"Kaş, Əfqanıstanda İngiltərə üçün işləməsəydim”

19-08-2022, 10:04   


Əfqanıstan Taliban qadın haqları

Əlindəki ağ plastik torbada Ammarın hazırda həyatında sahib olduğu ən qiymətli əşyalar var; bir dəstə sənəd.

Bizim onu evində ziyarət etməyimiz çox diqqət çəkəcəyindən Ammar motosikletinə minib təhlükəsiz bir yerdə bizimlə görüşür.

Səfəri qorxu dolu keçir, çünki bir Taliban yoxlama nöqtəsində saxlanılıb, əlindəki kağızlarla yaxalanma riski var.

Əlindəki sənədlər arasında onun iki il "British Council"da (Birləşmiş Krallığın mədəni münasibətlər və təhsil fürsətlərindən məsuliyyət daşıyan beynəlxalq təşkilatı) müəllimlik etdiyini göstərən müqavilə də var.


Bu və İngiltərə hökuməti ilə bağlılığını göstərən bir neçə digər sənədin özünü və ailəsini təhlükəsiz yerlərə çatdırmasına ümid edir. Ancaq Əfqanıstandakı hər günü bu keçmişi səbəbilə öldürülməkdən qorxmaqla keçir.

Ammar deyir: "Əfqanıstanda Birləşmiş Krallıq mədəniyyəti və dəyərlərini öyrətdik. İngilis dilindən əlavə, bərabərliyi, fərqliliyi və əhatəliliyi öyrətmişik. Talibanın inancına görə, bunlar İslama aid deyil və qeyri-qanunidir. Bu səbəbdən bizim günahkar və cəzalandırılmalı olduğumuzu düşünürlər. Buna görə təhdid altında hiss edirəm".

Daha əvvəl Taliban tərəfindən saxlanılıb və işi səbəbi ilə ailəsinin zərər görməsindən qorxur: "Məni polis məntəqəsinə aparıb xarici bir ölkə üçün işləyib-işləmədiyimi soruşdular. Şanslıyam ki, nə evimdə, nə də telefonumda bir sübut tapa bildilər. Amma zənn etmirəm ki, bu son olsun, gözləri üzərimdədir".

Ammar Əfqanıstanda "British Council"da tələbələrlə üz-üzə çalışmış və geridə, Əfqanıstanda buraxılmış 100-dən artıq müəllimdən biridir. Bu müəllimlərin çoxu qadındır.

Əfqanıstan Taliban qadın haqları

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Taliban üzvləri Kabil küçələrində nəzarət aparır

Nuriyə də o müəllimlərdən biri idi:

"Bu vəziyyət bizim üçün çox çətindir. Qatı fikirləri olan və öyrətdiyimiz şeylərin onlar üçün qəbul edilməz olduğunu deyən tələbələr var idi. Getdiyimiz hər yerdə İngiltərə hökumətinin təmsilçiləri kimi görünürdük. Bizim ingilis casusu olduğumuzu düşünənlər də var idi".

Nuriyə bu səbəbdən Əfqanıstandakı Taliban rejimində özünün və ailəsinin həyatının risk altında olduğunu söyləyir.

Əfqanıstanda idarəni ələ keçirməsindən tam bir il ötən Taliban əvvəlki hökumət və müttəfiqləri üçün çalışmış hər kəsi ümumi əfv etsə də, intiqam cinayətlərinin törədildiyinə dair sübutlar get-gedə artır. BMT 160 belə hadisəni təsdiqləyib.

Nuriyə bir ildir gizlənir:

"Bu, həqiqətən, çox stresslidir. Həbsxana həyatından betərdir. Azad şəkildə gəzə bilmirik. Çölə çıxarkən şəxsiyyətimi gizli saxlayıram. Psixologiyam pozulub. Bəzən dünyanın sonu gəlibmiş kimi hiss edirəm" deyir.

Nuriyə "British Council"u işçiləri arasında ayrı-seçkilik etməkdə günahlandırır:

"Ofis işçilərini Əfqanıstandan çıxardılar, amma bizi geridə buraxdılar. Bizə Əfqan Yer Dəyişdirmə və Yardım Siyasəti çıxdığını belə xəbər vermədilər".

Nuriyə və digər müəllimlər indi İngiltərə hökumətinin əfqanlar üçün başqa bir proqramı (ACRS) üzərindən İngiltərəyə köçməyə çalışırlar, amma bu ana qədər müraciətlərinə dair referans nömrəsi almaqdan daha çoxuna nail ola bilməyiblər.

"British Council" ARAP proqramı ilk dəfə başladıqda İngiltərə hökumətinin, sadəcə, ofis işçilərinin müraciətlərini dəyərləndirdiyini, müəllimləri və müqaviləli işçiləri plana daxil etmədiyini söyləyir. "British Council" başqa fürsətlər yaratmaq üçün İngiltərə hökuməti ilə birgə çalışdıqlarını bildirir.

İngiltərə Xarici İşlər Nazirliyi də "British Council"un müqaviləli işçilərinin ACRS proqramı vasitəsilə İngiltərəyə köçmək üçün müraciət edə biləcəklərini, müraciətləri mümkün qədər sürətli dəyərləndirməyə çalışdıqlarını bildirir, amma bunun nə qədər vaxt alacağını onlar da bilmirlər.

Ammar deyir: "Ancaq bir müqaviləli işçi öldürülərsə, işləri sürətləndirirlər. Ancaq o vaxt "bəli, həyatları risk altındadır, bir şey edək" deyirlər. Məncə tez, ya da gec belə bir şey yaşanacaq".

Əfqanıstan Taliban qadın haqları

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Kabili tərk etməyə çalışanlar

Güvənli bir həyata gedən yol İngiltərə hökuməti üçün başqa rollarda çalışmış əfqanlar üçün daha çətindir.

Cəfər Əfqanıstanda Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi inkişaf layihələrində baş məsləhətçi kimi çalışıb. Bəziləri İngiltərə hökuməti tərəfindən maliyyələşən ingilis şirkətlərinə birbaşa işə götürülüblər. Cəfər ABŞ üçün də hərbi bazalarda olmaqla, oxşar mövqelərdə işləyib.

Cəfər 2021-ci ildən əvvəl də Talibandan ölüm təhdidləri aldığını söyləyir və bizə bu təhdid mesajlarından birini göstərir. Məktubda xarici hökumətlər üçün çalışan bir casus olmaqda günahlandırılır və "İslam inancına xəyanət etdiyi üçün" öldürülməklə hədələnir.

Cəfər keçən avqustdan bəri yeddi dəfə yer dəyişdirmək məcburiyyətində qalıb. Eyni zamanda bizə ailəsinin evinə Talibanın Daxili İşlər Nazirliyi tərəfindən göndərilən çağırış kağızını da göstərir. Onu dindirilmək üçün polis məntəqəsinə çağıran bu məktublardan 3 dəfə göndərilib.

"Yaşadığım stress və şok səbəbilə xəstəxanalıq oldum. Yata bilmirəm. Həkim mənə ağır dərmanlar verdi, amma onlar belə çox fayda etmədi. Yoldaşım da depressiyadadır. Uşaqlarımın məktəbə getməsinə icazə verə bilmirəm. Kiminsə onları tanımasından qorxuram".

ABŞ Cəfərin xüsusi miqrant vizası müraciətini rədd edib. Rədd edilmə səbəbi isə "Covid səbəbilə həyatını itirmiş olan müdirindən referans məktubu ala bilməməsidir".

Talibanın idarəni ələ keçirdiyi və Qərb ölkələrinin xaos halında Əfqanıstanı tərk etdiyi o günlərdə Cəfər bir ingilis rəsmisi tərəfindən hava limanına çağırılıb. Kiçik uşaqları və xanımıyla hava limanı xaricində bir avtobusun içərisində altı saat gözləyib:

"Oğlumun mədəsi bulanmağa başladı, avtobusun pəncərələrini belə aça bilmirdik. Taliban havaya atəş açırdı. Oğlum bütün bunlara görə travma keçirdi".

O gün hava limanına intihar hücumları edildi və 180-dən çox insan öldü. İngiltərənin təxliyə planı sürətlə dəyişdirildi, Cəfər və ailəsi o qapıdan keçə bilmədi.

Onun da əlində sadəcə ARAP proqramına müraciət etdiyinə dair bir referans nömrəsindən başqa heç nə yoxdur.

Səsi titrəməyə başlayan Cəfər davam edir:

"Onlarla işlədim, onların işlərini asanlaşdırdım. Əfqanlar onlardan bizim sayəmizdə nifrət etmirlər, çünki biz bu layihələrə icazə vermələri üçün əfqan xalqını razı saldıq. Təhdidlərə sinə gərdik və indi beləcə kənarda qalmışıq. Dünyada təhlükəsiz və şərəfimlə yaşaya biləcəyim bir yer yoxdur".

Əfqanıstan Taliban qadın haqları əsgər uşaqlar insan haqları britaniya əsgəri

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Əfqanıstandakı Britaniya qüvvələri üçün təxminən 2850 əfqan tərcüməçi kimi çalışıb.

Britaniya hökuməti ötən ilin avqust ayında Taliban idarəni ələ keçirdikdə 15 min nəfəri ölkədən təxliyə etdi. O gündən bu yana keçən bir ildə isə beş min nəfər daha təxliyə edildi.

Amma daha minlərləsi hər gününü qorxu içərisində keçirərək gözləyir. Bir ümid, yaxşı bir xəbər gözləyərək tez-tez elektron poçtlarını yoxlayırlar.

Nuriyə deyir: "İngiltərə hökuməti üçün çalışmaqdan qürur duyardım, amma indi peşmanam. Kaş ki, onlar üçün heç işləməsəydim, çünki nə bizim həyatlarımıza, nə də gördüyümüz işə dəyər verirlər. Bizi geridə buraxmaqları çox qəddarcadır".

Bu məqalədə təhlükəsizlik səbəbilə real adlar istifadə edilməyib.

  • BBC News
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.