud xəstəliklər üçün effektiv olmayan dərmanları ölkəyə gətirirlər, həkimlərin vasitəsi ilə camaata satdırırlar. Daha sonra pulları apteklərdən toplayıb paylaşdırırlar. Bu, Azərbaycan xalqına qarşı genosid kimi dəyərləndirilməlidir. 10 ildir bu cinayətkar şəbəkə fəaliyyət göstərir, bəs Səhiyyə Nazirliyi hara baxır? Bu işə nəzarət edən qurumlar necə? Yazıq insanlara ev-eşiyini, malını-mülkünü satdırıb bu dərmanları aldırıblar ki, guya sağalacaqlar. Eləcə də xərçəng, vərəm, şəkər və s. xəstəliklər üzrə də cinayətkar qruplar formalaşıb".

ADP sədri vurğulayıb ki, xəstələri məcburi cərrahiyə əməliyyatlarına cəlb etməklə də böyük pullar qazanılır: "Müayinəyə gedənlərə deyirlər ki, dərhal ürək əməliyyatı olmalısan, 10 min manat gətir. Həmin xəstə gedir Türkiyəyə, orada deyirlər, burada operativ müdaxiləyə hər hansı əsas yoxdur axı..."

Sərdar Cəlaloğlu sonda Baş prokuror Kamran Əliyevə və ölkə başçısı İlham Əliyevə müraciət edb: Azərbaycanın səhiyyə sistemində, dərman satışında baş verən cinayətkarlığın həcmi iqtisadi sferada baş verən digər cinayətkarlıqlardan azı 10 dəfə böyükdür və min dəfələrlə ağır nəticələri var. 1 milyon revmatik xəstə artıq əlildir”.

O, belə şəbəkələrə qarşı təxirəsalınmaz tədbirlər görülməsini xahiş edir.

Partiya sədri əhaliyə də üzünü tutaraq bildirib ki, bir çox xəstəxanalar və həkimlər cinayətkar qrupların üzvləridir: "Onların məqsədi dərman satmaqdır, insanları müalicə etmək deyil. Bu gün ölkədə satılan dərman preparatlarının əksəriyyəti ümumiyyətlə dərman keyfiyyətinə malik deyil. Bunlar xalqımıza qarşı genosid edərək o qazancı əldə edirlər. Burada Səhiyyə Nazirliyi də digər nəzarət orqanları da məsuliyyət daşıyırlar. Siz hara baxırsız ki, bunlar zəhəri gətirib camaata satırlar?!"

Rasim Əliyev

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar